O söylədisə, doğrudur!..


Nimet Çinar
Bu yazıya 963 dəfə baxılıb.

İsra və merac hadisələri Əfəndimiz (s.ə.s)in peyğəmbərliyinə dəlil olan iki böyük möcüzədir. İsra "gecə gedişi", merac isə "yüksəlmək" deməkdir. Hicrətdən 18 ay əvvəl Rəsulullah (s.ə.s)in çox sevdiyi əmisi Əbu Talib və vəfalı həyat yoldaşı Xədicətül-Kübra vəfat etmişdi. Buna görə, o il "hüzn ili" adlandırılmışdı. Onların vəfatından çox kədərli olan Əfəndimiz (s.ə.s) həm özü, həm də Müsəlmanlar üçün Məkkədən kənarda sığınacaq bir diyar axtarırdı. Bu məqsədlə Taif şəhərinə getdi. Lakin Taif xalqı Ona kömək etməməklə yanaşı, Onu daşladılar. Əfəndimiz (s.ə.s) daha da kədərlənmiş, qırıq bir ürəklə Məkkəyə dönmüşdü. Onun bu hüznünə müqabil Cənabı Haqq bir mükafat olaraq İsra və Meracı bəxş etdi. Peyğəmbər əfəndimiz (s.ə.s)in hədislərindən öyrəndiyimizə görə İsra və Merac möcüzəsi bu cür baş vermişdir: Bir gecə Rəsulullah (s.ə.s) Kəbənin xəttim qismində yatarkən Cəbrayıl (a.s) gəldi və Onu Burak (eşşəkdən böyük qatırdan kiçik ağ bir heyvan olan) ilə Məscidi Axsaya apardı. Bu hadisə Qurani-Kərimdə belə izah edilir:

"Qulunu ( Məhəmməd -əleyhissalatu vəssalam-i) bir gecə, Məscidi Haramdan özünə bəzi ayələrimizi göstərmək üçün, ətrafını mübarək etdiyimiz Məscidi Axsaya aparan Allah, hər cür nöqsan sifətlərdən münəzzəhdir. Şübhəsiz, O, hər şeyi haqqıyla bilən, haqqıyla görəndir".  (İsra surəsi 1.ayət)

Burada Peyğəmbər Əfəndimiz (s.ə.s) bütün peyğəmbərlərə imam olub namaz qıldırdı.

İsra hadisəsindən sonra Cəbrayıl (a.s) Peyğəmbər Əfəndimizi yenə Burak vasitəsiylə səma qatlarına yüksəltdi. Əfəndimiz hər qatda ayrı-ayrı peyğəmbərlərlə salamlaşdı və cənnət-cəhənnəmə bağlı əcaib hallara şahid oldu. Sidreyi-müntəha deyilən yerə (Varlıqlar aləminin son nöqtəsi) çatdıqda Cəbrayıl (a.s) belə dedi: "Ey Allahın Rəsulu! Buradan irəliyə tək gedəcəksən!" Rəsulullah (s.ə.s): "Nə üçün ey Cəbrayıl?"deyə soruşdu. O da cavab olaraq: "Cənabı Haqq mənə bura qədər çıxmağa icazə vermişdir. Əgər buradan irəliyə bir addım atsam, yanaraq kül olaram!.." dedi. Artıq bundan sonrakı səfərə Allah Rəsulu (s.ə.s) tək davam etdi.  Bu nöqtədə məxluqat üçün etibarlı olan zaman və məkan anlayışları ortadan qalxdı. Özünə, həqiqəti və əsl mahiyyəti Allah ilə Onun Rəsulu arasında sirr olaraq qalacaq xariqüladə təcəllilər lütf edildi. Cənabı Haqqın camalıyla müşərrəf oldu. Bu ilahi lütf ayəyi-kərimədə belə bildirilir:

"(Məhəmməd Mustafa ilə Rəbbinin) araları, iki yay arası qədər, ya da daha yaxın oldu". (Nəcm surəsi. ayə 9)

Müslimdə rəvayət edilən bir hədisi-şərifdə belə buyurulur:

"Rəsulullah (s.ə.s)a (Miracda) üç şey verildi: Beş vaxt namaz, Bəqərə Surəsinin sonu və ümmətindən şirkə düşməyənlərə böyük günahlarının bağışlanıldığı xəbəri…"

Bu hadisələrin ardından Əfəndimiz (s.ə.s) həmin gecə olduğu yerə geri gətirildi. Zaman və məkan anlayışlarının xaricində reallaşan bu möcüzəvi lütf çox qısa bir müddətdə olub bitmişdi. Allah Rəsulunun başına gələnləri eşidən Məkkəlilər Onu şərləmək üçün bunun böyük bir fürsət olduğunu düşündülər. "Bir gecədə Qüdsə gedib gəlmək və hətta göyə yüksəlmək necə ola bilər?" deyirdilər. Bu möcüzəyə inanmaqda ilk başda bəzi möminlər belə çətinlik çəkmiş, içərilərində tərəddüd edənlər olmuşdu. Ən qərarlı və tərəddüdsüz inancı isə Hz. Əbubəkr (r.a) göstərmişdir. Ona İsra və Merac izah ediləndən sonra O: "Bunu Allah Rəsulumu söyləyir?" deyə soruşmuş, "bəli" cavabını alandan sonra bu möhtəşəm cavabı vermişdir: "O söyləyirsə, doğrudur!" Bu tərəddüdsüz iman və cavabın qarşılığında Əbubəkr (r.a) "Sıddık" adını almışdır.

İnandığına çaşan məhrum könüllərə xitab olaraq: "Bəli (inanıram)! Bunda çaşacaq nə var? Vallah, O mənə, gecə və ya gündüz, hər hansı bir vaxtda ona Allahdan xəbər gəldiyini də söyləyir, mən yenə ONU təsdiq edirəm" demişdir.

Meracda bizə bəxş edilən ən əhəmiyyətli hədiyyə şübhəsiz namazdır. Həqiqətən, namaz dinin dirəyidir. Onunla qazanılacaq kəmalat(kamillik), heç bir ibadətlə qazanılmaz. Çünki "Namaz möminin meracıdır". Buna görə Əfəndimiz (s.ə.s) "Namaz gözümün nurudur" buyurmuş və son anlarında da ümmətinə, "namaza diqqət yetirmələrini" vəsiyyət etmişdir.  

İsra və Merac hadisələri Əfəndimizin ayə və hədislə subut olunan ən böyük möcüzələrindəndir. İman gətirməyimiz  zəruri olub, inkarı küfrə səbəb olar. Bizlər Allah Rəsulundan əsrlər sonra da gəlsək, vəfalı dostu Əbubəkr (r.a) kimi səslənirik  əsrimizin inkarçılarına: O söylədisə, doğrudur!..

 

 


Nimet Çinar
Bu yazıya 963 dəfə baxılıb.