Peyvəndləri nə üçün etdirməliyik?


Vüqarə Məmmədova
Bu yazıya 2903 dəfə baxılıb.

Uşağın bəzi yoluxucu xəstəliklərlə (vərəm, poliomielit, difteriya, göy öskürək, tetanus, çiçək, qarın yatalığı) xəstələnməməsi üçün ona peyvənd vururlar. Bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasında peyvənd mühüm və təsirli mübarizə üsuludur. Peyvənd vurulmuş uşaqların əksəriyyəti bu yoluxucu xəstəliklərə tutulmur, xəstələndikdə isə xəstəlik yüngül keçir.

   Peyvəndlərin əlavə təsiri. Peyvənd vurulandan sonra temperaturun qalxması, yaxud peyvənd vurulan yerin ağrıması, qızarması kimi hallar ola bilər. Bu əlavə təsirlər təhlükəli deyil və bunlardan qorxmağa dəyməz. Yadda saxlamaq lazımdır ki, peyvəndlər uşağı qorxulu xəstəliklərdən qoruyur. Peyvəndlər uzun müddətli immunitet yaradır. Peyvəndlər müalicə zərdablarından fərqlənir. Müalicə zərdabları xəstəliyə qarşı ancaq qısa müddət üçün (18-28 gün) immunitet yaradır. Müalicə zərdabları (məsələn: Qamma-qlobulin) profilaktika məqsədi ilə vurulan peyvəndləri əvəz edə bilməz. Qamma-qlobulini uşaqlara həmin ailədə və ya qonşuluqda infeksion hepatitlə və s. xəstələnən olduqda, həmçinin qızılcanın qarşısını almaq üçün körpə və zəifləmiş uşaqlara profilaktika məqsədi ilə vurulur. Çünki onlar üçün bu xəstəlik ciddi təhlükədir. Beləliklə,  qızılca ilə xəstələnmə müddəti gecikdirilir, çünki uşaq böyüdükcə onun orqanizminin müqaviməti də artır. Və o, xəstəliyi asan keçirə bilir.

Qamma-qlobulin yalnız vaxtında vurulduqda istənilən nəticəni verir, buna görə də onu mütləq həkimin təyin etdiyi müddətdə vurmaq lazımdır.

Vərəmə qarşı peyvəndlər (BSJ). Peyvənd vurmaqla vərəmə qarşı immunitet əldə edilir. Adətən, yeni doğulmuş uşaqlara bu peyvənd hələ doğum evində ikən vurulur. 6-8 həftədən sonra peyvənd yerində qırmızı, şiş (düyün) əmələ gəlir. Bəzən isə irin çıxır. Sonrakı 4-6 həftədə həmin şiş heç bir müalicə olunmadan sağalır və onun yerində balaca çapıq əmələ gəlir. Uşaqları və yeniyetmələri profilaktika məqsədi ilə müntəzəm surətdə müayinədən keçirirlər. vərəmə həssas uşaqlara peyvəndi təkrar edirlər. vərəmin fəal, yoluxucu forması ilə təmasda olan uşaqlara xüsusi fikir verilməlidir. Belə uşaqlar daim həkim nəzarəti altında olmalıdırlar.

  Çiçəyə qarşı peyvənd. Uşaqlara çiçək peyvəndini 12 aylıqda vururlar. 8-10 gündən sonra peyvənd yerində kiçik qabarcıq əmələ gəlir, bu çiçəyin “tutduğunu” göstərir. Sonra bu qabarcıq quruyur və üzəri qara qabıq bağlayır. Bu qabıq düşdükdən sonra orada balaca bir yara yeri qalır. Qabıq düşməmiş buraya əl vurmaq yaxud onu su ilə yumaq olmaz. Adətən, çiçək peyvəndində 7-12 gün sonra uşaqlarda temperatur azca qalxır.

  Kombinə edilmiş vaksin (AKDS). 3, 4 və 5 aylıq uşaqlara difteriya, göy öskürək və tetanusa qarşı kombinə edilmiş vaksin ( trivaksin) vurulur. Vaksin 4 həftə ara verməklə 3 dəfədə vurulur: möhkəm immunitet əmələ gəlməsi üçün bütün uşaqlara 1,5 – 2 yaşında və 6 yaşında təkrar vaksin vurulur. Kombinə edilmiş vaksin qorxulu damcı infeksiyaları olan difteriya və göy öskürəyə qarşı immunitet yaradır. Tetanusa qarşı profilaktika məqsədi ilə ona görə peyvənd vurmaq lazımdır ki, dərinin üzərindəki kiçik bir zədə və cırmaq yeri tetanusla ağırlaşa bilər. bu isə çox qorxulu infeksiyadır, çox vaxt ölümlə nəticələnir. Peyvənddən 1-2 gün sonra həmin yer qızarır və şişir, bəzən temperatur qalxır.

  Poliomielitə qarşı vurulan peyvəndlər. Bəzən analar peyvəndin uşağa zərər yetirə biləcəyindən qorxub vurdurmurlar. Bununla o, öz uşağının sağlamlığını və hətta həyatını təhlükə qarşısında qoyur. Peyvənd vurulacaq dövrdə uşaq xəstədirsə, ana həkimə müraciət etməlidir, həkim peyvəndi təxirə sala bilər. peyvənd vurulan dövrdə ailə üzvlərindən birində yoluxucu xəstəlik varsa, bunu da həkimə xəbər vermək lazımdır.

       Quduzluğa qarşı peyvəndlər (antirabik vaksin).

Quduzluğa şübhə oyadan heyvan dişlədikdə antirabik vaksin vurmaq lazımdır. Uşağı (və ya böyüyü) dişləmiş heyvanı öldürmək olmaz, onu təcrid edib iki həftə müşahidə altında saxlamalı, heyvanın sağlam olduğu müəyyən edilsə tam müalicə kursu aparmağa ehtiyac yoxdur.

Bunlardan başqa qızılca, məxmərək, qrip, A və B hepatitlərinə qarşı da peyvəndlər mövcuddur. Qripə qarşı peyvəndi qrip epidemiyası başlamazdan əvvəl etmək lazımdır ki, immunitetin yaranmasına imkan olsun. Epidemiyanın qızğın vaxtında və ya uşaq xəstələndikdən sonra peyvənd etməyin mənası yoxdur, ona görə ki, peyvənd uşağı xəstəlikdən qorumayacaq. 


Vüqarə Məmmədova
Bu yazıya 2903 dəfə baxılıb.