Həyat seçilməlidir…


Gülnarə Seyidova
Bu yazıya 974 dəfə baxılıb.

20-ci yüzilliyin əvvəllərindən qadınlar iş həyatlarını qurmağa başladılar. Demək olar ki, hər sahədə işləyən qadınlar iş həyatına aid çətinliklərlə yanaşı bir çox başqa problemlərlə də qarşılaşdılar. İş həyatında irəliləmək, karyerasında yüksəlmək, ictimai haqqlardan faydalanmaq, təhsil imkanlarından yararlanmaqda kişilərə nisbətdə daha çox çətinlik çəkən qadınları evdə də kişilərin qarşılaşmadığı problemlər gözləyir. Qadın işə gedərkən bir tərəfdə ev işləri, digər tərəfdə isə uşaqlara aid məsuliyyətlərdə problemlər çıxmağa başladı. Bu problemlər işlərin qadın və kişi arasında paylanmaq əvəzinə birincinin üzərinə yığıldı və yalnız qadının vəzifələri olaraq qiymətləndirildi.

Ailə büdcəsinin artmasına yardım etmək, həyat standartlarını yüksəltmək, peşəsinə bəslədiyi sevgi, cəmiyyətdə hörmət qazanma istəyi və ya aldığı təhsili qiymətləndirərək, mənəviyyatını zənginləşdirmək səbəbi ilə işə başlayan qadın iş həyatında ümid etdiyini tam mənasıyla tapa bilmədi, tapsa da evdə və ya ailə həyatında olan problemlərlə məşğul olmaqdan yoruldu və hətta bəzən də tükəndi.

Yaxşı nədir bu problemlər?

İşləyən qadın iki yerdə işləyən, dörd növbəli ( ev, iş, uşaq, yoldaş) ağır bir işçidir. İşindən yorğun-arğın gələn qadını evdə bir çox məsuliyyətlər gözləyir. Ev yığışdırılacaq, paltarlar ütülənəcək, yemək bişiriləcək və s. siyahı belə uzanıb gedə bilər. Bir də uşaq varsa, işlər yaxşıca çətinləşər. Bu zaman yaxşı ana, yaxşı həyat yoldaşı, yaxşı evdar qadın üçbucağı içində problemləriylə baş-başa qalır. Evə gedərkən uşaq ilə mətbəx və digər ev işləri arasında sıxışan qadının özünə ayıracaq vaxtı qalmır. Bir tərəfdən bu qədər yorulur, bir tərəfdən də "uşağıma laqeydlik edirəm", " onunla kifayət qədər maraqlana bilmirəm" kimi düşüncələrə qapıla bilər. Evdə olmadığı saatlarda uşağının necə baxıldığına, baxan adamın və ya körpələr evinin uşağına özü kimi diqqət etməyəcəyinə, lazım olan təlim-tərbiyəni verə bilməyəcəyinə dair qayğılar da qadın üçün çətinlik yaradır.

Uşağına yetərli zaman ayıra bilməmək, onunla sağlam-faydalı əlaqə qura bilməmək kimi problemlər işləyən ananın özünü günahkar, əsəbi və narahat hiss etməsinə səbəb ola bilər. Bu hissləri keçirən ana bir neçə fərqli davranış sərgiləyir.

     Evə gəldiyi andan etibarən yalnız uşağıyla birlikdə olur, onun hər istədiyini yerinə yetirir, hər istədiyi hədiyyəni alır. Bununla da uşağın daim kimdənsə asılı və passiv bir şəxsiyyət kimi formalaşmasını təmin etmiş olur.

   Başqa bir halda isə ana evdə olmadığı vaxtlarda uşağının nəzarətsiz qaldığını, intizamsız yetişdiyini düşünərək uşağına qarşı sərt olur, ciddi bir intizam tətbiq edir, beləcə onu bütün təhlükələrdən qoruduğunu düşünür. Həddindən artıq təzyiq göstərilən, hər səhvə görə cəzalandırılan uşaq isə hər kəsə boyun əyən passiv birinə ya da üsyankara çevrilir.

        Bəzi analar isə işləmək istədikləri halda yalnız uşağa görə evdə oturmaq məcburiyyətindədirlər. Belə qadınlar bəzən uşağına hirslənir, bu səbəbdən də özlərini qınayır və uşağı ilə yaşadığı problemlərin onun günahından yarandığını düşünür.

