İtburnu


Şəbnəm Vaqif
Bu yazıya 1991 dəfə baxılıb.

İtburnu gülçiçəklilər  fəsiləsindən olan bitkidir. Azərbaycanda 42 növü var. Əsasən, qəhvəyi və qırışıq itburnu sənaye üçün əhəmiyyətlidir. İtburnunun 20-25 il ömrü olur. C vitamininin miqdarına görə bitkilər arasında 1-ci yerdədir. Meyvəsi avqust-sentyabr aylarında yetişir. Vitamin C yetişmə müddətində artır. Ona görə də yetişmiş meyvələr dərilməlidir. Şaxtalar düşənədək itburnu meyvələri yığılmalıdır. Çünki şaxta vurduqda C vitamini azalır. Tərkibində 13 % C vitamini olduğundan, itburnu meyvəsi insan orqanizminin immun sistemini gücləndirir, iştahanı artırır, böyrəklərin və qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

İtburnu meyvələri Azərbaycanın Lənkəran, Masallı, Lerik, Naxçıvan, Şəki, Gədəbəy, Şəmkir zonasında yetişir. Yığılmış meyvələr 5 sm qalınlığında sərilir və 2 gündən çox olmayaraq saxlanılır. Sonra zədəli və kal meyvələr seçilir. 80-1000 dərəcə temperaturda qurudulur. Beləliklə, əldə edilmiş quru itburnu müvafiq şəraitdə 2 ilə qədər saxlanıla bilər.

 

Tərkibindəki vitaminlərin miqdarına görə itburnunu “vitamin deposu” adlandırırlar.  Onun tərkibində C vitamini ilə yanaşı, B1, B2, P, K, E ,  karotin (provitamin A) və Bc vitamini (fol turşusu) vardır. Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral maddələr vardır.

 

Faydaları

Sənayedə itburnudan toz, tabletka və şərbət hazırlayırlar. Sarılığa qarşı və ödqovucu kimi tətbiq edilən «Xolosas», əsasən itburnu meyvəsindən hazırlanır. İtburnu xalq təbabətində qədimdən istifadə edilir. Soyuqdəymədə, böyrək və qaraciyər xəstəliklərində, öd və sidikqovucu kimi tətbiq edilir. İtburnu çiçəyindən dəmlənmiş çay qızdırmaya qarşı təsiredici vasitədir. Orqanizmin müqavimətini artırır, bədənə və gözlərə qüvvət verir. Eyni zamanda, qan dövranını sürətləndirir. Bağırsaqları yumşaldan və həzmi asanlaşdıran itburnu qəbizlikdə də faydalıdır. Bağırsaq qurdlarını salmaqda da itburnu yaxşı vasitədir. İtburnu meyvəsi xərçəngə qarşı qoruyucu funksiyanı yerinə yetirir. Revmatizm ağrılarını yüngülləşdirir. Qandakı insulinin miqdarını nizamladığı üçün şəkərli diabetlər üçün çox xeyirlidir. İtburnu hətta sellülitin meydana gəlməsinə mane olur.

 

İtburnunun qurudulan yarpaqları qaynadılıb soyuduqdan sonra suyu süzülərək üzə qoyulanda qırışları yox edir. İtburnu tumundan əldə edilən yağ isə dəri hüceyrələrini yeniləyici, dərini qoruyucu, qırışları aradan qaldırıcı və yaşlanmağın qarşısını alan xüsusiyyətlərinə görə də istifadə olunur.

 

Mürəbbə

İtburnudan kompot, kisel və mürəbbə də hazırlamaq olar.

Mürəbbə üçün 1 kq itburnu meyvəsi götürün. Onları yarı bölüb toxumlardan təmizləyin. Üzərinə 1,5 kq şəkər tozu əlavə edib vam odda bişirin. Nuş olsun!

 

Şirə


İtburnu şirəsi hazırlamaq üçün 100 qram qurudulmuş itburnunun üzərinə soyuq su tökülür və qaynayana qədər qızdırılır, 8-10 dəqiqə  qapağı örtüb minalı qazanda  zəif  od üzərində qaynadılır. Bir gün (24 saat) saxlanılır. Sonra süzüb, üzərinə 50 qram şəkər tozu və 100 qram bal əlavə olunur. Soyuduqdan sonra süfrəyə verilir. Bu şirə vitaminli və ballı olduğu üçün insan orqanizmi üçün pəhriz və fizioloji əhəmiyyətlidir.

 

Ev şəraitində itburnu dəmləmək üçün Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1/2 stəkan, yeməkdən 30 dəq. sonra daxilə qəbul edilir. Dadını yaxşılaşdırmaq üçün şəkər və ya şərbət qatmaq olar. 1-3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara isə yarım stəkan vermək olar.

 


Şəbnəm Vaqif
Bu yazıya 1991 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.