Onlari tanıyırıqmı?…


Gülnarə Seyidova
Bu yazıya 1295 dəfə baxılıb.

       İnsan inkişafı döllənmədən başlayaraq həyatın sonuna qədər davam edər. Ümumiyyətlə, doğumdan sonrakı ilk iki il ərzində insan övladı "körpə" olaraq qəbul edilir.

    Uşaqların inkişafını araşdırmaq bir çox istiqamətdən faydalıdır. İnkişaf müxtəlif dövrlərdə meydana gəlir. Müəyyən inkişaf dövrlərində ortaq davranış xüsusiyyətlərinin olduğu aparılan tədqiqatlar nəticəsində ortaya çıxmışdır. Məsələn, 3-4 yaşlı uşaqlara oxuma-yazma öyrətməyə çalışmaq boş yerə səy göstərməkdən başqa bir şey deyildir. Çünki uşaq müəyyən bir yetkinləşmə müddətindən keçmədən müəyyən bacarıqları qazana bilməz. Həmçinin, dörd yaşlı uşaq ədəd saya bilməz, rəngləri ayırd edə bilməzkən ən çətin musiqi parçalarını öyrənə bilər. Yetkin insanların  min bir çətinliklə öyrəndikləri xarici dili, o dilin danışıldığı mühitdə çox qısa müddətə öyrənə bilərlər. Danışma qabiliyyətinin inkişafı da beynin müəyyən bir yetkinlik səviyyəsinə çatmasına bağlıdır. Beş aylıq bir körpəyə nə qədər məşğul olunsa da danışıq öyrədilə bilməz, ancaq 8-9 aydan sonra körpə eşitdiklərini təkrarlamağa və qavramağa başlayır. Uşaq bu dövrdə diqqət və qayğıdan məhrum qalsa, qabiliyyətlər korlaşar. Bir az da laqeyd münasibət bəslənsə, gələcəkdə ortaya çıxacaq danışıq qüsurunu düzəltmək müşkül olar. Uşağın öyrənməyə meylli olduğu bu dövrlər hədər getsə, onun qabiliyyətləri lazımınca açılmayacaq. Buna "Kritik dövr" deyilir. Yəni bəzi davranışlar müəyyən dövrlərdə qazanılmalıdır. Məsələn, Fransada meşəlik bir ərazidən tapılan 10-11 yaşlarındakı Viktor, heç bir dili bilmir və danışmırdı. Gəzmir, dörd ayaq üzərində yeriyirdi. Bir şeyə uzun müddət diqqət yetirə bilmir, insanlardan qorxur və ictimai münasibətlərdən qaçırdı. Beş illik bir təhsildən sonra bir neçə söz və addan başqa bir şey söyləyə bilmədi. Tək yaşayıb, insanlarla ünsiyyət qurmağı da öyrənə bilmədi.

 

1-3 YAŞINDAKI UŞAQLARIN İNKİŞAFI (Avtonomluq Dövrü):

Uşaqlar bu yaşda gəzməyə və danışmağa başlayır. Qazanılan bu iki əhəmiyyətli qabiliyyət sayəsində müstəqil hərəkət etmək istəyir. Dayanmadan qaçır, hər yerə yetişmək, hər şeyi tutmaq istəyir. Ətrafını araşdırmağa, kəşf etməyə çalışır. Su ilə oynayır, yeməkləri töküb dağıdır, istəklərinə qarşı çıxılmasına dözə bilmir, ağlayır,  ələ-ovuca sığmayan, hirsli bir uşağa çevrilir. Ayaqyolu vərdişinə də bu dövrdə yiyələnir.

Bu dövrdə uşaqların inadçı, mənfi hərəkətli, davranışlarının ziddiyyətlərlə dolu olduğunu unutmamaq lazımdır. Lakin bu mənfiliklərin keçici olduğunu, 3 yaşında ortaya çıxdığını bilmək faydalıdır. Ortalıqdakı kəsici, batıcı, yaralayıcı əşyalar gizlədilməli, qiymətli əşyalar uşağın əli çatmayacağı yerlərə qoyulmalıdır. Amma bunu edərkən hər şeyi ortadan yığışdırmaq səhv olar. Uşaq oynanılmayacaq bir şeylə oynayırsa, yavaşca əlindən alınmalı, onun yerinə marağını çəkəcək bir əşya və ya oyuncaq verilməlidir.