İşləyən qadının analıqla yanaşı həyat yoldaşı və evinin xanımı olmaqda da çətinlikləri vardır. Bəzən onlar hər şeyi mükəmməl və heç kimin köməyi olmadan etməyə çalışırlar. Ev işlərini qüsursuz etməli olduğuna inanaraq, bu işləri yalnız özünün bu qədər yaxşı edə biləcəyini düşünər heç kimin köməyini istəməz, başkasının etdiyini bəyənməzlər. "Mənim kimi səliqəli deyil", "Hər şeyi dağıdır", "Özüm etsəm daha yaxşı olacaq" deyərək bütün kömək təkliflərini rədd edir.

 

Ancaq hər işi birdən, həm də ən yaxşı şəkildə bacarmaq çox da mümkün deyil. Bəzən təmiz bir ev, süfrədə 2-3 növ yemək, uşağa laqeyd yanaşmaqla mümkün olur. Ev işlərində həyat yoldaşı ya da başqa biri kömək edilə bilər. Hər şeyi edə bilərəm, tək başına həll edərəm düşüncəsi nəticədə tükənməyə, həddindən artıq yorğunluğa səbəb olur.

    Uşaqlara ayrılan vaxt, onunla sözün əsl mənasında zaman keçirmək, başqa yerə yayınmadan onunla birlikdə olmaq vacibdir. Ancaq bu zamanın keyfiyyəti müddətindən daha çox əhəmiyyətlidir. Yalnız uşağa ayrılan və onun istəklərinə prioritet verilərək və bölünmədən keçirilən 30 dəqiqəlik bir zaman kafidir.

Bu zaman ananın özünə də vaxt ayırmasının vacibliyini unutmayaq. Uşağınızın xoşbəxtliyi birinci dərəcədə ananın, ikinci dərəcədə də atanın xoşbəxtliyi ilə mütənasibdir. İstənildiyi kimi uşaq yetişdirmək onlara deyilənlərdən çox qurulan əlaqənin formasına və ana-atanın həyat içindəki davranışlarına bağlıdır.

   Problemlər bununla da kifayətlənmir. Əgər işləyən qadının həyat yoldaşı yetkin, uzaqgörən bir insan deyilsə, xanımı özündən daha müvəffəqiyyətli, güclü olarsa bu zaman o əziklik duyğusuna qapılar. Yoldaşının özündən üstün olmasından narahat olar. Bu narahatlığı da yoldaşını danlamaqla, onun hər səhvini üzünə vurmaqla nəticələnər. Bu vəziyyəti yaşayan qadınlar özlərini tərifləməkdən xüsusilə qaçınmalıdırlar. Yoldaşlarının yaxşı xüsusiyyətlərini görüb, onları mübaliğəyə qaçmadan həqiqi bir şəkildə təqdir etməlidirlər. Çünki yoldaşlarının içindəki əzikliyin azalması üçün tərif sözlərinə ehtiyacı vardır. Xanımlar bunu edə bilsələr bir müddət sonra yoldaşları "Mən yoldaşımı sevirəm. O da işləyir, evin keçiminə yardım edir. Bu həyat bir paylaşmadır. Biz də paylaşırıq" deməyə başlayacaq.

    İnsanlar ailələrində hər şeyin gözəl olmasını istəyərlər, amma bu, işin təbiətinə zidddir.  İnsanın həyatında olduğu kimi evlilikdə də böhran dövrləri vardır və bu dönəmlərdə qaçınılmaz olaraq böhran yaşanar. Daim böhranı uğura çevirmə istiqamətində güc sərf etmək lazımdır. Düşünülməmiş və hisslərə uyğun reaksiyalar problemi yalnız böyüdər. Səhv reaksiyalar həlli mümkün olan problemləri mümkünsüzləşdirərək evliliyi uçuruma aparar. Belə vəziyyətlərdə səbirsiz və hisslərlə davranmaq yerinə mübarizə aparmaq lazımdır. "Bir işin tez olmasını istəyirsənsə, o işə səbir ver" deyə gözəl bir söz vardır. İnsanın həyatının bəzi dövrlərində bəzi problemlərə dözmək məcburiyyətində qala bilər. Amma həyat yoldaşları bu problemlərə doğru həll tapa bildikləri təqdirdə aralarındakı əlaqənin daha da güclənəcəyini görəcəklər. Əsas olan bu kimi imtahanlardan müvəffəqiyyətlə çıxa bilməkdir. Açıq ünsiyyət üsullarıyla hər ailə öz içində problemləri həll edə bilər.

  Qadın işləsin ya işləməsin əsas odur ki, ona verilən həyatın dəyərini bilsin, malik olduqlarını qiymətləndirsin. Həyat; mövqe, sərvət ehtirasından kənar və çox daha mənalı bir hədiyyədir. Həyat seçilməlidir və münasib bir variant hər zaman vardır.

 

 

 


Gülnarə Seyidova
Bu yazıya 974 dəfə baxılıb.