Klassik Türk Sənəti-Hülya Rıhtımla müsahibə


Reportaj
Bu yazıya 1046 dəfə baxılıb.

Hülya Rıhtım

1971-ci il Adanada doğulub. Sənətə qaraqələm rəsm və ornametlə başlayıb. Evində verdiyi kurslarla təzhib sənətinin Azərbaycanda da yayılmasına səy göstərir. Dördüncü sərgisini keçirən sənətkar evlidir, iki övladı var.

Hülya xanım mümkünsə bizə təzhib sənəti haqqında məlumat verin?

 

Təzhib kəlməsi ərəb dilində əz-zəhəb sözündən olub “qızıllamaq”, “qızılla bəzəmək” mənasında işlədilir. Təzhib, rəssamlığın bir qolu kimi, xalis qızıl və müxtəlif təbii rənglərlə bəzəmə sənətidir. Bu sənətlə məşqul olan insan “müzəhhib” adlandırılır. Qədimdə bu işə nəqş, nəqqaşlıq da deyilirdi. Təzhib sənəti Quranı kərim, din, ədəbiyyat və muxtəlif elm səhaləri ilə bağlı əlyazmalarının bəzənməsi ilə başlamış daha sonralar xətt lövhələrində və albomlarında, cild qapaqlarında, miniaturlarda istifadə edilmiş müstəqil bir sənət növü olmuşdur.

Təzhib sənətinin arnamentləri bədii-estetik əsərlərdə istifadə edilmişdir. Memarlıqda, tekstildə, çini-kaş sənətində, divar bəzəmələrində, xalçaçılıqda və digər səhələrdə tətbiq edildiyini müşahidə edirik. Bakıda Şirvanşahlar sarayının Taq Kapılarının bəzəklərində, Şəkidə Xan sarayının hər tərəfində bunun gözəl nümunələri mövcutdur. Təzhibdə istifadə edilən boyalar quaj və plaka boyalarıdır. Qızıl isə nazik vərəklər şəklində avropadan gətirilir. Bu vərəklər əl ilə əzilib, jelatinlə qarışdırılaraq istifadə edilir. Cild qapaqları təzhib sənətinin tətbiq edildiyi əhəmiyyətli bir sahədir. XV əsrdən sonra rast gəlinən cild qapaqlarının bəzənməsində, dəri üzərində halkar və natura çiçək buketi və motivlərinin tətbiq edildiyi “şükufə” ən çox istifadə edilən bəzəmə tərzidir.

Təzhib sənətinin əlyazmalardan sonra ən çox istifadə olunduğu sahə hüsnixətt lövhələrı və albomlardır. XVIII əsrdən bəri lövhə halında böyük yazılar yazılmağa başlanmışdır. Bu müasır dövrümüzdə təzhib sənətinin ən çox istifadə edildiyi bir sahəsi olmuşdur. Lövhə şəklindəki yazıların ətrafına çox vaxt açıq və tünd rəng fonu üzərinə sırf qızılla halkar tərzində tətbiq edildiyi kimi silmə təzhib də çəkilir.

 

 Bu sənətin hansı növləri mövcuddur?

 

Sadəcə qızıl istifadə edilərək çəkilən təzhibə “halkar” deyilir. Qızıl və boya ilə çəkilən təzhiblər içində rumi və xətayi adı vərilən arnamentlərdən də çox istifadə olunur. Münhani və çintəmani kimi ornamentlərə isə müxtəlif rəsmlərdə yer verilir.

 

Təzhib arnamentlerinin bəzi fəlsəfi mənaları olduğu deyilir. Bu haqda nə deyə bilərsiniz?

 

Hər sənətin özünə məxsus fəlsəfi mənaları vardır. Təzhib sənətində də dərin bir fəlsəfi məzmun vardır. Bu sənətin ilk və ən gözəl örnəklərini Quran bəzəmələrində görmək mümkündür. Quranda istifadə edilən motivlər və rənglər təsəvvufi mənalar ifadə edir. Burada Allahın yaradılışdakı mükəmməllik və sonsuzluk ilə yaradılmışların gözlliyi və sonluluğu harmonik bir şəkildə ifadə edilir. Bu sonsuzluq və sonluluq bu sənətdə simvollarla təqdim olunur.

