Sənə yazdığım ilk namədir bu....


Mətanət Kərimova
Bu yazıya 846 dəfə baxılıb.

Sanki bir qəriblik sarıb bütün kainatı. Hər kəsin beynində fərqli bir fikir, hər kəsin belində başqasına daşıtdırmaq istədiyi bir yük. Çox şeylər dəyişib o dövürdən bu dövrə qədər keçən zamanda. Çox şeyin dəyişməsinə baxmayaraq, hər şey dəyişməyib həqiqətdə. Yenə ətrafda yüzlərlə Əbu Ləhəblər, saysız Əbu Cəhllər öz çirkin işvələrini yeridir insanlar arasında. Yenə kasıb və kimsəsizlərin haqqı tapdanır, arxası və imkanı olan kəslərin adı təriflərlə yad edilir. Sevgi nifrətə, dostluqlar düşmənçiliklərə verib öz yerlərini. Ağlayanın göz yaşını silən, kasıbın qarnını doyuran, dini ehkamları layiqincə yerinə yetirən tək-tək sayılacaq qədər azalıb ümmətin arasında. Yollar çoxalıb, hansı səmtə gedəcəyini bilmir ümmətin. Halallar harama, haramlar halala qarışıb cəsədin qara torpağa qarışdığı kimi. Günah bataqlığında batmamaq üçün əl atıb tutacağımız əsas vasitələrdən uzaq salmışıq özümüzü. Qurani-Kərimdən yas mərasimlərində, sənin sünnətindən demək olar ki, sadəcə məscidlərdə istifadə edilir.  Quran oxuyana molla, namaz qılıb oruc tutanlara keçmişdə qalmış insan müamiləsi göstərilir cəmiyyətimizdə.

            Sənsizlik hər şeyi məhrum edib öz-özlüyündən. Keyfiyyət kəmiyyətdən arxada qaldı o gündən bu günə. Zahirə görə hökm verildi, mənəviyyat ayaqlar altında tapdaq oldu sahibsizliyindən. Haqsızlar haqlılar üzərindəki qalibiyyətlərinin sevincini yaşayır hardasa. Faiz insanların qazancına, rüşvət həyatlarının bütün sahələrinə təmas edib artıq. Spirtli içkilər marketlərin vitrinlərini, əxlaqsızlıq insanların qəlbini doldurur zəmanəmizdə. Elmin yerində müasir kompyuter oyunları, mənəvi məclislərdə riya sindiromu cövlan edir rahatlıqla.  Qohumlar arasında əlaqələr kəsilmiş, qardaş öz doğma qardaşından yan gəzir nədənsə?  Ata-anaya edilən ən böyük hörmət, onların qocalar evinə qoyularaq övlad acısına mübtəla olmalarıdır artıq. İndi mənəvi sükut içərisində qıvrılır səsli-küylü küçələr. Hər tərəf çoxluqlar içərisində öz təkliyini yaşayır hıçqıraraq.

1400 il bundan əvvəlki kimi  bu gün yenə sənə möhtacdır hər yeni açılan sabah. Hər zərrə  dəyər qazanmaq istəyir sənin varlığınla. Səninlə doldurmaq istəyir günlər öz boşluqlarını. Axan sular sənin əlinə toxunaraq durulmaq istəyir həyəcanla. Sənin günəş nurunu arxada qoyacaq nurlu simana əl açmış bütün nura möhtac qalmış zülmətlər. Səmadakı buludlar sənin üzərinə endirmək istəyir rəhmət damlalarını. Bar vermiş ağaclar sənin dodaqlarına toxundurmaq  istəyir öz meyvələrini. Lüzumsuz  ayaqlar altında öz dəyərini itirmiş qara torpaqlar, sənin qədəmlərin altında qalıb şərəflənmək istəyir rəhmətinlə. Açılan qönçələr sənin qoxundan almaq istəyir öz qoxularını. Səmada hər qanad çalan quş, sənin eşqinlə yüksək zirvələri fəth edir ətrafa səs salaraq.  Əsən küləklər sənin tellərini oxşamaq istəyir tək-tək.

İndi doğum günlərində yandırılan şamlar sənin həsrətinlə yanmaq istəyir sənin doğum günündə. Hər görən göz səni görmək istəyir hər baxdığı yerdə. Atasız-anasız körpələr sənin sığalını görmək istəyir öz başları üzərində. Kiçiklər rəhmətinə, böyüklər hörmətinə möhtacdır indi. Günü gündən boşalan məscidlər bərəkətinlə doldurmaq istəyir namazgahlarını.  Cəmiyyətimiz əvəzedilməz  mənəvi iqliminə möhtacdır hər şeydən çox.  

Budur, Ya Rəsulullah, bizim yaşadıqlarımız. Sən bizi qoyub getdiyin gündən çox şeyi dəyişdirdik müasirləşirik deyə. İndi sənin ümmətin elə bir həyat şəraiti yaşayır ki, bir gün evimizdə qonağımız olsan sənin qarşına çıxacaq üzümüz olmayacaq. Həyatımızı, ümumiyyətlə həyat şəraitimizi elə dəyişdirdik ki, sən bizi görsən tanımayacaqsan. Bəlkədə ümmətim belə deməyəcəksən. Axı sənin kimi ola bilmədik biz həyatımızda. Dinimizə, dinimizin ehkamlarına qərib davranmağa başladıq artıq. Hər şey dilimizdə, hər şey zahirimizdə qaldı. Dediklərimizin və etdiklərimizin mənəvi hissiyyatı qəlbimizə nüzul etməyə çətinlik çəkdi.

Sən dünyaya göz açdığın gün, şərəfləndirmişdin bütün kainatı. Dünyada çox yeniliklər meydana gəlmişdir sənin dünyaya gəlişinlə. Batillər ayaqlar altına, haqq ədalət baş üzərinə qaldırılmışdı o tarixdə. Ya Rəsulullah, bu gün o gündür. Bu gün o gün kimi dünya sənə möhtacdır. Gəlişinə, varlığına, əminliyinə, haqqına, ədalətinə, iffətinə namusuna möhtacdır dünya.  Bu gün ən böyük arzumuz səni görmək, sənin şəfaətinlə şərəflənməkdir xoşbəxtlikdən, Ya Rəsulullah! Görüşmək ümidiylə sənə yazdım bu naməmi. Bu ilk olsa da son olmayacaqdır. Gördüklərimi və dərd etdiklərimi səninlə bölüşəcəm daima. Məni ən yaxşı sən anlayarsan, Ya Rəsulullah!  Dərin hörmət və sevgilərimlə...


Mətanət Kərimova
Bu yazıya 846 dəfə baxılıb.