Əsrin Xəstəliyi-QRİP


Gülnar Quliyeva
Bu yazıya 1262 dəfə baxılıb.

Qrip haqqında ilk anlayışa e.ə 412-ci ildə Hippokratın əsərlərində rast gəlmək mümkündür. Bu əsərlərdə qripəbənzər xəstəliklərdən bəhs olunmuşdur. Tarixdə acı nəticələrlə sonlanan bir neçə “Qrip pandemiyası” olmuşdur. 1918-1920-ci ildə baş vermiş məşhur “İspanka pandemiyası” 20 milyondan artıq insanın həyatına son qoymuşdur. Bu pandemiya zamanı yer kürəsi əhalisinin 20-40%i qrip virusuna yoluxmuşdur. 1957-1958-ci ildə  “Asiya  qripi pandemiyası” baş vermişdir. Pandemiya Uzaq Şərqdə yaranmış, sonra tədricən dünyaya yayılmışdır. Təkcə ABŞ-da 70000 insan itkisi olmuşdur.

    Kəskin respirator  virus xəstəliyinin (KRVX) əsas simptomları - zökəm, öskürək, asqırma, baş ağrıları, boğaz ağrısı, oynaqlarda ağrı, bədən temperaturunun yüksəlməsidir. Hal-hazırda qripəbənzər  xəstəlik yaradan 200-dən artıq respirator virus təyin olunmuşdur (adənovirus, rinovirus, respirator-sintisial virus və s.). Bu xəstəliklərin əsas oxşar xüsusiyyətləri tənəffüs zamanı ağızdan və yaxud burun udlaqdan yoluxan viruslar tərəfindən yaranması və bir-birinə oxşar simptomlar ilə müşayiət olunmasıdır. Qeyd etmək lazımdır ki, bütün KRVX-nə qrip demək olmaz. Qrip xəstəliyi özü KRVX-ə aiddir. Qrip toksikoz, kataral əlamətlərlə, traxeya və bronxlarda zədələnmə ilə müşahidə olunan kəskin yoluxucu xəstəlikdir. Qrip virusunun A, B, C tipləri var, virus tez-tez öz antigen quruluşunu dəyişir, yəni serotiplər əmələ gətirir. Orqanizmdə bir serotipə görə yaranan immunitet başqa serotipə təsir göstərmir. Buna görə də insan ömrü boyunca müxtəlif serotipli qrip xəstəliyinə yoluxa bilər.  

    Qrip insanlar arasında əsasən hava, damcı yolu ilə yoluxur. Öskürmə, asqırma, danışıq zamanı xəstənin və yaxud virusdaşıyan insanın burun, udlağından ətrafa virus və mikrobla zəngin  ağız suyu, selik, bəlğəm atılır, qısa vaxt ərzində xəstənin ətrafında bu cür aerozol hissəcikləri ilə zəngin yüksək konsentrasiyalı infeksiyalı sahə əmələ gəlir. Ölçüsü 100 mikrondan böyük olan hissəciklər tez çökürlər və belə hissəciklər 2-3 m məsafəyə kimi yayılırlar. Ətrafda virusun konsentrasiyası və qalma müddəti birbaşa aerozol hissəciklərinin ölçüsündən asılıdır. Bu da öz növbəsində fizioloji aktın - asqırma, öskürmə, danışığın gücündən və tezliyindən asılıdır. Müəyyən olunmuşdur ki, bağlı ağızla asqırma zamanı ətrafa atılan aerozol hissəciklərinin miqdarı 10-70 dəfəyə kimi azalır. Qeyd etmək lazımdır ki, hər virusa yoluxmuş insan xəstələnmir. Bu birbaşa orqanizmin möhkəmliyindən, ümumi sağlamlıq vəziyyətindən, immun sistemindən asılıdır.

    Qrip adətən kəskin başlayır. İnkubasiya dövrü 1-2 gün çəkir. Sonra kəskin kliniki əlamətlər qızdırma, başağrı, üşütmə, titrətmə, əzələ və oynaqlarda ağrı, ümumi halsızlıq, gərginlik başlayır. Xəstəliyin ağırlığı bir çox faktordan - orqanizmin ümumi sağlamlıq vəziyyətindən, yaşından, xəstənin əvvəl bu virus tipi ilə xəstə olub- olmamağından asılıdır. Bunlardan asılı olaraq xəstəliyin 4 forması yüngül, orta ağır, ağır və hipertoksik forması inkişaf edir. Yüngül formalı qrip zamanı bədən temperaturu normal olur və yaxud 38° dən çox olmur. İnfeksion toksikoz əlamətləri az olur. Orta ağır qrip zamanı temperatur 38.5-39.5° yə kimi yüksəlir və xəstəliyin klassik simptomları yaranır: intoksikasiya-güclü tərləmə, zəiflik, işıqdanqorxma, əzələ və oynaq ağrıları, başağrıları, kataral əlamətlər-yumşaq damaq, udlaqda qızartı, gözlərdə qızartı, respirator sindrom-qırtlağın və traxeyanın zədələnməsi, quru öskürək, səsin dəyişilməsi, zökəm, pnevmoniya və s. meydana çıxır. Ağır forma qrip zamanı temperatur 40-40.5° yə kimi yüksəlir. Yuxarıdakı əlamətlərlə yanaşı ensefalopatiya əlamətləri (psixotik vəziyyətlər, qıcolmalar, hallusinasiyalar), burun qanaxması, qusma yaranır. Hipertoksik forma qrip çox təhlükəli olub yuxarıdakı əlamətlərlə yanaşı meningial əlamətlər, ağciyər çatışmazlığı, ağciyər ödemi, beyin ödemi kimi nəticələr verə bilər. Əgər qrip yüngül keçərsə qızdırmalı vəziyyət 2-4 gün çəkir, xəstə 5-10 günə tamamilə sağalır. Lakin qripin gedişini əvvəlcədən təyin etmək mümkün deyil və qeyri-düzgün müalicə bir sıra ağırlaşmalar (pnevmoniya, otot, haymorit və s.) verə bilər. Buna görə də, xüsusilə uşaqlarda və yaşlılarda özünü müalicə qəti yolverilməzdir. Yalnız həkim xəstənin ümumi vəziyyətini düzgün qiymətləndirə bilər. Bəzi ağırlaşmalar məsələn, kəskin pnevmoniya qripin ilk günlərindən hətta ilk saatlarından başlayır. Buna görə də xüsusi virusəleyhinə dərmanların və adekvat müalicənin təyini üçün həkim məsləhəti vacibdir. Həkim məsləhətinə qədər ev şəraitində aşağıdakılardan istifadə etmək olar:

