Səadət Dövründən Xatirələr UHUD


Osman Nuri Topbaş
Bu yazıya 1013 dəfə baxılıb.

İnsanın mayası ilahi biliklər və həqiqətlərlə dolmuş, varlıq xəmiri dini sevinclərlə yoğrulmuşdur. Buna görə də Haqqa iman və etiqad Adəmdən (ə.s) başlamış və o  ilk insan, ilk peyğəmbər kimi göndərilmişdir. Həzrət Adəm (ə.s) ilə başlayan iman nuru, peyğəmbərlərin bərəkətli bir hidayət qığılcımı Həzrət Məhəmmədlə (s.ə.s) kamilliyə çatmışdır. Onun qiyamətə qədər davam edəcək olan risalət nuru bəşəriyyəti aydınladacaq ən böyük ilahi nemətlərdən biridir.  Bir çox cahiliyyət insanı onun təbliği ilə hidayət tapmış, onun tərbiyə və ruhaniyyəti ilə uca şəxsiyyət halına gəlmiş, fədakarlıq, şəfqət, mərhəmət, eşq və xeyirxahlığın bənzərsiz misallarını sərgiləmişlər.

Allahı tanımaq ülvi bir səadət vəsiləsidir. Cahan bu səadət lütfləri ilə açılmışdır. İlahi əzəmət və qüdrət nuru ilə dolu olan kainat bəndələr üçün imtahan hikmətləri əsasında yaradılmışdır.

Mərifətullah, yəni Allah-təalanı qəlbən tanımaq ancaq ilahi məhəbbətlə mümkündür. İnsanın həqiqi səadəti də mərifətullah və ilahi məhəbbət sevinclərində təzahür edir.

Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur:

“Kim Allaha qovuşmağı sevərsə, Allah da ona qovuşmağı sevər. Kim də Allaha qovuşmaqdan xoşlanmırsa, Allah da ona qovuşmaqdan xoşlanmaz!”

Bu barədə Həzrət Aişə (r.a) Həzrət Peyğəmbərdən (s.ə.s) belə soruşdu:

“- Ya Rəsulallah! Ölümdən xoşlanmamaq halı da buna daxildirmi?” Heç birimiz ölməkdən xoşlanmırıq!”

 Rəsuli-Əkrəm (s.ə.s) belə cavab verdi:

“- Xeyr, belə deyildir. Lakin, mömin (ölüm gələndə) Allahın rəhməti, rizası və cənnəti ilə müjdələndiyi vaxt Allaha qovuşmağı çox istəyir. Allah da ona qovuşmağı istəyir. Kafirsə ölüm ona gələndə Allahın əzabı və cəzası ilə müjdələnir. Buna görə də o, Allaha qovuşmaqdan xoşlanmır, Allah da ona qovuşmaqdan xoşlanmır”. (Buxari, Riqaq, 41; Müslim, Zİkr, 14)

Məhz Allaha məhəbbət nəticəsində səviyyəli bir bəndə olub, bunun müqabilində Allahın məhəbbətinə nail olmaq üçün həyatın imtahanları qarşısında səbr etmək, tarazlığı və Haqqa bağlılığı pozmamaq, qəlbə mərifət və tövhidi yerləşdirmək, bütün bunları dərindən hiss edərək, araşdıraraq vəhyin xoş ab-havası içərisində reallaşdırmaq lazımdır.

Haqqa yaxınlaşmağın ən möhtəşəm təzahürlərini səhabələrdə müşahidə edirik. Çünki onlar bu yüksək səviyyəyə Allah Rəsulundan (s.ə.s) aldıqları müsbət enerjini özündə əks etdirərək və Onun risalət nurunu öz könül dünyalarına köçürərək nail oldular. Bu əksolunma nəticəsində onlar “Haqqa yaxınlıq və vüsal” istəyi ilə zirvəyə ucaldılar. 23 illik peyğəmbərlik dövründə bu maddi və mənəvi həyəcanın göstərildiyi bərəkətli məkanlardan biri də Uhud oldu. Uhudda göstərilən iman ləzzəti və gözəlliyinin təzahürlərindən  bir neçəsi belədir:

Müharibə qurtarandan və müşriklər Uhudu tamamilə tərk edəndən sonra səhabələr Allah Rəsulu (s.ə.s) ilə birlikdə  döyüş meydanına gedərək şəhidləri dəfn etdilər. Düz yetmiş nəfər şəhid olmuşdu. Şəhid olanlar arasında Həzrət Həmzə (r.a) kimi cəngavərlər və Musab ibn Ümeyr (r.a) kimi igidlər də var idi.

