ŞƏHİDLƏR əvəzsiz zinətlərdir


Əlif Güldar
Bu yazıya 1075 dəfə baxılıb.

Şəhid din, vətən, torpaq və bayraq uğrunda hər şeydən əziz olan canı Allahın rizasını qazanmaq üçün fəda edəndir. Onlar canlarını verib ölümsüzlük əldə edənlərdir.

Bu yazımızda Anadolu qucağından çıxıb qardaşlarına Allah yolunda xidmət etmək üçün bu torpaqlara gələn və burada xidmət üçün fədakarcasına çırpınarkən ağır yol qəzasında şəhid olan Hafiz Emin Kürşat Yetər qardaşımızı xeyirlə və rəhmətlə yad etmək istədik…

Ərəfatda vəqfədə ikən şəhid olma xəbərini aldıqdan sonra onun üçün qələmə aldığı “ƏLİABADLI MUSAB” adlı yazısında möhtərəm böyüyümüz Osman Nuri Topbaş Əfəndi onu necə də gözəl təsvir etmişdir:

“O an bu mübarək övladı Qafqaz dağlarından Ərəfata hacı olmaq üçün gələn qafilələrə həsrətini ifadə üçün ayağa qalxmış kimi hiss etdim…

Ağ kəfəni gözümün önündə sanki ilahi əmrlə gələn ölüm mələyinə qaldırılmış təslim bayrağı kimi canlandı, sonra da üfüqü bürüyən kül rəngli buludlara qarışdı və Ərəfat səmalarında qeyb oldu. O, sanki büründüyü kəfənlə aramızdakı uzun məsafəni qət etmiş, vəqfəyə durmuş və “əlvida” deyib yavaşca qarşımdakı ehramlı izdihama qarışmışdı. Duası edilən 160 xətmi-şərifdən ona da pay düşdü. Yaşlı gözlərdə və könüllərdə qərar tutdu…

O, əsil ruhu ilə qəhr təcəllilərinin daha çox müşahidə edildiyi günümüzdə, təbiətdəki milyonlarla çınqıl daşın arasında gizlənmiş əvəzsiz bir zinətdi. Ruhunun vəcdini minlərlə kilometr uzaqlara çatdırmağa çalışdı. Qafqazın ətəklərindəki Əliabad kəndinin Musabı oldu.”

Ey Hafiz Emin!

Əbədi səfərin də bir cümə səhəri xidmət eşqi ilə çırpınarkən oldu. Bu, ölümü igidcəsinə qarşılamaqdı. Şübhəsiz ki, sinən Quran, qəlbin imanla dolu idi. Dodaqlarında Rəbbin zikri vardı. Vüslətin mübarək olsun!

Xidmət etdiyi Zaqatala-Əliabad bölgəsinin camaatı: “Hafiz Emin bizim şəhidimizdir, onu burada dəfn etməliyik”,–deyərək möhtərəm ata-anasından izin istəmişdilər. Bu tələbə böyük bir fədakarlıqla müsbət cavab verən ata-ana nə qədər böyük alicənablıq göstərmişdir. Bu böyük fədakar ananın – Münəvvər xanımın qələmə aldığı ürək sözlərini burada paylaşmaq istəyirəm.

… O zaman oğlumu itirdiyimi anladım. Mənə çox ağır gəldi. Artıq balam aramızdan qeyb oldu, bir daha onu dünyada görə bilməyəcəyəm. Allahım, mənə səbir ver. Cənnətə qovuşdur. 2 ay keçsə də, içimdəki atəş heç cür sönmür. Balama həsrət qaldım. Doyunca dərdləşə bilmədim. Amma sevgisi qəlbimdədir, unuda bilmədim. Əziz balam, səni heç cür unuda bilmədim.

Hər yerdə xəyalını görürəm. Hər yerdə xatirən var. Artıq telefonda səsin gəlmir. Artıq “anacan necəsən?” -demirsən. Sağ olsaydın “anacan, bir ehtiyacın varmı?” deyərdin. Bəlkə də səsini eşitmək ümidilə gözləyirəm.

Hafizim, sən evimin nuru, günəşi, parlaq ulduzu idin. İndi anan qəlbi qırıq, bağrı yanıq, durmadan səni xəyal edir. Qovuşmağımız axirətə qaldı. Hər an sənə dua edirəm, şəhidim. Bizi orada qarşılayarsan inşallah. Çaşqın-çaşqın, Yunus kimi dolaşıram. Yunus necə də gözəl deyir:

Mən yürürəm yana-yana, eşq boyadı məni qana,

Nə aqiləm, nə divanə, gəl gör məni eşq neylədi?

 

                      ANASINDAN XATİRƏLƏR

Hafiz Kürşat Eminin doğumundan 17 gün əvvəl evimizin qarşısında alça ağacının altında oturub Quran oxuyurdum. Gözəl bir bahar günü idi. Bircə dənə də bulud yox idi. Bu əsnada üstümə sanki parlaq qar dənələri yağdığını hiss etdim. Tezliklə yox oldu. Bu hadisə diqqətimi çəkdi və məsələni evin sahibi olan nənəyə danışdım. O da:

  - Çox gözəl. Gözünə mələklər görünüb, onlar səni qoruyur. Uşağın oğlan və hafiz olacaq, -dedi.

Subay ikən son gəlişi idi. Əlində əşyalar vardı, qapının zənginə basdı. Mən də mətbəxdən qaçaraq qarşıladım. Onu alnından öpərkən (Həmişə öpəndə mücahidim deyirdim) səhvən ağzımdan “Şəhidim” kəlməsi çıxdı. Tez üzr istədim, ağzımdan səhvən çıxdığını dedim. O isə:

 - Üzr istəyəcək nə var? Allah söylətmişdir, çox gözəl, -dedi.

Hafizin vəfatından bir gün əvvəl çərşənbə günü evdə Fəth surəsini oxuyurdum. Hafizin cismi olduğu kimi qarşıma gəldi. Mən yüksək səslə:

- Hafizim, yaxındasan? Yanıma gəlirsən hər halda! -dedim. Gözümdən itdi. Fəth surəsini oxuyub qurtardım. Bir kitab axtarmaq üçün evimizdəki ibadət otağına keçərkən qapının yanında bir daha qarşıma çıxdı. Az qala toqquşacaqdım. “Hafizim!” dedim, qeyb oldu. Daha əvvəlki gəlişində olduğu kimi mənimlə zarafat etdiyini sanaraq evin bütün otaqlarını axtarmağa başladım. “Hafizim, gizlənmə, çıx görək”, -dedim.

Hafizin qəza keçirdiyi gün gecənin yarısına qədər Qurani-Kərim oxudum. Ürəyim sıxılırdı. Heç cür rahat ola bilmirdim.

… Səhəri gün şəhadət xəbərini aldıq…

Bu vəsilə ilə müqəddəs dəyərlər uğrunda canını fəda etmiş hər kəsə, xüsusilə Kərbəla şəhidlərinə, Qarabağ və 20 Yanvar şəhidlərinə, o cümlədən Emin Kürşat qardaşımıza Allahdan rəhmət diləyirik!  

 


Əlif Güldar
Bu yazıya 1075 dəfə baxılıb.