Təzhibli bəzəmələrdə, bir çox yerdə istifadə edilən kvadrat və düzbucaqlar yer üzünü, yarımdairələr və üçbucaqlar göy üzünü ifadə edir. Eyni motivlərin zəncirvari şəkildə təkrarlanması dünya və kainat üzərindəki ritmi göstərir. Tək səhifə üzərində çəkilən bəzəmələr mikrokosmosu, cüt səhifə üzərinə çəkilən bəzəmələr makrokosmosu ifadə edir. Mikrokosmosların çoxluğu, bəzək biçimləri ilə təmsil edilir və hər biri öz mərkəzi üzərində hərəkətləndirilir.

Ortaq mərkəzi dairələr, biri digərinin arxasında xəyali bir fəza yaradır. Bunlar islam dininin görünüşünü və gözəlliyini ifadə edir. Bu mənada sonsuzluq ifadə edilmiş olur. Rənglərdə də sonsuzluq təsiri artırılmağa çalışılır.

Qızıl ən önəmli rəng olaraq istifadə edilir. İşıq rəngi olan qızıldan bilgi simvolu olaraq istifadə edilir. Təzhibdə çox istifadə etdiyimiz şəmsə motivi ərəb dilində “günəş” mənasındadır. Qızıldan sonra çox istifadə edilən rəng mavidir. Mavi də sonsuzluğu və səmanı ifadə edir.

Təzhibdə istifadə edilən motivlərin çoxu sənətin əsas göstəricisi Allah sevgisidir. Beləki, burada işlənən qızıl, ışığın göstəricisidir. Işıq nurun. Nur isə Allah Təsalanın. Həmçinin Şəms modeli də günəşi, günəş işığı, işıq nuru. Mavi rəng səmanı, onun içindəki çiçəklər ulduzları, kainatın tarazlığını və daim fırlandığını nümayiş etdirir.

 

Təzhib sənətinin tarixi bizim üçün maraqlıdır. Bu mövzudakı bilgilərinizi bizimlə bölüşərsinizmi?

 

Nəqqaşlıq da adlandırılan təzhib sənətinin başlanğıcı uyqur türklərinə aid edilsə də əlimizdəki mövcut ən qədim örnəklər XII-XIII əsr Səlcuqlu əsərlərində rast gəlinir. Bu dönəmin motiv və ornamentləri sadə və bəsitdir. XV-XVI əsrlərdə təzhibdə böyük bir tərəqqi başlayır. Bunda sənətə və sənətkara dəyər verən dövlət başcılarının rolu böyükdür. Türküstanda Teymur və Osmanlı dövlətində Fateh Sultan Məhmədin zamanında böyük sənətkarların yetişdiyi bir dövrdür. Bu əsrdə Qərbi Türküstanda Herat, Xivə, Buxara, Səmərqənd kimi mərkəzlərdə təzhib sənəti geniş inkişaf etmişdir. Qaraqoyunlu və Aqqoyunlularda da inkişaf etməyə başlayan təzhib sənətinin Osmanlıdakı ən məşhur təmsilçisi saray nəqqaşı Baba Nəqqaşdır. Teymurun nəvələrindən Uluğ Bəy, Hüseyn Bəyqara və bilgin vəzir Əlişir Nəvainin himayə və dəstəkləri ilə çoxu türk olan sənətkarlardan meydana gələn Herat məktəbini və Kəmaləddin Bəhzad kimi bir dahini meydana çıxarmışdır. Herat məktəbi daha sonra Şah İsmailin buranı tutarak sənətkarları Təbrizə aparması ilə Səfəvi sənətinın inkişafına böyük təsir göstərmişdir

Təzhib və miniatür sənəti XVI-XVII əsrlərdə Osmalı və Səfəvilərdə ən parlaq çağını yaşamışdır. Xüsusən Osmanlıda Qanuni, Səfəvilərdə isə Şah İsmayıl və I Təhmasib zamanı “klassik dövr” deyə adlandırılan bu əsrdə çox önəmli müzəhhiblər və miniatür ustaları yetişmişdir. Həmin dövrdə tam olarak açılmış Gülün ortasından kəsilmiş rəsmi olan “xətayi” və maral, quş kimi heyvanların stilizə edilmiş “islimi” də deyilən “rumi”  motivlərindən böyük bir ustalıqla istifadə edildiyi görülür. Şahqulu və Vəlicanın İstanbulda, Sultan Məhəmmədin Təbrizdə qurduğu məktəblər ilə Azərbaycanlı sənətkarlar bu sənəti ən yüksək yerə qaldırmışlar. Şahnaməyə və Nizaminin “Xəmsə”sinə çəkilən miniatürlər və təzhiblər bu sənətin ən möhtəşəm örnəkləridir. Bu əsərlərin çoxu ABŞ, İngiltərə, Fransa və Rusiya kimi ölkələrin muzeylərində ən dəyərli əsərlər arasında sərgilənir. XVIII əsrdən sonra zəifləyən təzhib sənəti XX əsrdə yenidən canlanmışdır. Bu gün təzhib sənəti Türkiyədən başqa İran, Özbəkistan, Pakistan, Misir və İraqda öyrədilir. Bu sənət son illərdə çox diqqət çəkmiş və dünyada yayılmağa başlamışdır.

