Birə Min


Aynur Yücətaş
Bu yazıya 1742 dəfə baxılıb.

İnsan. Allahın yaratdığı ən mükəmməl varlıq. Insan özünə baxdıqda və incələdikdə heç bir yerdə bənzərlik tapmayacaq. Yəni bu kainatda bir-birinin bənzəri olan iki şey yaradılmamışdır. Bu isə Allah (c.c) nin Əl-Müsavvir ismi-şərifinin təcəllisidir. Yaradıcı böyük güc olan Allah hər şeyə hakimdir və hər şeyi görür. Bu, asan olmasa belə. Allahın yaratdığı canlılar içərisində insan müxtəlif potensiallarla yaradılır. Ancaq bütün bunları dərk edən insan bu bacarıq və potensialdan müvəffəqiyyəti yaxalamaq üçün istifadə edə bilər. Həyatımızı gözəlləşdirmək öz əlimizdədir. Bütün bunlar necə olacaq?- deyə soruşsanız, bilin ki, bu mümkündür. Bir insan inanca sahibdirsə, sevginin gücünə inanırsa, gözəl əxlaqa malikdirsə, səbirli, yaxşılıq etməyi sevirsə, bu mümkündür. Məsələn, buna yaxşılıqla başlaya bilərik. Atalar yaxşı deyib, yaxşılıq et, at dənizə, balıq bilməsə də Xaliq biləcək”. Yaxşılığın aça bilmədiyi qapı yoxdur. Əsas odur ki, bu yaxşılıqdaki niyyət pozulmasın. Daş ürəklər belə səmimi niyyətlə yerinə yetirilən yaxşılıq qarşısında mum kimi əriyir. Yaxşılıq bütün dərdlərə dərmandır. Xəstəliklərə şəfadır. Ən çətin işlərin həllinə vəsilədir. Bir alim “Allahım xeyir işləmək gücümü artır”deyərək dua etmişdir. Əsl müdriklik xeyir işləmək, yaxşılıq etməkdir.

     Bu dünya yaxşılarla pislərin müsabiqə meydanıdır. Amma yaxşılıqla yamanlıq arasında bir addım var. Yəni bir niyyət, bir söz hər şeyi tərsinə çevirə bilir. Yaxşılıqlarımızı baha qiymətə satmayaq. Etdiyimiz yaxşılığı və bizə olunan yamanlıqları unudaq. Elə burda bir atalar sözü yada düşür. Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq ər kişinin işidir. Yaxşılığın sirri qarşılıq gözləməmək, başa vurmamaq, dilə gətirməməkdir. Əks halda, insana yaxşılığın köləliyi qalır.  Necə deyərlər, sağ əlin verdiyini sol əl bilməməlidir.

      Xeyirxahlıq etmək insanın intellektinə, təhsilinə, zənginliyinə baxmaz. Bəzən sadə iman sahibi bir insan önəmli yaxşılıqlara imza atır. Neçə zəngin, intellekti yüksək olan insan da var ki, sədəqə boğçası bom boşdur. Bir sədəqə min bəlanı dəf edər. Birə min Allahım, bu nə xoşbəxtlik, nə comərdlik?! Deməli, rahat vaxtımızda yetərli qədər əl tutaq ki, sıxıntılı günlərimizdə onlar bizə qayıtsın. Etdiklərimizin hər iki dünyamızı cənnətə çevirməsi üçün bir şeyə diqqət etməliyik. Nəfsimizə ağır gələcək səviyyə və miqdarda yaxşılıq edək. Bu zaman şeytan və nəfs dəli olacaq. Xəsislik özü ilə bərabər yoxsulluq gətirər. Qazandığı puldan bərk-bərk yapışır, daha çox qazanmamaqdan qorxur. Inanın ki, bu qorxu insanın xoşbəxtliyini və rahatlığını əlindən alır. Onda gəlin comərd olaq!

 


Aynur Yücətaş
Bu yazıya 1742 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Birə Min