Dilin Günahları


Minurə Nizamova
Bu yazıya 1101 dəfə baxılıb.

İnsanın dilini haramlardan (yalan, qeybət və s.) qoruyub özünə və başqasına zərəri olmayan şeyləri danışmağı onun ən gözəl hallarındandır.

          İnsan lüzumsuz danışdıqda zamanını israf etdiyi kimi, həmin zamanda qazana biləcəyi şeylərdən də məhrum olar.

          Qulun sərmayəsi onun ömür saatlarıdır. Vaxtını boş şeylərə sərf edən və o saatlarda axirətdə azuqə ola biləcək bir savabı qazanmayan sərmayəsini korlamış olar. Peyğəmbərimiz (s.ə.s) hədis-i şəriflərində belə buyurmuşdur:

“Allahın zikrindən başqa şeyləri çox danışmayın. Şübhəsiz çox danışmaq qəlbi qaraldar. İnsanların Allahdan ən uzaq olanı qəlbi qatı olanlardır”. (Tirmizi)

“Kim Allaha və axirət gününə inanırsa, ya xeyir söyləsin,  ya sussun”.

Sevgili Peyğəmbərimiz (s.ə.s) hədis-i şərifdə pis söz danışan insanın hər iki dünyada zərərdə olduğunu belə buyurmuşdur:

“Allah- Təala pis söz danışan, pis söz danışmaq üçün özünü məcbur edən və bazarlarda bağıran kimsəni sevməz”. (İbn Əbi Dünya)

          İslam mədəniyyətində, açıq deyilməsindən utanılan şeylər dolayı yol ilə bildirilər. Məsələn, qadınlardan bəhs edərkən “mənim xanımım belə dedi” demək əvəzinə, “evdəkilər belə dedi” və ya “uşaqların anası belə dedi” söylənməsi daha gözəl sayılmışdır.

            Bir az da zarafat haqqında danışaq. Adətən zarafat bir kəsi sevindirmək, onun qəlbini xoş etmək üçün edilir.

          Zarafatda bəyənilməyən xüsus ifrata qaçmaq və ya davamlı bir şəkildə zarafat edib bunu adət halına gətirməkdir. Bu isə boş, mənasız hərəkətlərlə vaxt keçirmək, oyunla məsğul olmaq deməkdir. Davamlı olan zarafat daha artıq gülməyə səbəb olur. Çox gülmək isə qəlbi öldürür. İnsanın hörmət və izzəti ortadan qalxır.

          Ancaq bu hərəkətlərdən uzaq olan zarafat hər kəs tərəfindən bəyənilər. Sevgili Peyğəmbərimiz (s.ə.s)in zarafatı necə etməyin örnəkləri az deyil.

          Bir gün yaşlı bir qadın Hz. Peyğəmbər (s.ə.s)i ziyarətə gəldi. Hz. Peyğəmbər(s.ə.s) ona:

          “Yaşlı qadınlar cənnətə girə bilməz”.- dedi. Bu sözü eşidən yaşlı qadın ağlamağa başlayanda Hz. Peyğəmbər (s.ə.s) qadına:

          “Sən o gün yaşlı olmayacaqsan”.- buyurdu və ardından bu ayəti oxudu:

          “Həqiqətən biz (dünyada ikən yaşlanmış qadınları gəncləşdirərək) onları təptəzə bir yaradılışda yaratdıq. Onları bakirələr etdik. Ərlərinə düşkün və (bir- birlərinə) yaşıdlar (etdik). (Bütün) bunlar sağdakılar (əməl dəftərləri sağ tərəflərindən verilənlər) üçündür. (Vaqiə: 35-38)

          Dilin böyük günahlarından biri də  yalan danışmaqdır. Hz. Peyğəmbər (s.ə.s) yalan haqqında buyurur ki:

          “Qul yalan söyləyərkən əmələ gətirdiyi pis qoxuya görə mələklər ondan bir mil uzaqlaşar”. (Tirmizi)

          Yalan başqasının zərərinə yol açdığı üçün haramdır. Ancaq gözəl məqsədlər doğruluqla deyil, ancaq yalanla əldə edilə bilirsə o zaman deyilə bilər.

          Yalanın adət olduğu və çox vaxt qarşılaşılan yerlərdən biri budur:

          - “Yemək ye!”- deyildiyi zaman, qarşıdakı adam iştahı olduğu halda “mənim iştahım yoxdur”- deyərsə, bu da yalanın bir çeşidinə aid edilir.

          Dilin günahlarından danışıb qeybətdən söz açmamaq olmaz. Qeybət- haqqında danışılan insanın özünün olmadığı yerdə və eşitdiyi zaman xoşuna getməyəcəyi şeylər haqqında danışmaqdır.

          Hz. Peyğəmbər (s.ə.s) bir gün səhabəyi kirama belə bir sual verdi:

          - Qeybətin nə olduğunu bilirsinizmi?

          - Allah və Rəsulu daha yaxşı bilər.

          - Qeybət, (müsəlman) qardaşının xoşuna getməyən  bir şəkildə onu yad etməyindir.

          - Mənim dediyim (müsəlman) qardaşımda varsa?

          - Əgər sənin dediyin (müsəlman) qardaşında varsa onun qeybətini etmiş olarsan. Əgər dediyin onda yoxdursa, böhtan atmış olarsan.

          Qeybət sadəcə dil ilə də olmaz. İşarət,  dodaq büzmə,  göz qırpma,  yazı və s. ilə də qeybət edilmiş olunur.

          Allah-Təala qeybət edəni ölmüş qardaşının ətini yeyən bir kimsəyə bənzətmişdir:

          “Kimsə kimsənin (arxasından pis niyyət) ilə danışmasın. Sizdən birinizin ölü qardaşının ətini yeməkdən xoşu gələrmi? Ondan diksinərsiniz. Allahdan qorxun”. (Hucurat: 12)

          Bəs dili qeybətdən  necə  qorumaq olar? Qeybət edən kimsə qeybət edənin cəhənnəmdə Allahın böyük cəzasına məruz qalacağını, qeybətin qiyamət günündə yaxşılıqları yox edəcəyini düşünərək dilini qeybətdən qoruya bilər.

          Sonda Allah-Təalanın  boş, mənasız danışıqları bəyənmədiyini, onlardan üz çevirməyin vacib olduğunu bildirən ayəti-kəriməni də yada salaq:

          “Möminlər mütləq qurtuluşa çatmışdırlar. O möminlər ki, onlar namazlarında huş içindədirlər. Onlar ki, boş sözlərdən üz çevirərlər”. (Muminun: 1-3)

          Rəbbimiz hamımızı bu müjdəyə nail olanlardan etsin!

         

 


Minurə Nizamova
Bu yazıya 1101 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.