Musab ibn Ümeyr (r.a) Rəsulullahı (s.ə.s) qoruduğu vaxt şəhid olmuşdu. Bundan sonra mələklərdən biri Həzrət Musabın (r.a) cildinə girərək bayrağı əlinə almışdı. Həzrət Peyğəmbər (s.ə.s) isə onun şəhadətindən xəbəri olmadığı üçün bayraqdara xitab edərək:

“- Təqəddəm ya Musab! (İrəli ey Musab!)”, buyurduqda

Mələk çevrilib baxmış, onun Musab deyil, bir mələk olduğunu görən Həzrət Peyğəmbər (s.ə.s)  o an mübarək səhabəsinin şəhid olduğunu anlamışdı. Daha sonra Musab ibn Ümeyrin (r.a) mübarək cəsədi tapılmış, amma bu dəfə də onun üçün kəfən tapılmamışdı. (İbn-i Səd, III, 121-122)

Nəhayət, balaca da olsa kəfən tapıldı. Fəqət onunla başı örtüləndə ayaqları, ayaqları örtüləndə başı açıq qalırdı. Vəziyyəti Allah Rəsuluna xəbər verdilər. Dünyanın fəxri Həzrət Məhəmməd (s.ə.s) mübarək şəhidin başının kəfənlə, açıq qalan ayaqlarının isə gözəl qoxulu otlarla örtülməsini əmr etdi. (Bax., Buxari, Cənaiz, 27)

Halbuki, Musab ibn Ümeyr (r.a) Məkkənin ən yüksək təbəqəli və zəngin ailələrindən birinin övladı idi. Bütün Məkkə gəncləri ona qibtə edirdilər. Hətta gənc qızlar onun keçdiyi yollara gül səpirdilər. O isə müşrik olan ailəsinin qadağalarına baxmayaraq, Allah Rəsulunun könlündə yer tutmaq üçün bütün dünya ləzzətlərindən üz çevirmişdi. Ailəsinin onu mirasdan məhrum edəcəkləri təhdidinə əhəmiyyət verməmiş, böyük sərvət və dünya malı gözündə və könlündə bütün dəyərini itirmişdi. Çünki Allah Rəsuluna o qədər böyük bir heyranlıq və məhəbbətlə bağlanmışdı ki, dünya onun gözündə bir “heç” halına gəlmişdi.

Həqiqətən bəşər oğlu ən ağır əvəzi məhəbbəti uğruna fəda edər. Bu fani dünyada ödənilən ən ağır əvəz isə ilahi məhəbbətin qarşılığıdır. Buna görə də səhabələr və onların yolu ilə gedən Haqq dostları bir ömür boyu məhəbbətlərinin əvəzini ödəmək üçün çalışıb bu həyəcan içində yaşadılar. Beləliklə, onlar  Allah  və Rəsulu ilə dost olmağın ülvi ləzzətinə qərq oldular. Məhz Allah və Rəsulullah məhəbbətinin ağır qarşılığı, bir iman ləzzəti və zövqlə ödəyən islam qəhrəmanları içində Həzrət Musab (r.a) müstəsna bir ucalıqdır. Belə ki, Həzrət Əli (r.a) belə buyurur:

“Biz Peyğəmbərlə (s.ə.s) birlikdə məsciddə oturmuşduq. Musab ibn Ümeyr gəldi. Üzərindəki kürk parçalarıyla yamaqlı xirqəsindən (əbasından) başqa əynində bir şeyi yox idi. Allah Rəsulu Musabı görüncə onun Məkkədə nemətlər içindəki vəziyyəti yadına düşdü, göz yaşlarını saxlaya bilməyib ağladı və sonra belə dedi:

“- Biriniz səhərləri bir, günortadan sonra başqa gözəl paltar geydiyi, qabağına bir boşqabın qoyulub o birinin götürüldüyü, evlərinizi Kəbənin örtüldüyü kimi örtülərə büründürdüyünüz (yəni dünya ləzzətlərinin ixtiyarınıza verildiyi) zaman halınız necə olar?!”

Səhabələr:

“- Ey Allahın Rəsulu, təbii ki, o gün halımız bu günkündən daha yaxşı olar. Çünki o zaman (bu günkü sıxıntılarımız və) kiçik dərdimiz olmaz, özümüzü tamamilə ibadətə verərik”, - dedilər.

