Uşaq üçün oyuncağı necə seçməli


Şəbnəm Vaqif
Bu yazıya 2417 dəfə baxılıb.

Oyuncaq uşaq üçün yalnız əyləncə deyil. O, körpənin əqli və fiziki inkişafında böyük rol oynayır. Oyuncaq seçərkən mütləq uşağın inkişaf səviyyəsini və yaşını nəzərə almaq lazımdır. Ömrünün ilk  ilində oyuncaq, uşaqda davranışın, müşahidənin, dinləmənin, əl hərəkətlərinin inkişafına kömək edir. Həmçinin, oyuncaq, rəngləri fərqləndirməyi, əşyaların formasını və materialını müəyyən etməyi, uşağın nitqinin formalaşmasına kömək edir. Həyatının ilk ayında uşaq üçün ən yaxşı oyuncaq anasının əli və barmaqlarıdır. Körpə, ona doğma olan insanın istisini hiss edib, ona toxunmalıdır.

Üç ayına qədər körpə, müxtəlif zəngli və formalı asılma oyuncaqlara  ehtiyac duyur. Belə oyuncaqları 50-70 sm.dən aşağı asmaq olmaz.  

2,5 – 4 aylıq uşaqlar üçün oyuncaq artıq bir az aşağı asılmalıdır. Belə ki, uşağın oyuncağa əli çatsın və onu əli ilə tuta bilsin. Körpənin başı üstünə bir neçə oyuncaq asmaq olmaz, xüsusilə, şar və şam ağacı oyuncaqları.

4-6 aylığında körpənin başı üstünə artıq sadaladığımız xüsusiyyətli zəngli oyuncaq asılır, amma müxtəlif rəngli. Körpənin olduğu yer hərəkət üçün geniş olmalıdır. Oyuncaqları uşaq yatağının müxtəlif yerlərinə qoymaq lazımdır ki, uşaq daim hərəkətdə olsun və aktivləşsin.  Körpə yorulmasın deyə oyuncaqları bir müddətdən sonra tamam başqa rəngli yenisi ilə əvəz etmək lazımdır.

7-9 aylığında körpə şar, müxtəlif rəng və ölçülü dördbucaqlılarla, səsli oyuncaqlarla oynaya bilər. Həmçinin, bu yaş dövründə uşaqlar içi xırda oyuncaqlarla dolu vedrələrlə oynamağı da çox sevirlər. Bu vedrələrə oyuncağı yığmaq və boşaltmaq körpənin əllərinin inkişafı üçün xeyirlidir. Uşaq bu oyuncaqlarla geniş yerlərdə oynamalıdır ki, onun hərəkət etməsi üçün imkan olsun.

 10-12 aylığında uşaq maşın, gəlincik, balıq, it və s. kimi oyuncaqlarla oynaya bilər. Gəlinciyin qab-qacağı, yatağı və s. əşayaları olsa daha yaxşıdır. Məhz, belə oyuncaqlardan körpə onun üçün daha qəliz olan oyunlara keçir.

Bir yaşında isə uşaq, artıq dördbucaqlıları üst-üstə yığmağı, gəlinciyi yedirdib yatızdırmağı, oyuncaq maşını sürməyi və s. öyrənə bilər. Bu oyuncaqlarla oynamağı öyrəndikdən sonra uşaq valideynin köməyi olmadan sərbəst oynaya bilər. 

 

Kompyuter əsri indi 4-5 yaşındakı balacaları öz əsirinə çevirib. Həyətdə həmyaşıdları ilə top-top oynamalı uşaqların çoxu saatlarla kompyuter arxasında oturub zorakılığı təbliğ edən oyunlar oynayırlar.  Aqressiyanı, zorakılığı təbliğ edən oyunlar uşağı özündən kiçikyaşlılara qarşı zorakılığa sövq edir. Savaş oyunları uşaqların psixologiyasını pozur.

