Doğum gününə hörmətlə!


Nimet Çinar
Bu yazıya 855 dəfə baxılıb.

Rəbbimizə şükürlər olsun ki, ömürümüzdə yenə də müqəddəs doğum ayını bizlərə nəsib etdi.  Əfəndilər əfəndisi (s.ə.s)in dünyaya təşrif buyurduğu mübarək Rabiuləvvəl ayındayıq. Hər il bu gözəl ayda bütün kainat sanki O yenidən doğulurmuş kimi sevinclə coşur. İbrahim (a.s)a yaxınlaşan alovlar gül bağçası olan kimi, məxluqat da Ona qovuşmağı, Onun kövsərindən doya-doya içməyi həsrətlə gözləyir. Çünki O (s.ə.s), "Aləmlərə rəhmət olaraq" göndərilmişdir. (Ənbiya 107)

            Bu gün insanlar ətraflarını güllərlə, ürəklərini salavatlarla bəzəyərlər; bir daha Onun doğumuna hazırlanar dünya… Sanki aramıza yenidən gələcək…

            571-ci ildə dünyaya göz açarkən bütün kainat Onun gəlişini hiss etdi. Yer sevindi, göy sevindi, bütün canlı aləm sevindi.

Əlbəttə, insanlar da … Hətta peyğəmbər olduqdan sonra Ona ömrü boyunca əziyyət edən əmisi Əbu Ləhəb belə sevinmiş, xəbəri gətirən nökəri Süveybəni azad etmişdi. Öldükdən sonra onu yuxusunda görən Abbas (r.a)ın:

"-Sənə necə rəftar edildi? "sualına Əbu Ləhəb belə cavab vermişdi:

"-Məhəmməd (s.ə.s)in doğumuna sevinərək Süveybəni azad etdiyim üçün bazar ertəsi günləri əzabım bir az yüngülləşir. O gün baş barmağımla şəhadət barmağımın arasından çıxan su ilə sərinləyirəm".

Nə qədər ibrətamiz bir hadisədir… Əfəndimiz(s.ə.s)ə əmisi uzun illər ərzində zülm etməsinə baxmayaraq, Onu qoruyub, müdafiə etməmiş, hətta düşmənçilik etdiyinə görə haqqında bir surə (Təbbət surəsi) nazil olmuş Əbu Ləhəbə belə rəftar edən Rəbbimizin, Onu sevən, Ona inanan, Onun sünnəsi üzrə yaşamağa çalışan, "Anam, atam Sənə fəda olsun Ya Rəsulullah!" deyən möminlərə rəftarı necə olacaq görəsən? Biz buna inanırıq: Ona olan sevgimiz, bağlılığımız qurtuluşumuza, Rəbbimizin də bizi sevməsinə vəsilə olacaq. Allah-Təala buyurur: "(Rəsulum!) De ki: Əgər Allahı sevirsinizsə mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və rəhmlidir". (Əli İmran 31)

Yaxşı, bəs biz Onu (s.ə.s) nə qədər sevirik? Ona layiq ümmət ola bilmək üçün nələr edir, nələrdən imtina edirik? Ümmət olmaq, sünnəyə uyğun yaşamaq yalnız namazların sünnələrini etməkdənmi ibarətdir? Ümmətin söküklərini tikmək üçün biz neçə gecə yuxumuzdan imtina etdik? Bir yetimin qarınını doyurmaq üçün öz yemək payımızı onlarla bölüşə bildikmi? Kasıbların evi soyuqkən bizim evlərimiz isti idimi? Onun (s.ə.s) gecələri qiyamda dayanmaqdan, namaz qılmaqdan ayaqları şişərdi… Bizimsə yatmaqdan gözlərimiz şişir. Bu gözlərlə Ona necə baxacağıq? Qəflətimizi necə açıqlayacağıq?

Bu müqəddəs doğum ayı bizim üçün bir fürsət olmalıdır… Ona ümmət olma şərəfinə nail olmağın qədrini bilmək vaxtıdır… O, ümmətini çox sevirdi. Ən çətin zamanlarda da bizi xatırlayır, bağışlanmamızı istəyirdi. Çox Rauf və Rəhmli idi. Onun (s.ə.s) bizlərə olan sevgisinə cavab verməyin əsl vaxtıdır.

 


Nimet Çinar
Bu yazıya 855 dəfə baxılıb.