Onun bir günü...


Fatimə Çinar
Bu yazıya 875 dəfə baxılıb.

Günə Gecə İbadətiylə Başlayardı.

ALƏMLƏRƏ rəhmət Əfəndimiz (s.ə.s) gecənin son üçdə birinə doğru oyanardı. Yatağında oturaraq "Bizi öldükdən sonra dirildən Allaha həmd olsun. Yenidən dirildib hüzuruna çağıracaq olan da Odur" deyə dua edərdi. Bəzən Mədinənin aydın səmasına baxaraq, Ali İmran Surəsinin son on bir ayəsini oxuyardı. Sağ tərəfindən başlayıb köynəyini geyinər və ilk işi olaraq  inci dişlərini misvaklayardı.

Dəstəmaz pozacağı yerə yaxınlaşdığı məqamda "Allahım! Hər növ şeytandan (pisliklərdən və günahlardan) sənə sığınaram" deyə dua edər, oradan uzaqlaşarkən "Allahım! Məni bağışlamağını diləyirəm" mənasında "Gufranek" deyərdi. (Tirmizi, Təharət 7) Dəstəmaz alıb təhəccüd namazına başlardı.

Huşu ilə ifa etdiyi uzun gecə ibadətindən sonra mübarək bədəni yorulduğu üçün yenidən istirahət edərdi. Bundan başqa, gecələr Baki Qəbiristanlığına gedər, vəfat edən əshabələrinə dua edərdi. Səhərə yaxın Əfəndimizin müəzzinlərindən Bilal Həbəşi və ya Abdullah İbn Ümmi Məktumdan biri, Rəsulullah (s.ə.s)in evinə iki dəfə baş çəkərdi. Birincisində, namaz vaxtının girdiyini xəbər verər, o zaman Əfəndimiz təkrar qalxıb, səhər namazının iki rükət sünnəsini qılar, sağ tərəfinə uzanıb dincələrdi. Müəzzinin ikinci gəlişində məscidə çıxıb, onu gözləyən əshabələrinə səhər namazını qıldırardı. (Buxari, Təhəccüd 23)

 

Namazdan Sonra Əshabələriylə Söhbət edərdi

Hava tam işıqlanmadan namaz qılınar, namaza gələn qadınlar səssizcə evlərinə qayıdar, təcili işi olmayan kişilər Peyğəmbərimiz (s.ə.s)lə birlikdə olmaq, Onun söhbətində iştirak etmək, Onun gül üzünə doya-doya baxmaq üçün yerlərindən ayrılmazdılar. Mehrabda bardaş qurub oturan Əfəndimiz (s.ə.s) günəş doğulana qədər əshabələriylə söhbət edərdi. (Müslim, Məsacid 286) Bəzən əshabələrindən o gecə gördükləri yuxunu soruşar, yuxularını təbir edərdi; yuxu görən olmamışsa öz yuxusunu izah edərdi.

 

Evinə Bəsmələylə daxil olardı

Peyğəmbər Əfəndimiz (s.ə.s) daha sonra evə qayıdar, bəsmələ çəkərək içəri girər, sol tərəfindən başlayıb ayaqqabısını çıxarar, ev xalqına salam verərdi. Evə bəsmələylə girildiyində şeytanın kədərləndiyini, adamlarını "Artıq burada qala bilməzsiniz" deyə xəbərdar etdiyini söyləyərdi. (Müslim, Əşribə 103) Evə girərkən "Allahım! Səndən xeyirli giriş, xeyirli çıxışlar niyaz edirəm. Allahın adıyla girdik, Allahın adıyla çıxdıq və Rəbbimiz olan Allaha təvəkkül etdik" deyər, içəri girərkən yenə dişlərini misvaklayardı. (Müslim, Təharət 43, 44) Sonra xanımına evdə yeməyə bir şey olub olmadığını soruşar, yeməyə bir şey yoxdursa, oruca niyyət edərdi. (Müslim, Sıyam 169, 170) Əlinə keçəni kasıblarla, xüsusilə də əshabələri ilə paylaşdığı üçün yeməkləri tez-tez tükənər, evlərində həftələrlə yemək bişməzdi. Hz. Aişə anamızın dediyi kimi, belə zamanlarda xurma və su ilə və ya qonşuların göndərdiyi yeməklərlə kifayətlənərdilər. Əfəndimiz gün olurdu ki, bir qab yeməklə, bəzən də bir neçə xurmayla qidalanırdı. Bir şey yeyərkən bəsmələ çəkməyi, sonra da "əlhəmdülillah" deməyi unutmazdı.

 

Xanımlarına Kömək edərdi

Evdə olduğu saatlarda xanımlarına hər işdə kömək edərdi. Lazım olsa evi süpürər, heyvanları sağar, paltarını yamayar, öz işini özü edərdi. (Əhməd İbni Hənbəl, Müsnəd, VI, 256) Hər səhər xanımlarının əhvalını soruşar, ehtiyaclarını öyrənər, sonra da bunları təmin edərdi. Yolda qarşılaşdığı kəslərə salam verib hal-əhval tutardı. Səhər ilə günorta namazı arasında qılınan Duha namazına laqeyd yanaşmazdı. Günorta istisində adətən istirahət edər, yatardı. Bəzən sevdiyi kəslərin evində də istirahət edərdi.

Vaxtının çox hissəsini Məscidi- Nəbəvidə keçirərdi. Müsəlmanlarla orada görüşüb söhbət edər, suallarını cavablandırar, nəsihət istəyənlərə nəsihət verər, İslamı öyrənmək istəyənlərə hər zaman vaxt ayırardı. Əhəmiyyətli bir elan olacağı zaman hər kəsi orada toplayar, qənimət mallarını orada paylayar, göndərəcəyi heyətləri, əsgəri birlikləri, təyin edəcəyi komandirləri, qubernatorları, zəkat məmurlarını, dini öyrədəcək müəllimləri müəyyən edər, xarici heyətləri qəbul edər, onlarla orada və ya məscidin yanında qurulan çadırlarda qonaqlayardı.

 

 

Sağ Tərəfi üzərində Yatardı

Şam namazı qılındıqdan sonra əhəmiyyətli bir işi yoxdursa, qardan ağ dişlərini təmizləyib, dəstəmazını alar, yatağına gedər, İxlas surəsi ilə Muavvizətəyni, yəni Fələq və Nas surələrini oxuyub, əllərinə üfləyər, sonra da əllərini üzünə və bədəninə sürtərdi. Yavaşca sağ yanına uzanar, gül qoxulu ovucuna gül yanağını qoyar və bəzi dualar oxuyardı. Bəzən qısaca "Allahım! Sənin adınla ölər, sənin adınla dirilərəm" mənasında "Allahümme bismikə əmutü və aha" deyər (Buxari, Daavat 7, 8), bəzən daha uzun dualar oxuyar, sonra özünə bir növ ölüm kimi qəbul etdiyi yuxuya gedərdi.


Fatimə Çinar
Bu yazıya 875 dəfə baxılıb.