Uşaqlar Əmanətdir


Bu yazıya 961 dəfə baxılıb.

“Kiçiklərimizə mərhəmət və sevgi, böyüklərimizə sayğı göstərməyən bizdən deyildir” .

                                                                                                  Hz. Məhəmməd (s.ə.s)

         Yaradılmışlar içərisində uşaqlar bizə yoxdan var edən, Uca Yaradanın əmanətidir. Onlar doğulandan təmiz və günahsızdırlar. Uşaqların formalaşmasında, böyüməsində, tərbiyələnməsində valideynlərlə bərabər sosial çevrənin böyük rolu var. Hər bir körpənin dünyaya göz açdığı andan etibarən sağlam fitrətə malik olması danılmaz faktdır. Bu səbəblə, uşaqların dünyaya gəldiyi zamandan sağlam fitrətlərini qoruyub saxlamaqları üçün ailənin və ətrafının üzərinə mənəvi yük olan ağır məsuliyyət düşür. Biz onların fiziki və ruhi baxımdan sağlamlıqlarını qorumağa borcluyuq. “Ağac yaşkən əyilər” atalar sözündə deyildiyi kimi ən gözəl tərbiyələndirmək vaxtı uşaqlıq dövrüdür. Bu dövrdə ağ vərəq kimi olan övladlarımızı kirdən, mənəvi puçluqdan qorumalı, onlara həyatın gözəlliklərini öyrətməliyik. Uşaqlar Allahın böyük nemətlərindəndir.  Dünya həyatımızda göz aydınlığı olan körpələrimiz bizlərə Rəbbimizin sınağıdır. Həmin sınaqdan uğurlu çıxmaq üçün övladlarımız arasında fərq qoymamalı, qız-oğlan ayrımı etməməli, onların sevinmələri üçün əlimizdən gələni əsirgəməməliyik. Bir uşağın kiçik əllərindən Tanrı dərgahına ucalan duaların nə qədər müqəddəs olduğunu dərk etməli, bizim onların üzərində haqqımız olduğu kimi, onların da bizim üzərimizdə haqları olduğunu unutmamalıyıq. Hər hərəkətimizdə düşünməliyik ki, biz övladlarımızın sahibi deyil, valideynləriyik. Onların sahibləri isə Allahdır. Övladlarımızı xoşbəxt etmək Allahın razılığını almaq yolunda böyük bir addımdır. Həmin addım bəzən bir ömür olur, sevgi və sayğı ilə bəzənən, keşməkeşli, bir o qədər də dəyərli bir ömür! Belə ömrü yaşamaq imkanı biz valideynlərə verilibsə, niyə bu imkandan maksimum istifadə etməyək?! Bu sınaqda təkcə öz övladlarımıza görə deyil, eyni zamanda yetim və kimsəsiz uşaqlara görə də ilahi məsuliyyət daşıyırıq. Uşaq evindən boylanan kimsəsiz bir uşağın dərin gözlərinə sevgimizlə atacağımız tilov dünyanın ən ləziz könül nemətlərinə çatdıra bilər bizləri. Əks halda həyatın üzərimizə atdığı qaranlıq torlarda şeytani hisslərə yem ola bilərik. Uşaqlara qarşı necə davaranacağımızı göstərən böyük bir kitab, Sevgili Peyğəmbərimizin çox səhifəli həyatı var önümüzdə. Bu həyatın hər səhifəsindən gülən körpə səsləri, razılıq duaları eşidilir. Peyğəmbərimiz (s.ə.s) uşaqlara qarşı sevgi və şəfqət duyğuları məhv olduğu bir zamanda onlara böyük bir dəyər vermiş, hər fürsətdə kiçiklərə öz böyük könül dünyasının qapılarını taybatay açmışdır. Bir gün Allahın elçisi nəvəsi Hz. Həsəni öpürdü. Yanında isə Temim qəbiləsinin öndə gedənlərindən Akra b. Habis vardı. Akra bu halı görəndə dedi: “Mənim on uşağım var, amma bunlardan heç birini öpmədim”. Bu sözlərdən sonra axırın və əvvəlin Seyyidi “Mərhəmət etməyənə mərhəmət olunmaz”-deyə cavab verdi. Bəli, onların oyuncaqlardan daha çox sevgiyə, valideyn məhəbbətinə ehtiyacı var, bu ehtiyacı təmin etməliyik.

        Uca dinimizin gətirdiyi dəyərlər içərisində uşaq haqlarının qorunması başlıca prinsiplərdən biridir. Bu prinsipə uyğun hərəkət etmək hər bir müsəlmanın borcudur. Amma təəssüf ki, müasir dövrümüzdə zaman-zaman uşaqların dünyası qara əllərlə ləkələnir, həyatları viran edilir. Qloballaşan dünyada fərqli “uğur”larla üzləşməkdəyik. Yer kürəsinin ən aparıcı, super güc sahibi dövlətlərinin demokratiya adı altında digər ölkələrin ərazilərini zəbt etmələri normal hala çevrilmişdir. Belə faciələr nəticəsində körpələrin acı talelər yaşaması bizləri həm kədərləndirir, həm də nifrət hissləri oyadır. Azərbaycanımızın sərhəd zonasında 9 yaşlı günahsız Farizin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ağır faciədir. Dünyanın bu hadisə qarşısında susması isə dinindən, irqindən asılı olmayaraq, vicdansızlığın bariz nümunəsidir. Bu ədalətsizliklər davam etdiyi halda qərbdə uşaq hüquqlarını müdafiə adı altında keçirilən kampaniyaların bəzən şou xarakteri daşıdığı isbatlanır. Yoxsa, bu dəhşətli qətllər qarşısında susqun dayanılmazdı. Bütün bunlar göstərir ki, Türk-İslam aləmi öz bütövlüyünü bərpa edərək haqq sözünü birgə deməli, “mədəniyyət” adı altında pərdələnən, dişi qanlı canavarlara sərt cəzalarını verməlidir.

       Müstəqil Azərbaycanımızda uşaqların hüquq və azadlıqları dövlət tərəfindən qorunur. Konstitusiyamızda “uşaqların hüquq bərabərliyi” adlı maddədə uşaqların bərabər hüquqlara malik olduğu bildirilir. Bundan başqa, uşağın yaşamaq və inkişaf etmək, həyatı və sağlamlığının mühafizəsi, tərbiyə almaq, vicdan, fikir və söz azadlıqları hüquqları vardır. Valideynlər, digər şəxslər, dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdır. Bu qanunların fəaliyyətinin nəticəsidir ki, Azərbaycan uşaqları inkişaf edir, elmi, bədii və digər sahələrdə uğurlar qazanırlar. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın respublikamızda, eləcə də ölkəmizin sərhədlərindən kənarda uşaqlara göstərdiyi nəvaziş, xeyirxah əməllər bu sahədə dövlətimizin imicini formalaşdırır və qəti mövqeyini göstərir. Təbii ki, bütün bunlar uşaq hüquqlarının qorunması yolunda ümidlərimizi artırır. Gərək, hamımımız bu ümidlərin gerçək olması üçün öz borcumuzu layiqincə yerinə yetirək, uşaqların bizə əmanət olduğunu unutmayaq! Əmanətə xəyanətin qarşılığı isə Rəbbin qəzəb hədiyyəsidir.

 



Bu yazıya 961 dəfə baxılıb.