Qəmər xanım Cavadlıyla Müsahibə


Reportaj
Bu yazıya 1365 dəfə baxılıb.

Cavadlı Qəmər xanım Aydın qızı 1960-cı ildə Bakıda anadan olub. Azərbaycan İncəsənət institutunu  bitirib. Mədəniyyət Nazirliyinin sosioloji tədqiqatlar şöbəsində, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat və informasiya xidmətində çalışıb. 1991-1994-cü illər ərzində “İslam” qəzetində və “Qafqazinform” mərkəzində əməkdaşlıq edib. 1995-1997-ci illərdə Türkiyə Diyanət Başkanlığına ezam olunub. “İslam və KİV” monoqrafiyasının, 20-dən artıq publisistik və 10-a yaxın elmi məqalənin müəllifidir. 1994-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatına layiq görülüb. Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə sədr müavini vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.

      Qəmər xanım, Qafqaz Müsəlmanları İdarəsinin tarixində bu vəzifəyə qadının təyin olunması bir yenilikdir. Bu idarəyə gəlişiniz necə oldu?

Bu sahədəki uğurlarım, Allahın mənim qarşımda açdığı yol bəzən çoxları üçün təəccüblü görünür. Sovet dönəminin təhsil və təcrübəsinə yiyələnmiş bir insanın öz yönümünü dəyişməsi müəyyən bir mənəvi sarsıntıya, sınma məqamına bağlana bilərdi. Bu mənada həyatımın dəyişmə nöqtəsi 1990-cı ilin 20 yanvar hadisələri ilə bağlıdır. Bilirsiniz ki, həmin faciəli günlərdə respublikada bütün idarələr fəaliyyətlərini dayandırmışdılar. Dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin işləmədiyi bir dövrdə xalqın üz tutduğu yeganə ümid ocağı – Qafqaz Müsəlmanları İdarəsi idi. İnsanın Allahdan başqa heç kimə ümidi olmadığı günləri yaşayırdıq. Çox böyük inamla, məhəbbətlə bu idarəyə gəldim. Burda xalqımız üçün nə isə bir şey edə biləcəyimi düşünürdüm. Biz dönəmimizin ən böyük faciəsini yaşamışdıq. Bu günə qədər hesab edirəm ki, 20 yanvar xalqımıza qarşı edilən təhqir idi. 20 il keçməsinə baxmayaraq o təhqirin cavabsız, hadisəni törədənlərin, məsul səbəbkarların cəzasız qalmasını hələ də içimdən çıxmayan sağalmaz yara hesab edirəm. Bununla bərabər, o günə minnətdaram. O gün, gözümüzün açılmasına, dostu düşməndən ayırmağımıza bir vəsilə oldu. Və o zamandan etibarən mən taleyimin yeni dönəmini öz doğma kollektivimlə - Qafqaz Müsəlmanları İdarəsi ilə birgə yaşamağa başladım.

    Qəmər xanım, görürəm ki, Sovet hakimiyyəti Azərbaycan xalqının hər övladı kimi sizin də içinizdə sağalmaz bir yara qoyub. Sizcə Sovet hökuməti milli-mənəvi və dini dəyərlərimizə necə təsir etdi?

     Bilirsiniz ki, 1920-ci il aprel ayının 28-də Sovet imperiyasının Azərbaycanı zəbt etməsi ilə ölkəmizdə bütün milli-mənəvi dəyərlər süquta uğradı, dini imtiyazlar və ruhani təsisatlar ləğv olundu. 1823-cü ildən etibarən çar II Aleksandrın fərmanı ilə öncə Tiflisdə, daha sonralar Bakıda fəaliyyət göstərən Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi də bağlandı. Həqiqətlərin yerini dini xürafələr və fanatizm tutdu. Sovet rejimi öz ideologiyasını insanların şüurunda yerləşdirmək üçün 1920-ci ilin mayında məktəblərdə və mədrəsələrdə dini təhsili, ibadətlərin, dini ayinlərin icrasını qadağan etdi. Həcc zəvvarlığına, İran və İraqdakı müqəddəs yerlərin ziyarətinə qadağa qoyuldu. Azərbaycanın Sovetlər Birliyinə daxil olmasından sonra Azərbaycan müsəlmanlarının digər İslam ölkələrilə əlaqəsi tamamən kəsildi.