Rumi (İslimi) Şirvanşahlar divanxana bəzəyindən alınmışdır.

 

Hülya xanım bizim üçün maraqlı olduğuna görə təzhibin hazırlanması haqqında bizə danışa bilərsinizmi?

 

Təzhibin əsas maddəsi qızıldır. Burada istifadə olunan qızıl çox nazik vərəqlər şəklində kağızların arasında saxlanılır. Bu cür qızıl bir başa yapışdırılaraq da istifadə oluna bilər. Başqa bir halda isə qab içərisində barmaqla əzilir. Daha sonra jelatin ilə qarışdırılır boya kimi fırça ilə çəkilə biləcək bir şəklə salınır. Sonra da firçadan istifadə ilə işlədilir. Bir təzhibin hazırlanmasında izlənən klassik yol belədir.

Əsərin hazırlanmasına gələndə: bu sənətdə simetriya vacib olduğundan əvvəla çəkmək istədiyimiz şəkil təsəvvür edilir. Sonra da nazik kağız üzərində rəsmi əmələ gətirən cizgilər, millimetrlik məsafələrlə qələm ilə diqqətlə çəkilərək qəlib hazırlanır. Bu qəlib bəzədiləcək xətt vəya rəsm üzərinə yerləşdirilərək əsl kağıza köçürülür. Boyama işinə qızılla başlanır. Qızılın parlaması üçün “Zərmührə” adlanan bir alətdən istifadə olunur. Bunun üçün əsasən əqiq daşı istifadə edilir. Bu daşın qızıla sürtülməsi ilə o, parlaqlaşır. Daha sonra çox incə bir fırça işlədilərək konturlar çəkilir. Bu konturlara təhrir deyilir. Konturların çəkilməsi ilə başqa rənglərin qızılın üzərinə axmasının qarşısı alınmış olur. Sonra kənarlar rənglənir. Ən sonda başqa rənglər əlavə olunur.

 

Göründüyü kimi bu sənət çox çətin olmaqla yanaşı insanın səbrli olmasını da tələb edir. Məhz bu sənəti seçməyinizə nə səbəb oldu?

 

Ümumiyyətlə gənc yaşlarımdan rəssamlığa böyük marağım var idi. Ailə qurduqdan sonra həyat yoldaşım məndəki qabiliyyətin inkişaf etməsi üçün böyük dəstək oldu. Azərbaycana gəldikdə təxminən 13 il bundan əvvəl xalçaçılıq sənətinin incəliklərini öyrənməyə başladım. İlk olaraq Lətif Kərimovun bir tələbəsindən dərs aldım. Azərbaycan naxışlarını və bəzi ornamentləri öyrəndim. Hazırda əsərlərimdə onlardan da istifadə edirəm. Daha sonra həyat yoldaşımın təklifi ilə İstanbulda Saimə Çələbidən xüsusi dərslər alaraq bu sənətin incəliklərini və sirlərini öyrənməyə cəhd etdim. Hələ də cəhd edirəm. Təzhib sənətinin özünə məxsus əsrlərdən gələn qaydaları var. Hər sənət kimi bunu öyrənməyin də əsas şərti yaxşi bir ustaddan dərs almaqdır. Bundan başqa qabiliyyət, səbr və məhəbbət gərəkdir. Bu çok incə bir sənətdir. Böyük diqqət və səbr tələb edir. Ümumiyyətlə sevgi və səbr olmadan bir sənətlə məşgul olmak mümkün deyil.

 

Hülya xanım dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə təşəkkür edirik.  

 

 

 


Reportaj
Bu yazıya 1046 dəfə baxılıb.