Xoşbəxtliyin yolları daşlı


Aynur Yücətaş
Bu yazıya 928 dəfə baxılıb.

Xoşbəxtlik sehirli bir kəlimədir... Söyləndiyi an belə insanı hüzurlu edə bilir. Üzündə təbəssüm oyada bilir. Bizlər hər zaman xoşbəxtliyin yollarını axtarmaqdayıq. Əslində xoşbəxtlik çox zaman yaxında olduğu halda bəzən bizdən çox uzaqdadır. Xoşbəxtlik bəzən çox asan əldə edildiyi halda, bəzən inanmadığımız zamanda, çətin anların, sınaqlarla dolu günlərin arxasından gələ bilir. Xoşbəxtlik, şəxslərə görə dəyişən bir qavramdır. Məşhur yazıçı  Oskar Vildi insanların çoxunun  xoşbəxtliyi və bədbəxtliyi onların düşüncələrinə bağlı olduğunu qeyd edir.

  Kimisi səhərləri oyandığında bir gün daha yaşadığı üçün, kimisi günəşi gördüyü üçün, kimisi gözləri, kimisi əlləri olduğu üçün şükür edir. Şükür etmək isə bir səadətdir.

    Həyatın bir imtahandan ibarət olduğunu unutmayaq. Önümüzə çıxan maneələri bir fürsət bilək. Belə etsək nə qədər çətin anlarımız olsa belə biz bütün bunlara həyatın bizim üçün hazırladığı sürprizi, sınağı kimi qəbul etsək o zaman qələbə çalarıq. Xeyr əgər bunları kabus kimi görsək o zaman bizi çətin günlər gözləyir. Həyatın bizə hazırladığı bu sınaqlardan üzü ağ çıxmasaq xoşbəxtliyin dadını ala bilmərik. Sağlığını itirmiş bir insan, yaradanın bizə bəxş etdiklərindən məhrum olan biri bütün bu istirablara baxmayaraq onda olan yaşama həvəsi, həyat eşqi bir gün gələcək və şəfa tapacağı ümidi... Bu istəmə duyğusu və bu ümid gerçək bir uğurdur. Bunu bacarmaq isə xoşbəxtliyin özüdür. Ayaqqabımın olmadığı üçün üzülürdüm, ta ki küçədə ayaqları olmayan adam görənə qədər. (Balzak)

Deməli, insan içindəki özünü aşkar etməsə hər zaman axtarış içərisində olacaq. Hər bir insanın axtardığı şey hüzurdur. Xoşbəxtlik kimilərinə görə maddiyyat, kimilərinə görə isə mənəvi hisslərdən ibarətdir. Amma maddiyyatın verdiyi xoşbəxtliyin ömrü qısadır. Kimisi üçün xoşbəxtlik sağlamlıqdır. Kimisi üçün paylaşmaqdır. Hüzur paylaşdıqca çoxalır. Bəlkə bir çiçək üçün su bir xoşbəxtlikdir. Bir quş üçün uçmaq, bəlkə də könül üçün şükür edərək arınmaqdır xoşbəxtlik. Xoşbəxtlik içimizdə gizlidir. Onu içimizdən çıxaraq və hayqırmasına izin verək. Həyat boyunca bizə yol yoldaşı olması üçün çalışaq.

     Bir sözlə xoşbəxtlik sevməkdir. Çirkinin içində gizli olan gözəlliyi görməkdir. Ən çətin zamanlarda belə şükür etməkdir. Dostlar qazanmaqdır. Bəzən ağlamaqdır. Bəzən gülməkdir. Amma önəmli olan gülməyi bacarmaqdır. Xoşbəxt olmaq üçün istəyək. Bağışlamağı bacaraq. Keçmişdən qurtulub indini yaşayaq. Bu şeylərin olması bəlkə də bizim üçün xeyirlidir deyərək, o şeylərin olmasına izin verək. İman sahibi olaq. Özümüzə və ətrafımızdakı insanlara güvənək. Qarşılıqsız sevək ki, bir gün o sevgi gözəl şəkildə bizə doğru gəlsin. Ümid toxumlarını könlümüzdən əksik etməyək, unutmayaq ki, hər buludun arxasında bir günəş vardır.

Hər şeyə pozitiv baxaraq xoşbəxt olaq. 


Aynur Yücətaş
Bu yazıya 928 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.