Rəsulullah (s.ə.s):

“- Əksinə bu gün siz, o günkündən daha xeyirli haldasınız”,- deyə cavab verdi. (Tirmizi, Qiyamət, 35/2476)

Sıxıntı və məşəqqətli zamanlarda səmimi bir könüllə ifa edilən islami mübarizə insanların haqqı və xeyri məşəqqətsiz bir şəkildə ifa etdiyi rahatlıq və bolluq vaxtlarındakı neçə-neçə xidmətdən daha üstün və fəzilətlidir. Çünki bunun əcri onun dözdüyü məşəqqətlər nisbətindədir.

Uhud döyüşündə Həzrət Peyğəmbər (s.ə.s) in və bütün möminlərin ürəklərini yandırıb könüllərini hüznə qərq edən hadisə şübhəsiz ki, islam ordusunun misilsiz qəhrəmanı, Allahın aslanı Həzrət Həmzənin (r.a) qəddarlıqla şəhid edilməsi olmuşdur.

Döyüşün axırına yaxın Həzrət Safiyə (r.a) qardaşı Həzrət Həmzəni görmək istədi. Bu niyyətlə şəhidlərin olduğu tərəfə getdi. Oğlu Zübeyr onu qarşılayaraq:

“- Ana! Rəsulullah geri qayıtmağını əmr edir”, - dedi.

O isə:

“- Niyə? Ona görə ki, qardaşımı görməyim? Mən onun necə faciəli halda kəsilib doğrandığını bilirəm. O, Allah üçün bu əziyyətə düçar oldu. Onsuz da bizi bundan başqası təsəlli edə bilməzdi. İnşallah, səbr edib əcrini Allahdan gözləyəcəyəm”, - dedi.

Zübeyr gedib anasının dediklərini Rəsuli-Əkrəmə (s.ə.s) çatdırdı. Rəsuli-Əkrəm:

- Elə isə qoyun görsün”, - buyurdu. Safiyə (r.a) də şəhidlik zirvəsi şərəfinə nail olan qardaşının cansız bədəninin yanına gələrək ürəkdən dua etdi. (Baxın, İbn-i Hişam, III 48; İbn-i Həcər, əl-İsabə, IV, 349)

Uhudda yaşanan və bənzərinə rastlanılmaz bu din qardaşlığı mənzərəsini Zübeyr ibn Əvvam (r.a) belə nəql edir:

“Anam Safiyə yanında gətirdiyi iki əbanı çıxarıb:

- Bunları qardaşım Həmzəni kəfənləməniz üçün gətirdim”, - dedi.

Əbaları götürüb Həmzənin yanına getdik. Onun yanında ənsardan bir şəhid də vardı və hələ də onu örtəcək bir kəfən yox idi. Əbaların ikisini də Həmzəyə ayırıb ənsarı kəfənsiz qoymaqdan utandıq. Onun birini Həmzəyə, o birini də ənsardan olana ayırmaq qərarına gəldik. Əbalardan biri böyük, biri kiçik olduğu üçün aralarında püşk atdıq”. (Əhməd, I, 165)

Bu duyğulu mənzərədən də göründüyü kimi, artıq qohumluq hissləri yerini iman qardaşlığına vermişdi. Beləliklə, əshab tərəfindən qiyamətə qədər gələcək bütün möminlərə din qardaşlığını yaşama həyəcanı məhz belə göstərildi.

Peyğəmbərimiz (s.ə.s) insan nəslini öz həqiqəti ilə birlikdə Rəbbinin zat və sifət həqiqətləri ilə də tanış etdi; təbliğinə könül verən möminlərin daxili dünyalarını dərinləşdirdi. Səssiz kainatı dilə gətirdi. Cəmadatın (cansızların) gizli dillərinin təsbih və dualarını çatdırdı. İnsanlıq heysiyyətini itirmiş könüllərə səadət xəzinələrinin açarını, cənnət müjdəsini və ilahi hüzura vüsalın rəhbərliyini lütf etdi. Dünyadan Onun məhəbbəti ilə köçmək qiyamət gününün səadəti oldu. Ona olan bu ülvi məhəbbət imanını kamilləşdirdi.

Allah və Rəsulullahın (s.ə.s) məhəbbəti qəlblərimizin tükənməz xəzinəsi və doyulmaz ləzzəti olsun.

 

 


Osman Nuri Topbaş
Bu yazıya 1013 dəfə baxılıb.