Xəzinələri kəşf etməyə hazirsanmi?


Məryəm Dəmir
Bu yazıya 818 dəfə baxılıb.

Evləndiyindən bəri evində yaşayan atasına görə yoldaşıyla daim mübahisə edirdi. Yoldaşı atasını istəmir və onun evdə artıq olduğunu düşünürdü.

Mübahisələr bəzən inanılmaz ölçülərə çatırdı. Yenə belə bir mübahisə  zamanı  yoldaşı bütün bağları qopardı və "Ya mən gedirəm, ya da atan bu evdə qalmayacaq" dedi...

Yoldaşını itirmək istəmirdi. Atasına görə olan mübahisələri saymasaq,  xoşbəxt bir yuvası, sevdiyi və onu sevən yoldaşı və bir də uşaqları vardı.

Yoldaşını itirməmək üçün evliliyi əsnasında çox mübarizə aparmışdı. Ailəsini razı salmaq üçün çox çalışmış və çox problemlərlə qarşılaşmışdı. Həm də  onu dəlicəsinə sevirdi.

Çarəsizlik içində nə edəcəyini düşündü və özünə görə  bir həll yolu tapdı. İllər əvvəl ovçuluq marağıdan hazırlatdığı daxma tipli dağ evinə aparacaqdı atasını. Həftədə bir dəfə baş çəkər və ehtiyacını ödəyəcək, beləliklə, yoldaşıyla daha  problemlər yaşamayacaqdı.

Atasına lazım olacaq bütün vəsaitləri hazırladıqdan sonra yatalaq xəstəsi olan atasını yatağından qaldırdı və qucağında avtomobilə apardı. Oğlu Can, "Ata, mən də səninlə gəlmək istəyirəm" deyə təkid edincə onu da avtomobilə apardı  və birlikdə yola çıxdılar.

Qara qışın tam ortaları idi və dəhşətli  bir soyuq vardı. Qar  və çovğuna görə yolu çətin seçirdilər. Kiçik Can, tez-tez atasına "Ata, hara gedirik ?" deyə soruşur, amma cavab ala bilmirdi. Hara aparıldığını anlayan yaşlı adam isə  gizli-gizli gözyaşı tökür, oğlu və nəvəsinə bildirməməyə çalışırdı.

Saatlarla davam edən çətin səfərdən sonra dağ evinə çatdılar. Çoxdandır ki,  bura gəlməmişdi. Koma tipindəki dağ evi artıq çürüməyə başlamışdı, tavan da  axırdı. Komanın bir küncünü təmizlədi hazırladı və avtomobildən götürdüyü  yatağı oraya yerləşdirdi. Sonra digər vəsaitləri daşıdı, ən sonda atasını kürəyinə alaraq yatağa yerləşdirdi.

Çovğun komanın içində hiss edilirdi. Komanın içində sanki fırtına vardı. Çarəsizlik içində atasını izlədi. Artıq  üşüməyə başlamışdı. “Sabah yenə gələr bir yorğan daha gətirərəm”,- deyə düşündü.

Elə kədərləndi ki, dünya başına köçür kimi idi. O, bu duyğular içində ikən atası, ürəyinə bıçaq sancılmış kimi idi. İllərcə əmək verdiyi oğlu tərəfindən bir komaya tərk edilirdi. Qüruru sınmışdı, içi yanırdı, amma bildirməməyə çalışırdı.

Kiçik Can isə olanlara heç bir məna verə bilmirdi. Mənasız baxışlarla  babasından ayrıldığına görə baş verənləri  kədərlə  seyr edirdi.

Artıq getmək vaxtı idi. Atasının yatağına əyildi, yanaqlarını və əllərini dəfələrlə öpdü. Məni bağışla deyər kimi sarıldı, iylədi. Artıq ikisi də özünə hakim ola bilmir və hıçqıra-hıçqıra ağlayırdı. Buna məcburam deyər kimi baxdı atasının üzünə və Canın əlini tutub sürətlə komanı tərk etdi. Avtomobilə mindilər.

Can yola çıxdıqlarında ağlamağa başladı, “Niyə  babamı o soyuq yerdə buraxdın?” deyə. Verəcək heç bir cavab tapa bilmirdi,” anan belə istəyir” deyə bilmirdi.

Can: "Ata, sən qocalanda mən də səni buramı gətirəcəyəm?" deyə soruşanda dünya başına çökdü. O sualı eşidəndə dəli  kimi avtomobili geri çevirdi. Komaya çatdığında "Məni bağışla, ata!" deyərək atasının boyuna sarıldı. Ata- oğul möhkəm-möhkəm qucaqlaşıb, uşaq kimi hıçqıra- hıçqıra ağlayırdılar.

Oğlu: "Ata, məni bağışla! Sənə bu rəftarı etdiyim üçün məni bağışla!" deyə səhvini etiraf edirdi... Atası oğlunun bu sözlərinə ən mənalı cavabı verdi...

"Geri gələcəyini bilirdim, balam. Mən atamı dağ başına atmamışdım ki, sən də məni atasan... Məni bu dağda qoymayacağını  bilirdim".

“Nə əkərsən, onu biçərsən”  atalar sözünə əsasən biz də uşaqlarımıza sözlərimizlə deyil, əməllərimizlə bir nümunəyik..

Telefona zəng gələndə ata evin anasına “Evdə yoxdur de” deyir. Ailədə atanın sözü daha keçərli olduğu üçün “yox, deyə bilmərəm, bəy” deyə bilmir… Bu söhbəti eşidən evin kiçik oğlu “sən bizə yalan danışmayın deyirsən, amma anama yalan danışdırırsan” deyincə bir də yumruq yeyir atasından. Bir az əvvəl aldığı ağır zərbə azmış kimi. İndi burada kimi günahlandıraq.. Atanımı? Yoldaşının qorxusundan yalan söyləyən ananımı? Yoxsa yalan danışmaq istəməyən uşağımı?

Bizlər sabah nələrlə qarşılaşacağımızı bu gün övladlarımıza verdiklərimizdən görməliyik.. Bu günlər sabaha hamilə.. Sabah ya bu günün meyvəsi ya da tikanı olacaq. Bizim suladığımız toxumlar sabah çəmən çiçəyi açar, yoxsa gicitkən otumu verər ətrafa, əslində bəllidir.. Suyun qaynağına baxmaq lazımdır.. Nələr görürük? Kimlərlə birlikdəyik? Bizlər haradan bəslənirik? Bir övladın qədərinə ananın gənc qız ikən yedikləri belə təsirli olduğunu demişdi uzaqgörən bir insan..

Gec olmadan özümüzü insaf ələyindən keçirməli, “necə daha məhsuldar valideyn olaram” sualına, nəfsimizdə və ətrafımızda doğru məlumat əldə edə biləcəyimiz qaynaqlara baş vuraraq tapmalıyıq..

Sabahlar mənim, sənin və yanımızdakı qonşunun evində gizli bir xəzinədir… Xəzinələri kəşf etməyə nə deyirsən?..       


Məryəm Dəmir
Bu yazıya 818 dəfə baxılıb.