Yandırsa da faydalıdır


Kəmalə Hüseynova
Bu yazıya 1628 dəfə baxılıb.

Gicitkən bitkisinin adı “urere” latın sözündən götürülüb, yandırmaq deməkdir. Gicitkənin müalicəvi xüsusiyyətləri haqda məlumatlar qədim Roma alimləri Qalen, Qorasiy, Pliniy və Katullanın əsərlərində əksini tapmışdır. Qədim slavyan atalar sözündə deyilir ki, “bir gicitkən yeddi həkimi əvəz edir”.

    Dərman xammalı kimi gicitkənin yarpaqlarından və köklərdən istifadə olunur. Gicitkən yarpağının tərkibində askorbin turşusu, karotin, mineral duzlar, nişasta, alkaloidlər və s. maddələr vardır.

    Gicitkən yarpağının tərkibində olan əsas təsiredici maddələr vitaminlər və dəmir duzlarıdır. Bunlar orqanizmdə ümumi maddələr mübadiləsini, xüsusən də lipid mübadiləsini tənzimləyir. Gicitkən yarpağını tərkibində olan K vitamini qaraciyərdə əsas laxtalanma faktorlarından biri olan protrombinin sintezini sürətləndirir və güclü qankəsici təsir göstərir. Lakin nəzərə almaq lazımdır ki, qankəsici xüsusiyyətə yalnız təzə yarpaqlar malikdir. Qurudulmuş yarpaqlar isə əksinə, qanın laxtalanmasını 2 dəfə azaldır. Bundan başqa gicitkən yarpaqlarının ödqovucu, sidikqovucu, iltihab əleyhinə, damardaraldıcı xüsusiyyətləri var. Gicitkən yarpağı qanda şəkərin miqdarını azaldır və südverən analarda süd ifrazını da artırır.

    Gicitkən köklərinin dəmləmə və bişirmələri böyrək və mədə xəstəliklərində, diareyalarda, dizenteriyada, helmintoz, furunkulyoz, revmatizm, bronxial astma, ağciyər vərəmi zamanı, həmçinin bəlğəmgətirici, qızdırmasalıcı vasitə kimi və saçların dibini bərkitmək üçün istifadə olunur.

Yarpaqların dəmləməsi uşaqlıq, bağırsaq, böyrək, ağciyər və digər qanaxmalarda və yuxusuzluqda tətbiq edilir. Yapon xalq təbabətində gicitkənin təzə şirəsi arı və ilan çalan zaman zəhər əleyhinə vasitə kimi istifadə olunur.

İstifadə formaları: Gicitkən yarpaqlarının dəmləməsini hazırlamaq üçün 10 qr. (2 xörək qaşığı) xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, süzülür. Üzərinə qaynadılmış su əlavə edərək əvvəlki həcmə çatdırılır. Gündə 3-5 dəfə, hər dəfə 1/4-1/2 stəkan yeməkdən əvvəl qəbul edilir.

Gicitkən köklərinin bişirməsi: 20 qr. xammalın üzərinə 200 ml (1 stəkan) şərbət əlavə edib, 15 dəq. qaynatmaqla hazırlanır. Bir xörək qaşığından gündə 5-6 dəfə qəbul edilir.

Təzə gicitkən yarpaqlarının şirəsi öd daşı və böyrək daşı xəstəliyində 1 xörək qaşığından gündə 3-4 dəfə, daxili qanaxmalarda isə 1 çay qaşığından gündə 4-5 dəfə daxilə qəbul edilir.

Qanın laxtalanması yüksək olan şəxslərə, hipertoniya və aterosklerozdan əziyyət çəkənlərə, eyni zamanda uşaqlığın kistası, polipi və digər şişləri ilə əlaqədar qanaxmalarda, xüsusən də böyrək xəstəliklərində gicitkəndən istifadə etmək olmaz.

 

 

 

 

 

 

 

 

 

Gicitkənli omlet: Gicitkən yarpaqları (500 qr.) duzlu suda bişirin, süzün və xırda doğrayın. 3 baş soğanı doğrayıb yağda qovurub, üzərinə şüyüd və ya cəfəri əlavə edin, gicitkənlə qarışdırıb yumşalana qədər qovurun. 2 ədəd yumurtanı çalıb qovurmanın üzərinə tökün və hazır olana qədər bişirin.

Gicitkən şirəsi: təzə gicitkən yarpaqlarını ətçəkən maşından keçirin, üzərinə qaynadılmış soyuq su (500 ml) töküb qarışdırın və tənzifdən keçirin. Sıxılmış kütləni yenidən ətçəkən maşından keçirin, 500 ml su ilə qarışdırıb sıxın, əvvəlki porsiyanın üzərinə əlavə edin. Şirəyə zövqə görə şəkər əlavə etmək olar.

 


Kəmalə Hüseynova
Bu yazıya 1628 dəfə baxılıb.