Maddi və Mənəvi Baxımdan DƏSTƏMAZ


Fatimə Çinar
Bu yazıya 903 dəfə baxılıb.

Allah-Təala,  hüzuruna çıxan mömin qullarının dəstəmaz alaraq maddi və mənəvi çirklərdən təmizlənmələrini istəməkdədir. Bu səbəblə, namaz və təvaf kimi ibadətləri yerinə yetirmək üçün öncə dəstəmaz almağı qullarına fərz etmişdir.

“Müsəlman” adı daşıyan insanların ən önəmli xüsusiyyəti təmizlik olduğu üçün, qiyamət günündə də dəstəmaz üzvləri nur saçacaq və Rəsulullah -Sallallahu əleyhi və səlləmin ümmətindən olduqları bu xüsusiyyətlərdən müəyyən olunacaq. Bunu bilən möminlər dəstəmazı ən gözəl şəkildə almağa diqqət yetirmişlər.

Peyğəmbər əfəndimiz -Sallallahu əleyhi və səlləm- bir hədisi şəriflərində belə buyurmaqdadır:

“ Bir kimsə gözəl bir şəkildə (əskiksiz) dəstəmaz alarsa dırnaqlarının altına qədər bədənindən günahları tökülər”.

Yenə bir hədisi-şərifində belə buyurmuşdur:

'' Kim gözəl bir dəstəmaz alıb yatağa dəstəmazlı yatsa, o gecə bir mələk səhərə qədər “Allahım sən bu qulunu bağışla! Çünki o dəstəmazlı olaraq yatdı” deyə dua edər''

Digər bir hədisi-şərifdə isə:

''Kim dəstəmazlı ikən yenidən dəstəmaz alsa, dəstəmazını təzələsə onun üçün on dəstəmaz savabı yazılar''.

Dəstəmazın mənəvi faydaları olduğu kimi sağlamlıq baxımından da bir çox faydaları vardır. Dəstəmazı əvvəlcə Rəbbimizin razılığını və mənəvi faydalarını, sonra da sağlamlığımız baxımından əhəmiyyətini düşünərək alsaq hər yöndən bizə faydalı olmuş olar.

Bədən toxumaları və hüceyrələrinin yaxşı qidalanması üçün qan dövranını təmin edən damarların təbii elastikliklərinin qorunmasında və damar sərtlikləriylə tıxanmaların önlənməsində dəstəmazın rolu böyükdür. Bədənlə fərqli istilikdəki suyun, dəriyə təmas etməsiylə damarlar açılıb bağlanaraq elastiklik qazanar. Damarlarda daralma və tıxanmağa gətirib çıxaran bədən toxumalarındakı yığılmış artıq maddələrin daha çox əl, ayaq və üz bölgələrində olduğu nəzərə alınsa, dəstəmaz alarkən yuyunmaq üzrə bu orqanların seçilməsindəki hikmət daha yaxşı aydın olar. 

Ağız, burun və boyun iki yanının su ilə təması da xüsusilə beyində qan dövranının güclənməsi baxımından çox faydalıdır.

Dəstəmazda əl və ayaqların yuyulması, bədən mərkəzinə uzaq bölgələrdəki limfa damarlarının dövran sürətini artırmaqla yanaşı, limfa sisteminin ən əhəmiyyətli bölgələri olan üz, boğaz və burnun yuyunması da bu sistemə əhəmiyyətli bir mesaj və güc qaynağı olar.

Beləliklə, dəstəmaz damar sisteminə elastiklik qazandıran, ürək və dövran təzyiqini rahatlaşdıran, beyin və sinir sistemini bütün keyliklərdən qurtaran möcüzə bir reseptdir.

İnsan bədənindəki hüceyrələrin ətrafında statik bir elektrik vardır. Havada olan elektriklənmə bədənə təsir edərək sinir sistemi üzərində ciddi narahatlıqlar doğura bilər. Bədəndə artan elektriki atmanın yolu su ilə yuyunmaqdır.

Deməli, dəstəmaz, bədəndəki elektronları təbii yolla çıxardaraq əsəbi gərginlikləri aradan qaldırır, oynaq ağrılarını yox edir, üzə və dəriyə gümrahlıq və gözəllik verir.

Dəstəmazın, əsəbiliyi aradan qaldıran xüsusiyyəti də nəzərimizdən qaçmamalıdır. Bildiyimiz kimi hirsləndiyimizdə qan beynə təzyiqlə qalxır. Bu vəziyyətdə insanın şüuru işləmir. Belə bir kimsənin ilk edəcəyi iş ayaqda isə oturmalı, oturursa uzanmalıdır. Beləcə beynə təzyiqlə qalxan qan yavaş-yavaş normal halına dönər. Üçüncü tədbir də dəstəmaz almaqdır. Dəstəmaz bu vəziyyəti dərhal normala çevirər. Peyğəmbərimiz (s.ə.s) sıxılıb kədərlənəndə və ya hirslənəndə, vaxt itirmədən dəstəmaz alıb iki rükət namaz qılardı.

Bundan əlavə, dəstəmaz əsnasında yuduğumuz üzvlər, bədənimizin ən çox çirklənən yerlərindəndir. Mikroblardan qorunmaq və dəridəki məsamələrin nəfəs alması baxımından dəstəmaz əhəmiyyətli bir rol oynayır.

 

 


Fatimə Çinar
Bu yazıya 903 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.