1. Çoxlu maye qəbulu intosikasiya əlamətlərini-halsızlıq, titrətmə, sümük-oynaq ağrılarını azaldır. Qızdırma zamanı itirilmiş maye itkisini bərpa edir, bəlğəm durulaşır, öskürəklə ifrazı asanlaşır. Qızdırma zamanı orqanizm tək maye yox, elektrolit də itirir. Ona görə də balansı qorumaq üçün mineral maye, meyvə şirələri, çay içmək məsləhət görülür.

2. Qızdırmasalıcı, ağrıkəsici və iltihab əleyhinə dərmanlardan istifadə etmək. Əgər ağrı, qıcolmaya meyllik, ürək-damar sistemi xəstəliyi yoxdursa, qızdırmanı 38.5° dən aşağı salmaq məsləhət deyil. Çünki qızdırma orqanizmin müdafiə reaksiyası olub virusun çoxalmasına mane olur. Dərmanla yanaşı fiziki soyutmadan da istifadə etmək olar. Alına və iri damarların keçdiyi yerlərə (boyun, dirsək, dizaltı çuxura) soyuq kompreslər qoymaq olar. Xəstənin bədənini suda həll olmuş spirt və ya sirkə ilə silmək olar. Həkim göstərişi olmadan antibiotik qəbulu da yolverilməzdir. Çünki antibiotik virusa nəinki  təsir etmir, həm də immuniteti azaltmaqla xəstəliyin ağırlaşmasına səbəb olur.

3. Burun damcılarından istifadə etmək. Bu dərmanlar burun damarlarını daraltmaqla tənəffüsü asanlaşdırır, burundan selik ifrazını azaldır.

4.Dezinfeksiyaedici məhlullarla qarqara etmək.

    Xalq təbabətində immuniteti artırmaq və soyuqdəyməyə qarşı bir çox metodlar var. Bunlardan bir neçəsini qeyd edək:

1. Bir litr soyuq suya 5 xörək qaşığı quru itburnu meyvəsi əlavə edib 10 dəqiqə qaynadılır. Alınmış məhlulu 8-10 saat saxladıqdan sonra bir stəkan olmaqla gündə 4- 5 dəfə qəbul etmək olar.

2. Bir xörək qaşığı moruq, 1x.q itburnu, 1x.q bala 100 ml qaynar su əlavə edib 15 dəqiqə dəmlənir. 0,5 stəkan olmaqla gündə 3 dəfə yeməkdən əvvəl qəbul etmək olar.

3. İki limon və iki baş sarımsaq əzilir. Alınan sıyığın üzərinə 1litr qaynar su əlavə edilir. 3 gün qaranlıqda saxlandıqdan sonra 1 xörək qaşığı gündə bir dəfə yəməkdən əvvəl qəbul etmək olar.

Qripin profilaktikasi üçün  müalicəvi bədən tərbiyəsi, idmanla məşğul olmaq, bədəni möhkəmləndirmək, qida rejiminə düzgün  riayət etmək, çoxlu təzə meyvə, tərəvəz qəbul etmək, zərərli vərdişlərdən çəkinmək  lazımdır. Mövsüm dəyişikliyi və havaların soyuduğu zamanlarda soyuqdan qorunmaq, ailədə və ya olduğumuz mühitdə xəstə varsa özümüz və xəstənin  xüsusi maskalardan istifadə etməsinə çalışmaq, otağı tez-tez havalandırmaq, təmiz havada daha çox olmağa fikir verilməlidir. Müəyyən olunmuşdur ki, gün ərzində 300 dəfədən artıq əllərimiz göz, burun, ağızla təmasda olur. Xəstə ilə əllə görüşdüyümüz zaman, qapı dəstəyinə toxunmaqla və ya xəstənin istifadə etdiyi əşyalara toxunmaqla virus sağlam əllərə, buradan da göz, burun, ağıza ötürülür. Bunları nəzərə alaraq xəstənin və xəstəyə qulluq edənlər tez-tez əllərini sabunla yumalı, şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidirlər.

 


Gülnar Quliyeva
Bu yazıya 1262 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.