Cənnət Gülünü Sevincə


Mirbəhram Əzimbəyli
Bu yazıya 847 dəfə baxılıb.

Sevmək.... insanın daxilindən gələn izahı mümkün olmayan bir duyğudur. Məhz bu səbəbdən də sevgi ruhun hər zərrəsinə çökərək sevgiliylə ayrılmaz və çox qüvvətli bir bağ meydana gətirər. Insan aşiq olduqdan sonra sevgilini görmək vacib deyil.. Allahın verdiyi hər nemətin gözəlliyində insan ona çatmaq üçün yollar axtarar. Yağan yağışda gözəl bir gülün üzündəki damlaları silərək onun durğunluğunu yox etmək, günəşin təsirindən parlayaraq dalğalanan dənizin sakit bir şəkildə qayalara zümzümə etdiyi sevgi mahnısına yoldaşlıq etməsiylə sevgilisinin sevincini çoxaltmaq istəyir. Bax sevmək belədir, sevginin günəşi doğularkən üzlər məchullaşaraq yalnız bir ulduz kimi səmaya çəkilər. Duyğular isə şəfəqdə əl-ələ alovlanıb bir könül yaradar. Yalnız onların duyğularının olacağı bir könül.

  Ey mənim gözəl Peyğəmbərim! Gözəl dedim, bəli. Mərhəmət, sevgi, şəfqət, ümid, cəsarət, güvən və adını demədiyim o qədər gözəl çiçəklərinin toplandığı o bağçaya həsrətlə baxan çarəsiz bir məzlum aşiqin başqa söyləməyə sözü vardırmı?!  Ey gözəl Peyğəmbərim mən səni heç görmədim. Amma səni çox sevirəm.

  Kiçikliyini düşünürəm ya Rəsulullah! Doğularkən artıq atan Abdullah həyatda yox idi. Qucaqlaya bilməmişdi atan səni, öpə bilməmişdi gül üzündən, övladım deyə əzizləyə bilməmişdi. Yaxşı bəs sən! Atanı görə bilmədin, ata deyə səslənə bilmədin kimsəyə, dodaqlarında qurudu könlünün gözyaşlarıyla islanmış o gözəl söz. Ən yaxşı görənim, ən yaxşı bilənim gözlərində bir boşluq meydana çıxdı səssiz, tənha axşamlarında atanı axtararkən. Müqəddəs ana Əminənin qoxusu hopmadı şeytana bağlı, Allaha açıq o kiçik könlünə. Ananın əllərindən tutub, getməyə doya bilmədin. Amma bizim əlimizdən tutdun cənnət yoluna çata bilməyimiz üçün. Gül qoxunla mömin övladlarını doyurdun. Səni, üşüdüyün yerlərdən uzaqlaşsan da orada mərhəmət atəşini yandırıb insanları isitdiyin üçün sevirəm.

  Ey ən yaxşı, ən müqəddəs Allah dostu Hz. Məhəmməd! Dostluğu sən və sənin müqəddəs dostların öyrətdi mənə. Dünya qara paltarını geymiş şeytanın qara əllərində boğularkən, yetim dünya can verərkən, bax o zaman o mübarək canına qıymaq istədiklərində bu dostluqlar göründü. Hz. Əli, hər səhər sən oyananda günəşin doğulduğu o mübarək yatağına uzanaraq bizə qohumluqdan müqəddəs dostluğa gedən yolu göstərdi. Sənin yolunda özünə yönəlmiş iti qılınc belə Onun iradəsini qıra bilmədi, səni qorumaq üçün, sənin yolunda ölümdən çəkinmədən, şəhidlik qapısına doğru cəsur addımlar atdı. Bəs Əbu Bəkir...  Soyuq bir gün idi, yəni insanlıq üşümüşdü şeytanın soyuq kölgəsində. Sadiq dostun Əbu Bəkirlə Mədinəyə getdiyin zaman, kafirlər tərəfindən təqib olunduğun zaman, təhlükədən qorunmaq üçün bir mağaraya sığındınız. O mağara insanlığın çöküşüylə varlığı arasında bir yer idi. Əbu Bəkir sənin üçün qorxdu, ayağını deşıyə tutdu və ilan onu sancdı. Bu zaman ilanın zəhərindən çox Sevimli Peyğəmbərimizi qorumanın xoşbəxtliyi axdı bədəninə. Hz. Ömər, Hz. Osman da sənin nurunun qaranlıqdan qoruyucuları oldular. Ah nə gözəldir sənin dostun olmaq... Kaş ki mən də uzansaydım yatağına, sənin yolunda mənə yönəlsəydi silahlar, canımı fəda etsəydim sənə, səni qoruya bilmək üçün bir ilan da məni sancsaydı.

Həyat bir döyüşdür. Bəzən duyğuların, bəzən qılıncların sa­vaştığı geniş bir səhnə. Sən mənə duyğularımı qılınc edib döyüşməyi öyrətdin. Döyüşərək məğlub etdin zülmü, pisliyi. Bədirdə, Uhudda, Xəndəkdə və neçə-neçə döyüşlərdə həmişə öndə oldun. Cəsarətinlə qazandın döyüşləri. Şeytanların göydə, inancsız kafirlərin yerdə olduğu bir dünyada on səkkiz min aləmin əfəndisinin səsini, azanı insanlara yetişdirməyə çalışan, bəzən də yaralanan qartal oldun göylərdə. Ruhlarını şeytana sataraq qazandıqlarını düşünən müşrikləri cəzalandırdın. Səni beləcə yenilməzliyin üçün sevirəm. Səni cihadıma çevrilən Qarabağ mübarizəmdə öndər olduğun üçün sevirəm.

Sultanım mən səni yaxşı bir ailə öndəri olaraq sevdim. Xədicənin gülü, Aişənin qönçəsi, sevgi ulduzunun işığı, uşaqlarını canın qədər sevdin. Kiçiklərin başını oxşayaraq bizə ailədə necə davranılacağını göstərdin. Yalnız ailədə deyil, həyatda doğru olmağı öyrətdin. Sən mənim çatmaq istədiyim sevgi limanım, açmaq istədiyim ən müqəddəs qapı, tutmaq istədiyim ən güclü əl, hər zaman könlümdə yaşamasını dilədiyim xoşbəxtlik, dodaqlarımdan süzüləcək ən gözəl söz, çölə deyil, onlarla içinin dərinliklərinə baxmağı ümid etdiyim dünyanın qaranlığına işıq olan ən gözəl gözlərsən.

Allahım, Hz. Məhəmmədin işığıyla sənə  addımlamağı nəsib et...   

                                                                                                                               

Bu yazı Türkiyə Cümhuriyyəti Səfirliyinin Din xidmətləri Müşavirliyinin təşkil etdiyi "Müqəddəs Doğum Həftəsi" inşa yarışmasında birinci yeri qazanmışdır. Yazı türk dilindən tərcümə olunmuş və ixtisarla verilmişdir.  

 


Mirbəhram Əzimbəyli
Bu yazıya 847 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.