Ölümsüzlüyə aparan yol


Səyadulla Kərimli
Bu yazıya 1055 dəfə baxılıb.

Yaşı da Qarabağ savaşı ilə eynidir. Bəlkə elə bu, bir taledir, alın yazısıdır. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açır.

Malik Piriyev adına orta məktəbi bitirdikdən sonra dərhal da hərbi xidmətə çağırılır. Əsgərlik borcunu şərəflə yerinə yetirir, kəndlərinə dönür lakin rahat qərar tuta bilmir. Vətən uğrunda şəhid olanlar, əsir götürülən bacı və qardaşlarımız, qız-gəlinlərimiz, erməni qəsbkarlarının tez-tez sərhədlərimizə basqını, atəşkəsi pozmaları daim onu narahat edir. Və bütün bunlara dözməyən Mübariz hərbi komissarlığa müraciət edərək, bu dəfə könüllü olaraq cəbhə xəttinə yollanır....

            Deyirlər, Xorasan hökmdarı Hüseyn Bayqara Şah İsmayıl Xətainin könlünü almaq məqsədilə ona bir neçə rəqqasə və şeir-məktub göndərir. Şah İsmayıl onlara baxıb deyir: “Mənim eyş-işrətə vaxtım yoxdur. Mən döyüşçüyəm, mən gərək daimi məmləkətimin ətrafında at cövlan etdirəm, vətənimin keşiyini çəkəm”.

            Böyük sərkərdənin bu sözlərinə heyran olmaya bilmirsən. Bu, ancaq ürəyində böyük vətən eşqi, böyük vətən sevgisi gəzdirən insanların məramı ola bilər. Bu sözləri cəsarət və qəhrəmanlığı insanlığın mühüm şərti sayanlar deyə bilər. Eşq olsun belə övladları yetirən xalqa! Eşq olsun o xalqa ki, onun övladları bu cür məqsəd və məramlarla yaşayır.

            Türk xalqlarının ulu hökmdarı, qüdrətli sərkərdəsi olan Oğuz Xaqan tez-tez dua edirmiş: “Ey Yaradan! Türkü igidlikdə sabitqədəm et! Türkü ərlik davası ilə yaşat! Türkün qəlbini hər şeydən əvvəl, hətta qurşağını çörəklə doldurmazdan qabaq, türklük sevgisi ilə doldur! Aman Tanrım, türkə sağlam iradə ver! Səbrini, təmkinini eyni zamanda qeyrətini artır! Ona əsas səciyyə kimi vəzifə məhəbbəti və cavabdehlik duyğusu ver! Cavabdehliyi türk yurdundan əksik etmə! Ən möhtəşəm qüvvənin türklük olduğunu türkə öyrət!”

            Dahilərin fikrincə əsil qəhrəman ölümə qalib gələndir. Ölümə hazır olana isə qalib gəlmək çətindir.

            Mübariz ölümə hazır idi. O özü bu yolu seçmişdi. Onda hər kəsə nəsib olmayan igidlik istedadı vardı. Və o bu istedadla da öz məqsəd və məramına tez çatdı, qalib gəldi, xalqının, el-obasının, valideynlərinin, bütövlükdə isə Azərbaycanımızın başını uca etdi.

         Mübariz İbrahimov əsil qəhrəmanlıq, igidlik, cəsurluq simvolu kimi yaddaşlarda qaldı. O, ömrünün mənasını yalnız doğma vətənə xidmətdə görürdü və vətəninin uğrunda da şəhid oldu...

            Azərbaycan xalqı əmin ola bilər ki, Mübariz kimi övladları olan vətən heç vaxt darda qalmaz.

 

Səyadulla Kərimli

Yazıçı-Publisist

 


Səyadulla Kərimli
Bu yazıya 1055 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.