Orta Asiyada Qadın Olmaq!


Xədicə Şahin
Bu yazıya 996 dəfə baxılıb.

Qazaxıstana ilk gəldiyimiz vaxtlarda mikroavtobusa minərkən orta yaşda bir qadın oturmağa yer olduğu halda ayaq üstə dayandığını gördüm. İlk baxışda sərnişin kimi görünən qadın, mikroavtobus hərəkət edərkən sərnişinlərdən yol pullarını toplamağa başladı. Mikroavtobus sürücüsünün köməkçisi olduğunu anladım. Növbə yaşlı Rus bir qadına gəldiyində qadın təqaüdə çıxdığını və ondan pul alınmadığını, belə bir haqqı dövlətin ona verdiyini söylədi. Köməkçi qadın, bu haqqın ləğv edilib maaşlarına əlavə olunduğunu söyləyərək, pul verməsini məcbur edərkən sərnişinlərdən bəziləri, qadını incitməməsini xahiş etdilər. Köməkçi qadın "necə buraxım, mən səhər saat 5-dən, axşam 9-a kimi mikroavtobusda işləyirəm. Evdə üç az yaşlı uşağım var və onların üzünü də görə bilmirəm" dedikdə, heç kim etiraz edə bilmədi və Rus qadın da pulunu ödəmək məcburiyyətində qaldı.

 "Həyatın ilk illərində uşağın bədən inkişafı üçün vitamin və zülal nə qədər lazımdırsa, fiziki, əqli və düşüncənin inkişafı üçün ana sevgisi də o qədər vacibdir". Məşhur mütəxəssis Boulbyun dediyi kimi bu qadın da uşaqlarının bədənlərinin inkişafı üçün səhərdən axşama qədər çırpınarkən, ruhi inkişafları nə qədər geriləyir?

    Burada yanacaq doldurma stansiyasında benzin dolduran bir qadın görə bilərsiniz. Maraqla ətrafa göz gəzdirərkən avtomobil yuyan qadınlarla da qarşılaşacaqsınız. Və ya iş axtaranların növbə gözlədiyi yerdə bir qrup qadının boyaq, suvamaq və s. usta işləri üçün gözlədiklərini görərsiniz.

          Bazarlarda mənzərə yenə eynidir. Qadınlar əksəriyyəti evlərinə bir parça çörək apara bilmək üçün çırpınırlar. Və bazarda gəzişərkən bəlkə də min bir çətinliklərlə əldə etdiyi kiçik əl arabası ilə yük daşıyan qadınlarla qarşılaşarsınız. Qarışqa kimi öz gücündən qat-qat çoxunu çəkən, həyatın xətləri tək-tək üzündə meydana çıxan qadınlar…

          Ayrıca insanı çaşdıran mənzərələrdən biri də küçələri təmizləyənlərin qadın olmasıdır. Səhər tezdən yollara düşüb, soyuğa, istiyə baxmadan insanların etinasızca çirkləndirdiyi prospektləri, səkiləri süpürərkən isti evdə oturub, uşaqlarını şəfqətlə qucaqlamaq xəyalları da zibil yığınları arasına qarışıb itir.

Yolunuz Qazaxıstan, Monqolstan, Qırğızıstan və ya hər hansı bir SSRİ küləyinin əsdiyi ölkələrdən birinə düşsə tez-tez qadınların kişi gücü tələb edən işləri etdiyini və ya dolana bilmək üçün etmək məcburiyyətində olduğunu görərsiniz.

 Komunizm sözün əsl mənasında bərabərlik gətirmişdir. Deyəsən, qadın kişi arasında bərabərlik gətirəcəyəm deyərkən həddi bir az aşıb. Bəzən düşünürəm bərabərlik əldə etmək qadının yuvasına, uşaqlarına həsrət, səhərdən axşama qədər dayanmadan çalışmasıdır? Və ya Qurani-Kərimdə deyildiyi kimi "sizin qadınlar üzərində haqqınızın olduğu kimi, qadınların da sizin üzərinizdə haqqı vardır"(Bəqərə/228) ayəsində lazımınca qadının da haqqlara sahib olmasıdırmı?

            Komunizm bərabərlik adıyla qadını əzdiyi kimi ailə quruluşunu da pozmuşdur. Kapitalizm isə qadının üzərindən böyük pullar qazanaraq bir sərmayə gözüylə baxmışdır. Reklamlardan ta avtomobil, yaxt sərgilərinə qədər hər yerdə qadına əmanət olaraq verilmiş bədənlər sərgilənir. Bundan da kapitalistlər böyük həzz almaqdadır. Çünki sərgilənən bədənlər bəzilərinin cibini doldurmaqdadır. Hər iki ideologiyada da məqsəd qadını qorumaq deyil, əzməkdir.

İslam isə hər "izmdən" daha çox insanların, xüsusilə də qadınların haqqlarını qorumuşdur. Qadının fitrətinə uyğun çalışa biləcəyi çox işlər vardır. Çünki fitrət, fitri (təbii) olmayan şeyi rədd edir. Qadın fitrətinə (təbiətinə) uyğun olmayan işlər, qadını daha erkən yaşlandırır. Bədbəxt bir qadın portreti ortaya çıxarır.

Qadının çətinliyi bununla bitməz. Dünyada bir çox yerdə edilən araşdırmada ən çox şiddətə məruz qalan yenə qadın olmuşdur. Ən az üç qadından biri döyülmüşdür. Ailə içərisində cinayətlərə məruz qalanların da əksəriyyəti qadınlardır. Birləşmiş Millətlərin araşdırmalarına görə, dünyada edilən işlərin 66%-i qadınlar tərəfindən görülərkən, mal varlığı olaraq yalnız 1%-nə sahibdirlər. Bu statistikalar İslam dininin qadına miras haqqını verərək ucalığını ortaya qoymaqdadır.

Qadınlar bir tərəfdən zərər çəkmiş olsalar da, digər tərəfdən də 8 Mart dünya qadınlar günü, Analar günü deyərək qadının haqları bir neçə günə sığdırılmağa çalışılmışdır. Bu da kapitalizmin qadınlar üzərindən oynadığı başqa bir oyundur. Çünki o gün satışlar yüksək həddə çatar. Dəyəri unudulan qadının qüruru, yalnız bir gündə qırıq bir güllə, təmir edilməyə çalışılar. Bütün qadınların diləyi isə qürurları zədələnmədən bir ömür boyu dəyər görərək yaşamaqdır. Xoşbəxt o insandır ki, cənnətin qadınların ayaqlarının altında olduğunu unutmayıb, inci kimi gördükləri analarını, yoldaşlarını, qızlarını sədəfin içində saxlayarcasına layiq olduqları yerlərə yerləşdirsinlər…   

 


Xədicə Şahin
Bu yazıya 996 dəfə baxılıb.