Hədəf təyin edək


Elçin Manafov
Bu yazıya 903 dəfə baxılıb.

“Əməllər niyyətlərə görədir”.

                                                                                                                                                               (Buxari, Bədul-Vəhy 1, 2)                                                                            

Həyatda heç bir şey təsadüfü deyildir və təsadüf deyilən bir şey  də yoxdur. Bir gün Molla Nəsrəddinə kəndliləri gəlib: “Siz bizdən daha yaxşı bilərsiniz, evimizin qapısına at nalı assaq bizə uğur gətirərmi?”-deyə soruşurlar. Molla Nəsrəddin isə cavabında: “Heç zənn etmirəm. Çünki o nallardan hər atda 4 ədəd var, amma yazıqlar axşama qədər qamçı yeyirlər”- deyir.  Elə isə uğurla, şansla məşğul olmaqdansa, bizi həyatda müvəffəq edən işlərlə məşğul olmalıyıq. Müvəffəqiyyət qazanmaq üçün  isə ilk iş “hədəf  təyin etməkdir”. Hədəf necə təyin edilir?

Hədəf seçməzdən əvvəl özümüzü, qabiliyyətlərimizi, imkanlarımızı fikirləşərək plan tərtib etməliyik. Bunun üçün ətrafımızdan, ailəmizdən, müəllimlərimizdən və dostlarımızdan kömək almalıyıq. 

Sonra hədəflərimizi qeyd edək. Daha sonra hədəflərimizə çatıb-çatmadığımızı tez-tez gözdən keçirək. Başqa insanların bizim nə edib-etməyəcəyimiz haqqındakı fikirlərini heçə sayaq. Özümüzə və bacarığımıza güvənək. İndi  bir universitet tələbəsinin adından hədəf təyin edək:

  • Oxuduğumuz ixtisası mükəmməl öyrənməyə çalışmalı;
  • Həmin ixtisas üzrə bacarıqlı olmuş və əsərləri günümüzə qədər gəlmiş insanların həyatlarını və elmi tədqiqatlarını araşdıraraq oxumalı;
  • Heç olmasa yadında saxlamaq şərti ilə həftədə 150-200 səhifə kitab oxumalı;
  • Dərslərdə müəllimləri diqqətlə dinləməli və söylənilənlərdən özü üçün qeydlər aparmalı;
  • Dərslərdən əlavə fakultativ məşğələlər etməli;
  • Müasir texnologiyanı mənimsəməli;
  • Kompyuter kurslarına getməli;
  • Xarici dil kurslarında iştirak etməli,
  • Universiteti qurtardıqda ən azı iki dili mükəmməl bilməli və s.

     Qızıl qayda: Cinsiyyətindən asılı olmayaraq, hər bir gənc universiteti bitirdiyində bu sənədləri əldə etməlidir:

► Universiteti bitirdiyinə dair qırmızı və ya  fərqlənmə diplomu

► İxtisasına dair dərslərdən əlavə iştirak etdiyi kursların sertifikatları (sertifikatda yazılan səviyyə ilə sözü gedən kimsənin biliyinin üst-üstə düşməsi şərtdir)

►  Digər mühüm sənədlər- Sürücülük vəsiqəsi, xarici pasport, hərbi bilet və s.

     İndi də bir işçinin hədəflərini bərabər təyin edək. Bir gənc  nələrə diqqət etməlidir?

  • İşə daxil olarkən edəcəyi işi və vəzifə borclarını dəqiq mənimsəməli;
  • İşini və iş kollektivini sevməli;
  • Özünə əmanət edilən vəzifəyə əsla xəyanət etməməli;
  • İşini qüsursuz yerinə yetirməli;
  • İşləyə-işləyə özünü kəşf etməli,
  • İşi ilə əlaqəli məlumatları oxumalı, bir sözlə işində əvəzedilməz hala gəlməlidir və s.

Həyatda çatmaq istədikləri bir hədəfi olmayanlar, çalışmaqdan zövq ala bilməzlər.

Nəticə: Vəzifənizdən asılı olmayaraq, sizlərin hamınızı çatmaq istədiyiniz “əsl hədəfə”, yəni gündəlik hədəfinizdə neçə insanın dilindən “Allah səndən razı olsun!” duasını ala bilməyə dəvət edirik. Cəmiyyətdə hansı mövqedə oluruqsa-olaq, “hədəflərimizi əsla kənara qoymayaq”. Özümüzə, ailəmizə, xalqımıza, dövlətimizə, dəyərli dövlət və din böyüklərimizə xidmətdən heç yorulmayaq. Hədəf quranların yeganə yardımçısı olan Allahdan, hədəflərinin çin olmasını arzu edirik.

 


Elçin Manafov
Bu yazıya 903 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.