  Qəmər Xanım, XX əsrin əvvəllərində Azərbaycan əhalisinin demək olar ki, hamısı müsəlman idi. Sovetlər din xadimlərinə qarşı hansı tədbirləri gördülər?

    Din xadimləri fəaliyyətlərinə rəsmən xitam verməyə məcbur olunurdular. Onlar dinə xidmət etməyəcəklərini, inanmadıqlarını bəyan edib yazılı ifadə verməliydilər. Etiraz edənlər  ya öldürülür, ya da sürgünə göndərilirdilər. Din xadimlərindən qazi Məmmədkərim Mir Cəfər oğlu, Rza Əfəndi Qədirov, Hafiz Ramazan Əfəndi kimi bir çoxları 1937-38 illərdə Sovet terrorunun qurbanları oldular. 

  Azərbaycanda İslam dininə qarşı mübarizədə ən mühüm və ən təsirli vasitə məscidlərin bağlanması idi. Sovetlərə qədər Azərbaycanda 3000-ə yaxın məscid var idisə, 1944-cü ildə bunlardan sadəcə 22-si qalmışdı. Bağlanan məscidlər ya tamamən dağıdılır, ya da kinoteatr, ambar, aptek kimi müxtəlif obyektlər şəklində istifadə olunurdular.

    Sovet hökumətinin islam dininə qarşı əsas silahı ateizm idi. Ateizmin tədrisi və təbliği insanlara qarşı nə dərəcədə təsirli oldu?

   Ateizmin yaranması və inkişafı ictimai-tarixi şəraitlə bağlı olur. Bu mənada sovetlərin süzgəcindən keçirilmiş ateist fəlsəfə bütün din və dini görüşlərə qarşı yönəldilmiş marksizm-leninizm ideologiyasının tərkib hissəsi sayılmalıdır.

   Hər bir ideoloji tendensiya kimi ateizm təbliğatının da özünəməxsus metodoloji imkan və vasitələri olmuşdur. Mühazirələr, əyani və şifahi təbliğat kampaniyaları ilə uzun illər ərzində əhalinin təfəkküründən dini təmayülləri pozmağa, mentalitetindən milli-mənəvi ünsürləri azaltmağa çalışırdılar. Ali təhsil ocaqlarında “elmi ateizm” dərslərinin tədrisinə nisbətən gec, təxminən 60-cı illərdən başlanmışdı. Sözsüz ki, təbliğatın gücü və avtoritarlığı sayəsində əhalinin səbatsız bir qismini dindən çevirə bildilər. Lakin xalqımızın böyük əksəriyyəti öz qədim və müqəddəs dinindən dönmədi, gizli də olsa dini ibadətlərinə və adətlərinə riayət etməyə davam etdi.

Necə düşünürsünüz, Sovet imperiyası xalqımızın dinini, adətini əlindən ala bildimi?

Azərbaycan xalqı unikal toplumdur, ona nəyisə qadağan etdirmək mümkün deyil. Sovet imperiyası da buna nail ola bilmədi. Çox çətinliklə də olsa xalqımız öz dini mənsubiyyətini qoruyub saxlaya bildi. İnsanlar qadağalara baxmayaraq dini ayinlərə riayət edir, gizli belə olsa adətlərinə sadiq qalırdılar. Mənim xatirimdədir ki, mənim uşaq vaxtlarıma təsadüf edən, dini inanclarına görə təqiblərin çox güclü olduğu 60-ci illərdə nənəm əlimdən tutub məni  Təzəpir məscidinə gətirirdi. Orda dini söhbətlərə qulaq asır, ayin və mərasimlərdə iştirak edirdik. Ailəmizdə dünyəvilik üstünlük təşkil etsə də, ənənəvi jurnalist mühitindən çixmış olsam da, qohumlarımız arasında namaz qılıb oruc tutanlar da vardı və biz bu şəxslərə böyük ehtiramla yanaşmaq ruhunda tərbiyə olunurduq. Əslində belə hesab etmək olar ki, sovet dövrü Azərbaycan xalqı üçün bir sınaq idi. Bu dövrdə belə bizim xalqımız dinindən, adətlərindən dönmədi. Dini inancların itirilməməsi, qanı və canı bahasına qorunub saxlanılması Azərbaycan xalqının böyük fədakarlığı sayəsində mümkün oldu.