Oğlanlarda zorakılığı təkcə kompyuter oyunları deyil, həm də oyuncaqlar artırır. Qızlar həmişə olduğu kimi bəzəkli-düzəkli gəlinciklərə maraq göstərdiyi halda, oğlanlar yenə də oyuncaq tanklara, tapança və silahlara meyl edirlər. Savaşı və hərbi texnikanı təbliğ edən oyuncaqların sayı-hesabı yoxdur. 1988-ci ildən başlayaraq, hər il sentyabrın 7-si Beynəlxalq Hərbi Oyuncaqların Məhv edilməsi günü kimi qeyd olunur. Məqsəd müharibələri pisləmək, uşaqları zorakılıqdan qorumaq məqsədilə həmin gün oyuncaq silahlar məhv edilir.

 

 

 

ABŞ alimlərinin apardığı tədqiqatlardan bəlli olub ki, sən demə 3-5 yaşlı uşaqlar üçün ən ideal oyuncaq plastilindir. Belə ki, uşaqlar nə qədər barmaqlarını hərəkət etdirsələr, onlar bir o qədər tez danışmağa başlayarlar. Yəni nitqin inkişafı əl barmaqlarına gələn impulslardan asılıdır. Başqa bir tədqiqatın nəticəsi göstərib ki, müasir oyuncaqlar uşağın vaxtından əvvəl yetkinləşməsinə gətirib çıxarır.  Alimlər nümunə olaraq, müasir gəlincikləri göstəriblər. Belə ki, əvvəllər gəlinciklər körpə, balaca uşaq şəklində olurdusa, indikilər artqı ideal qadın şəklindədirlər. Ona sahib olan qız uşağı təbii ki, ona bənzəmək istəyəcək, saçlarının, əşyalarının onun kimi olmasını arzulayacaq, tez böyüməyə can atacaq. Halbuki, körpə gəlinciklər balaca qız uşaqlarında sevgi, qayğı, ana hissini formalaşdırırr. Lakin qüsursuz “model”i xatırladan gəlinciklər uşaqlarda heç bir hissi formalaşdırmır, əksinə, onların zamansız böyüməsinə gətirib çıxarır.

Əsasən küçələrdə satılan, ucuz qiyməti olan Çin istehsalı oyuncaqlar mənəviyyatı korlamaqla yanaşı, uşaqların sağlamlığı üçün ciddi təhlükədir. Ucuz, kimyəvi maddələrdən hazırlanmış oyuncaqlarla təmasda olan uşaqlarda tədricən zəhərlənmə baş verir. Azərbaycanda hər bir istehlakçının oyuncağın sertifikatını tələb etmək hüququ var. Övladınızın sağlamlığını düşünürsünüzsə, hüququnuzdan mütləq yararlanın.  

Bəzən uşaqlar yumşaq oyuncaqlardan qorxurlar. Uşağı həmin oyuncaqlara öyrəşdirmək əvəzinə, müəyyən müddət onları yumşaq oyuncaqlardan uzaq saxlamaq lazımdır. Uşağa yeni oyuncaq təqdim edəndə gərək valideyn onun işləmə mexanizmini, onunla necə rəftar etməyi ona öyrətsin. Belə ki, balaca, oyuncağı müəyyən müddət valideyninin əlində görəndə onda da həmin oyuncağa qarşı maraq yaranır. Çünki uşaqlar böyüklərdə gördüklərini əldə etməyə can atırlar.  

Psixoloqların fikrincə uşaqlar nə qədər çox oyuncaqlarla oynasalar, o zaman oyunlar vasitəsilə onların həyata baxışları formalaşır.

Uşağı oyuncaqla baş-başa buraxmaq da düzgün deyil. Valideynlər övladlarına vaxt ayırmalı, onlarla oynamalıdırlar. Böyüklərindən sevgi görən balacaların gələcək həyatında, şəxsiyyət kimi formalaşmasında bu sevgi böyük rol oynayır.


Peyğəmbərimiz (s) uşaqla oynamağı tapşırmışdır

İslamda da bu məsələyə toxunulmuşdur - “Kimin uşağı varsa, onunla uşaq kimi rəftar etməlidir.” Cabir nəql edir:”Peyğəmbərin (s) yanına gedəndə Həsən və Hüseynin (ə) o həzrətin belinə mindiyini, peyğəmbərin onlar üçün əyilib büküldüyünü gördüm. Həzrət buyurdu: “Necə də yaxşı dəvədir, sizin dəvəniz və necə də yaxşı miniklərdir, sizin minikləriniz”.
 


Şəbnəm Vaqif
Bu yazıya 2417 dəfə baxılıb.