     Bu yaşlarda uşaqların diqqətinin başqa istiqamətə asanlıqla çəkilə biləcəyini bilmək yaxşı olar. Beləcə, uşaqla valideyn arasında lazımsız çəkişmələr olmaz. Uşaqla hər an bir şey sındıracaq, özünə və ya əşyalara zərər verəcək qorxusuyla davranmaq düzgün hərəkət deyil. Uşaq, bəzi anaların etdiyi kimi müəyyən bir sahədə saxlanmamalı, ona evin içində  oynama sərbəstliyi verilməlidir.

Davamlı olaraq “dayan”, “əyləş”, “etmə”, “əl vurma” deməkdən qaçmaq lazımdır. Bu yaşlarda qorxutmalara, sərt cəzalara və şiddətə müraciət etmək çox zərərlidir. Ancaq uşaq ağlamasın deyə hər istədiyini yerinə yetirmək  də düzgün deyil. Uşağın töküb dağıtmağına dözərək öz-özünü bəsləmə, öz başına yemək yemə istəyi dəstəklənməlidir. Üç yaşında artıq uşaq öz başına yemək yeməyi bacarmalıdır.

 

3-6 YAŞ ARASI UŞAQLARIN İNKİŞAFI (Oyun dövrü):

Bu dövrdə uşaq danışqan, hərəkətli və həyata maraqlıdır. Dayanmadan suallar verər: "Ana bu nədir?, Ata bunun adı nədir?, Niyə?, Nə üçün?," sualları bitmək bilməz. Tez-tez böyüklərin sözünü kəsər, "mənə də söylə" deyə söhbətə müdaxilə edər. Hər şeyi bilmək, tanımaq istəyər. Bir qədər əvvəlki inadcıllığı getmiş, onun yerinə yola gedən  və söz dinləyən xasiyyəti gəlmişdir. Bu dövrün ən diqqətə çarpan xüsusiyyəti öz işini özü görmək istəməsidir. Çox canlı bir təxəyyülə malikdir. Eşitdiklərini şişirdər, gördüklərini təhriflə izah edər. Olmamış şeyləri olmuş kimi danışar. Cızıqlar, sıyrıqlar və kiçik yaralanmalardan çox təsirlənər. Bir damla qan görsə səs-küyü aləmi götürər.

    Bu yaşda olan uşaq ana-ataya bənzəməyə çalışır. Qız uşağı anaya pərəstişkardır, anayla bir yerdə olmaqdan, onunla mətbəxdə iş görməkdən çox xoşu gəlir. Ananın xoşuna gələcək işləri etməyə çalışır, "Bax, ana, mən nə etdim!" deyərək ondan tərif gözləyir. Ananı geyinərkən, soyunarkən, bəzənərkən izləməyi çox sevir.

Oğlanlar da ataya pərəstişkardır. Onun gözündə atadan daha bacarıqlı, daha ağıllı və daha güclü kimsə yoxdur. Yoldaşları ilə "Mənim atam sənin atanı döyər" deyə mübahisə edər. Hətta atası kimi təraş olmağa çalışar.

           Qızın ananı mənimsəməsi, oğlanının da atanı nümunə götürməsi şəxsiyyətin inkişafında ən əhəmiyyətli hadisədir. Oğlan kişi şəxsiyyətini ataya bənzəyərək, qız uşağı da qız şəxsiyyətini anaya bənzəyərək qazanır. Bizim dilimizdə bunu izah edən bir sıra atalar sözü vardır. Məsələn "Qız anadan öyrənər boxça yığmağı, oğlan atadan öyrənər qoyun soymağı" kimi.                       Bu dövrdə oyunun uşaqlar üçün xüsusi əhəmiyyəti vardır. Biz yetkinlərə   görə oyun, uşağın əylənməsinə, başını qatmasına yarayan mənasız bir məşğuliyyətdir. Halbuki, uşaq oynadıqca duyğuları formalaşır, bacarığı artır. Çünki oyun, uşağın ən təbii öyrənmə mühitidir. Eşitdiklərini, gördüklərini sınadığı, öyrəndiklərini tədbiq etdiyi bir təcrübə otağıdır. Oynayan uşaq öz kiçik dünyasındadır. O dünyaya özü hakimdir. Qaydaları özü qoyar, özü pozar. Yaşıdları xaricindəki kimsənin bu dünyaya girməsini istəməz. Evcik-evcik oynayan kiçik uşaqlar böyükləri yaxına buraxmazlar.

