Əmanətə “mədəni” xəyanət Siqaret


Vüsalə Manafova
Bu yazıya 980 dəfə baxılıb.

İllərdir alimlər siqaret çəkməyin sağlamlığa zərəri haqda xəbərdarlıq edirlər. Buna baxmayaraq, bütün dünyada insanlar siqaret çəkməyə davam edir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il təxminən beş milyona yaxın adam siqaret çəkməyin nəticəsində ölür. Bu rəqəm ildən-ilə artır. Təşkilat xəbərdarlıq edir ki, əgər problemin qarşısı alınmasa, 2020-ci ildə tütündən istifadə etmək nəticəsində 8 milyona yaxın adam həlak olacaq.

Siqaret tütün bitkisinin (Nicotina tabacum) qurudulmuş olan yarpaqlarından hazırlanır. Tütün istər trubka, istərsə də müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış siqaretlərdən istifadə olunsun, bütün bunlar, nikotinin insan orqanizminə göstərdiyi zərərli təsirlərin qarşısını ala bilməz.

Siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilmişdir. Siqaretin tüstüsündə zərərli maddələrdən olan nikotin, qatran, karbon monoksid (CO) və xərçəng yarada bilən maddələr var. Siqaret çəkmək habelə, ürək xəstəlikləri, iflic və xərçəng xəstəliklərinin digər formalarının yaranmasına gətirib çıxarır. Amerika Xərçəng cəmiyyətinin bildirdiyinə görə, Birləşmiş Ştatlarda ağ ciyərdə xərçəng xəstəliyinin yaranmasına 87% siqaret çəkmək səbəb olur. Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı vəzidə xərçəng xəstəliyi çox hallarda siqaret çəkmək nəticəsində əmələ gəlir. Adamlar siqareti çəkməyə başlayan kimi, onun mənfi təsirlərinə məruz qalır, siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin alkoqol və kokain qədər güclü təsirə malikdir.

Nikotindən tibbi məqsədlərdə istifadə olunmur, çünki zəhərli maddədir. Əgər 100-120 mq miqdarında nikotin hər hansı bir adamın damarına vurularsa, bu halda həmin adam ölə bilər. Burada məsələnin maraqlı cəhəti həmin həcmdə (100-120 mq) maddənin cəmi 2 qutu siqaretin tərkibində olmasıdır.

Məlumdur ki, gündə 2 qutu siqaret çəkən insanlar çoxdur. Onlar bəs nə üçün zəhərlənmirlər  sualı ortaya çıxır. Cavab olaraq onu deyə bilərik ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş zəhərlənir. Siqaret çəkənlərin birdən-birə zəhərlənərək ölməmələrinin səbəbi isə onların siqareti yandıraraq çəkmələridir. Daha doğrusu, siqaret yandırılarkən tərkibindəki nikotin havaya yayılır və yalnız müəyyən bir hissəsi orqanizmə keçir.

Nikotin böyrəküstü vəzlərdən adrenalin və noradrenalin hormonların ifraz olunmasına səbəb olur. Belə bir vəziyyət isə bir müddətdən sonra mədə yarasının yaranmasına gətirib çıxarır. Bundan başqa, siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və bunun nəticəsində isə qan təzyiqi yüksəlir.

Davamlı olaraq siqaret çəkən adamlar bir müddət siqaret çəkmədikdə bu zaman əl və ayaqlarına qan az gedir və həmin orqanlarda temperatur aşağı düşür. Belə vaxtlarda yalnız siqaret çəkildikdən 15-20 dəqiqə sonra əl və ayaqlarda temperatur normal hala çatır. Nikotin həmçinin ciddi asılılığa səbəb olan bir maddədir, insanları çox vaxt yeniyetməlik dövründə özünə əsir edir. Bu dövrdə siqaretə başlayanlar ömür boyu siqaret çəkmə riski altındadırlar.

    Bu yaxınlarda Sidney Universiteti müəllimlərindən Prof. Simon Chapman, siqaret filtrlərində donuz qanından alınan hemoqlobin maddəsinin istifadə edildiyini iddia etdi. Prof. Chapman, donuz məhsulları mövzusunda həssas olan müsəlman və yəhudilərin bu mövzudan xəbərdar edilmələrinin lazım olduğunu vurğulayıb. O bildirir ki, siqaret firmaları "ticarət sirri"ni səbəb göstərərək, siqaretlərdə istifadə etdikləri qatqı maddələrini açıqlamırlar. Donuzu "haram" olaraq görən inanc mənsublarının bu xəbərdən məmnun olmayacaqlarını ifadə edən Avstraliyalı professor, tütün sənayesində istifadə edilən maddələrin şərh edilməsinin zəruri olduğunu qeyd edib. "Daily Mail" in xəbərinə görə, Sidney Universitetində reallaşdırılan araşdırmada siqaret filtrlərində bir növ qan zülalı olan hemoqlobin müəyyən olundu. Hemoqlobinin, filtrlərdən keçən tüstüdəki zəhərli maddələrin daha təsirli bir şəkildə süzülməsi üçün istifadə edildiyini açıqlayıb. Prof. Chapmana görə, bəzi siqaret istehsalçıları istifadə etdikləri qatqı maddələrinin böyük hissəsini açıqlamaqla birlikdə, bir çox maddəni də "digər qatqı maddələri" adı altında qruplaşdıraraq gizlədiyini vurğulayıb. Chapman bu günə qədər yalnız Yunanıstanda bir siqaret firmasının filtrlərdə donuz qanından əldə edilən hemoqlobindən istifadə edildiyini rəsmi olaraq açıqladığını ifadə edərək: "Donuzu haram sayan bir inanca mənsubsunuzsa, siqaretdə istifadə edilən maddələri bilmə haqqınız var" dedi.

Təəssüf ki, siqaretin zərərləri bunlarla bitmir. Daha bir neçəsini sadalayaq.

1. Hafizə zəifləyir. Ona görə ki, damarlarda kirəclənmə baş verir (arteriyoskleroz).

2. Əhval-ruhiyyə pozulur, yuxusuzluq əmələ gəlir.

3. Dəridə qırışlar yaranır.

4. Hamilə qadınların hələ doğulmamış uşaqları ana bətnində zərər çəkir: cılız, zəif uşaqların doğumu, hətta ölu doğum ehtimalını artırır.

5. Uşağı əmizdirən analarda nikotin ana südü vasitəsi ilə körpəyə keçir və bu da uşağın gələcək inkişafına mənfi təsir göstərir.

6. Siqaret çəkənlərin yanında oturanlar da siqaretdən zərər çəkir. Evdə siqaret çəkən bir ata öz uşaqlarını da zəhərləyir.

7. Hər nəfəs siqaret təxminən 100.000 beyin hüceyrəsini öldürür. İndiyə qədər siqaret çəkməyin faydasını heç kəs görməmişdir.

Siqaret çəkməyin zərərli cəhətləri, şübhəsiz, burada göstərilənlərdən daha çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı verdiyi rəqəmlərə görə dünyada hər on üç saniyədə bir insan siqaret üzündən həyatını itirir və bu rəqəmə ölmədən əvvəl illərlə əziyyət çəkən insanlar daxil deyil.

Bütün bunlarla yanaşı siqaret çəkən insan başqalarını da zəhərlədiyinə görə dini nöqteyi nəzərdən qul haqqına girərək və ən vacibi də bilə-bilə Allahın verdiyi can əmanətinə xəyanət etməkdədir. Əmanətə xəyanət etməyək! 


Vüsalə Manafova
Bu yazıya 980 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.