Həyatımızı oğurlayan televizor


Asya Sancar
Bu yazıya 811 dəfə baxılıb.

Evlərimiz… Hara getsək də sonda geri qayıtdığımız yerdir… Evlərimiz… Doğumlarımız, ölümlərimiz, sevinclərimiz, kədərlərimiz, dostluqlarımız, yeməkxanamız, yataqxanamız, uşaqlarımızın ilk məktəbləri, bizim ilk analıq, atalıq həyəcanlarımız, qısacası həyatımızın hər anını yaşadığımız qiymətli yuvalarımızdır. Hər zaman qoruduğumuz, baxdığımız, əziyyətini çəkdiyimiz evlərimiz…

          Öz həyatlarımızı, öz qanunlarımızı, öz inanclarımızı hər yerinə həkk etdiyimiz evlərimizin baş tərəfində özü üçün xüsusi alınmış masasıyla televizorlarımız var və biz evdə olduğumuz vaxtın çoxunu televizor qarşısında keçiririk.     

          Evlərimizdə demək olar ki, hər an açıq olan televizorlar hər gün, hər an minlərlə faydasız məlumatı həyatımıza daxil edir. Televizora baxmaqdan fürsət tapmayaraq edə bilmədiyimiz işlər dağ kimi böyüyür. Düşüncələrimiz parçalanır və heç bir mövzuda maariflənməyən, hər şeyi səthi yaşayan fərdlərə çevirir bizləri. Televizor daim bizım başımızı qatmaqla, zikrdən, ibadətdən, haqqa dair söhbətdən uzaq tutan zərərli bir alətə çevrilir. Dünya ilə aramızda sağlam bir körpü qurma vəzifəsinə getdikcə daha az xidmət edən verlişlərlə, ənənələrimizi, dəyərlərimizi davamlı olaraq istehlak əxlaqına qurban etməyimizi istəyən bir təzyiq qurğusuna çevrilir.

          Televiziya ilk olaraq danışdığımız dilə təsir edir. Getdikcə korlayaraq, dilimizi öz əsirinə çevirir və hisslərimizi başqa dillərdəki sözlərlə ifadə etməyə başlayırıq. Anlayışımızı zəiflədir, söz ehtiyatımızı azaldır. Danışarkən istifadə etdiyimiz sözlərin sayı o qədər azalır ki, az qala öz ədəbiyyatımızı, öz şeirimizi anlaya bilmirik.

          Yuvalarımızda xoşbəxt bir həyat yaşamaq, küçələrin təhlükə və qorxularından uzaq olmaq, bir-birini sevən və sayan fərdlər olmaq istədikcə, televiziyanın mənfi təsirlərinə məruz qalaraq bir-birimizlə ünsiyyət qura bilməz hala gəlirik. Evlərimizdə ya televiziyada olan bir hadisəni danışırıq, ya da heç danışmırıq. Uşaqlarımızın reklam fasiləsində görüb bəlkə də yarım bir gülüş hədiyyə edirik.

          Əslində çox vaxt televizor izlədiyimiz üçün maraqlana bilmədiyimiz ailələrimizlə aramızda bir uçurum meydana gəlir, bu ünsiyyətsizlik xoşa gəlməz hadisələrə, boşanmalara səbəb olur.

          Televiziya verilişlərində xüsusilə reklamlar və seriallar vasitəsilə verilən mesajlar, bizi bir istehlak cəmiyyəti olmağa təhrik edir. Getdikcə ehtiyacların yerini arzular, yalnız sahib olma hissi ilə edilən alverlər alır. Bu yalnız bizim qazancımıza təsir edən bir vəziyyət olmur, eyni zamanda fərdiləşməyi də özü ilə gətirən bu verlişlərlə mənəvi dünyamız da zədələnir. Qohumluq, yoldaşlıq əlaqələri zəifləyir daim artan ehtiyaclarımız səbəbiylə yalnız özümüzü düşünür və təkləşirik. Ömrümüzün sayılı günləri ağ şüşənin qarşısında tükənərkən, əxlaqi dəyərlərimiz korlanır, fitrətimizə zidd olan hissləri qəbul edir və hətta mənimsəyirik. Dedi-qodu, qeybət, xəyanət, hirs kimi pis xüsusiyyətlər gözümüzdə normallaşır.

          Belə bir sual verək özümüzə gündə neçə saat televizor izləyirik? Neçə saatımızı televizora qurban edirik? Daim açıq olan televizorun səsindən ən son nə vaxt narahat olduq? Uşaqlarımızı televizor qarşısında unudub onların körpə, tərtəmiz olan beyinlərini neçə saat faydasız şeylərlə doldurduq?  

          Televizorlar gündəlik həyatımızın bir parçasıdır. Əlbəttə televizoru izləyərək dünyada və ölkəmizdə nələr baş verdiyini öyrənməklə yanaşı, bəlkə həyatımızda istifadə edəcəyimiz bir çox məlumata bu vasitə ilə sahib olacağıq. Ancaq bunu unutmamaq lazımdır ki, hər texnologiya aləti yaxşını və pisi bir yerdə saxlayar. Bu səbəblə televiziya verilişlərinin təsirlərindən qorunmaq üçün şüurlu tamaşaçılar olmalıyıq. İdarəli bir şəkildə etibarlı və faydalı proqramları izləməliyik. Uşaqlarımıza televizor qarşısında uzun müddət oturmağa icazə verməməliyik, onlara sağlam və yaşlarına uyğun proqramlar izlətdirməliyik. Öz mənəvi dəyərlərimizə sahib çıxaraq, inanclarımıza bağlı bir şəkildə quracağımız həyat bizi və ətrafımızdakı insanların daha xoşbəxt və dinc olmasını təmin edəcək. Xüsusilə uşaqlarımızı yetişdirərkən onlara hər şeyi doğru bir şəkildə öyrədən biz olmalıyıq. Onlara öz davranışlarımızla nümunə olmalıyıq. Onlara təmiz bir gələcək verməli, biz də dinclik içində yaşaya bilməliyik. Bu da ancaq hər anımızı dəyərli keçirməklə mümkün olar.

 

 


Asya Sancar
Bu yazıya 811 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.