 

6-11 YAŞ ARASI UŞAQLARIN İNKİŞAFI (ibtidai məktəb dövrü):

Birinci sinfə başlamaq ailənin həyatında uşağın danışması, gəzməsi kimi əhəmiyyətli bir mərhələdir. Məktəbə getmək uşaqdan müəyyən bir zəka və ruhi inkişafı tamamlamış olmağı tələb edir. 6 yaşını tamamlayan, zəkası kafi olan bir uşaq ruhi baxımdan evdən ayrıla bilməmə xüsusiyyətini nümayiş etdirə bilər. Xüsusilə, oyun və yoldaşlarından uzaq saxlanmış, çölə çıxarılmamış uşaqlar üçün evdən ayrılmaq ürküdücüdür. Məktəblərin açıldığı ilk günlərdə, hər sinifdə bir neçə ananı parta arxasında uşaqları ilə birlikdə oturarkən görmək adi bir haldır. Məktəbə qorxu ilə gedən və həmişə evi düşünən bir uşağın oxuması və öyrənməsi asan olmur. Həmçinin, yaşıdlarına uyğunlaşması, birlikdə oynaması və yoldaşlıq münasibətini qurması çətin olur. Uşağın məktəbdəki uğuru və cəmiyyətdəki mövqeyi müəyyən mənada ana-atanın yetişdirmədəki müvəffəqiyyətinin bir ölçüsüdür.

       Uşağın öyrənməyə can atması, bu səbəbdən də məktəbdə müvəffəqiyyət qazanması bir sıra şərtlərin bir yerdə olması ilə bağlıdır. Hər şeydən əvvəl uşaqda zəka inkişafı onun yaşına uyğun olmalıdır. Məktəbdə olduğu kimi cəmiyyət həyatında da müvəffəqiyyət böyük ölçüdə zəka ilə mütənasibdir. Ancaq zəka müvəffəqiyyəti təyin edən tək faktor deyil. Bunun yanında başqa şərtlər də əhəmiyyətlidir. Məsələn, uşağın duyğu orqanlarında bir pozuqluq olmamalıdır. Görmə və eşitmədəki problemlər müvəffəqiyyətə əhəmiyyətli dərəcədə təsir edir.

     Öyrənmə uyğun mühitlərdə reallaşa bilər. Yəni uşaq araşdırma və təhsil imkanı tapmalıdır. Evdəki diqqət və maraq məktəbdəki təhsilin təməlini qoyur. Zəka və qabiliyyətlər ancaq münasib mühitdə və sevgi ilə bəslənərək inkişaf edir. Uşağın öyrənmə istəyi ana-atadan nümunə götürməklə inkişaf edir. Müvəffəqiyyətdə axtarılacaq bir başqa faktor da uşağın ruh sağlamlığının yerində olmasıdır. Öyrənməyi əngəlləyən daxili böhranlardan, psixoloji qarşıdurmalardan və narahatlıqlardan uzaq qalmalıdır. Qısası, uşaq şəxsiyyət olaraq özü və ətrafı ilə xoşrəftarlı olmalıdır. Ailə içində ana-ata mübahisələri, yoxsulluq, ağır xəstəliklər, ayrılıqlar uşaqların inkişafına mənfi təsir göstərir. Özünə qapalı, utancaq, qorxaq, hürkək uşaqlar qabiliyyətləri ölçüsündə müvəffəqiyyət göstərə bilməzlər.

    Onlar sahib olduğumuz ən dəyərli varlıqlardır. Çünki onlar bizə Uca Yaradanın, Allahın əmanətləridir. Əmanəti isə layiqincə qorumaq gərəkdir!

 

 

 

 

 

 


Gülnarə Seyidova
Bu yazıya 1295 dəfə baxılıb.