     Sovet dönəmindən sonra Azərbaycana axın edən missioner təşkilatlar insanlara nə dərəcədə təsir edə bildilər və dövlət səviyyəsində onlara qarşı hansı tədbirləri görülür?

Bu gün qloballaşma adı altında cəmiyyətlərə yad mədəniyyət və mənəviyyat ünsürlərinin idxal edilməsi böyük fəsadların başlanğıcından xəbər verir. Ən qüdrətli ideoloji silah – dindir, məhz buna görə də Qərb bizi tərksilah etmək üçün dinimizi məhv etməyi qərar verib. Bu işdə onların ən yaxın köməkçiləri missioner təşkilatlarıdır. Missionerlər sovet dövründən sonra cəmiyyətdə yaranmış ideoloji boşluqdan istifadə edib gənc nəslə çox təsir edə bilirlər. Bir sıra sosioloji tədqiqatlara əsasən demək olar ki, dini zəmində psixoloji gərginliyə, mənəvi pressinqə dözə bilməyənlər arasında sui-qəsd halları, boşanmalar, qətllər baş verir. Cəmiyyətimizə və milli-mənəvi mentalitetimizə verdikləri ziyanları saymaqla bitirmək olmaz. Təəssüf ki, bu vəziyyətin yaranmasında özümüz günahkarıq. 1992-cı ildə Dini etiqad azadlığı haqqında qəbul olunan Qanundakı boşluqlardan qeyri-ənənəvi dini təriqətlər və xaricdən maliyyələşdirilən missioner təşkilatları istifadə etdilər.  Yalnız 1996-cı ildə Qanuna olan əlavə və dəyişikliklərin əsasında onların fəaliyyəti məhdudlaşdırıldı, amma 4 il ərzində təəssüflər olsun ki, onlar müəyyən qədər yayıla və məskunlaşa bilmişdilər. Bir sıra dövlətlərin müvafiq qanunlarına əsasən tarixi ənənəsi olmayan dini təşkilatlar ölkə daxilində fəaliyyət göstərə bilməz. Onların dövlət tərəfindən qeydə alınmasına icazə verilmir. Təəssüflər olsun ki, bu gün Azərbaycanda həm qeyri-ənənəvi dinlərin, həm də İslam dini adı altında pərdələnmiş təfriqəçi təşkilatların bizim gənclərə təsir etmək imkanları çox genişdir. Bu təşkilatlar dinimizi parçalayır, insanlar arasında münaqişələrə səbəb olurlar. Bu gün dünyada antiislam əhval-ruhiyyəsinin hökm sürməsinin şahidiyik.  Biz gərək nə yadlara, nə də sapı özümüzdən olan “baltalara” imkan verməyək ki, Allahın bizə əmanət etdiyi gözəl dinimizə xələl gətirsinlər.

  Qəmər xanım Bizim ailə olaraq sizə minnətdarlığımızı bildiririk.

Mən də Sizə və bütün yaradıcı heyyətinizə minnətdaram ki, zərif çiyinlərinizdə çətin yük daşımağa, cəmiyyətimizin mürəkkəb problemlərindən olan ailə mövzusunu əxlaqi aspektdən işıqlandırmağa çalışırsınız. Bizim buna çox ehtiyacımız vardır və mən əminəm ki, inşallah, fəaliyyətiniz hər zaman uğurlu olacaqdır.

 


Reportaj
Bu yazıya 1365 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.