Necə xoşbəxt olmaq olar?


Mətanət Kərimova
Bu yazıya 1195 dəfə baxılıb.

“Bir zamanlar çox sevmişdik bir-birimizi. Mənim üçün dünyanın mənası o, onun üçün isə dünyanın mənası mən idim. İki mənalı dünyanı birləşdirib daha xoşbəxt olmaq üçün ailə qurduq. Elə nə oldusa ondan sonra oldu” - deyir bir çox insanlar. Doğurdanmı iki sevən insan arasında ailə qurduqdan sonra sevgi azalıb, problemlər çoxalır? Yoxsa bu sadəcə bəzi insanların adət halına gətirərək söylədikləri boş sözlərdir? Bəlkə də hər ikisi doğrudur.

Hər birimizin bildiyi və gündəlik həyatımızda şahidi olduğumuz kimi ailə fərdlərinin bir-birləri ilə anlaşa bilməməsinin bir neçə başlıca səbəbləri vardır.

Allah problemlərini həll edə bilmək üçün insana ağıl verib. Elə ona görə də ailə fərdləri arasındakı maddi vəziyyət problem olmamalıdır. Ancaq buna baxmayaraq maddi vəziyyətin pis olması insanların həyat tərzinə kifayət qədər təsir edir. Qeyd edilən problem elə həddə gəlib çıxır ki, yeni qurulan ailələrin belə böyük söz-söhbətlər nəticəsində dağılmasına və parçalanmasına səbəb olur. Məsələ aydındır: Nə qazanırıqsa onu da yeyəcəyik. Dünyada bir çox kasıb insan var ki, ömür boyu hüzur içində yaşayıb, bir çox da zəngin var ki, ömründə bir dəfə də olsa rahat bir nəfəs almadan dünyasını dəyişib. Deməli, maddi problemlər xoşbəxt olmamağa əsas vermir. İnsanları hüzursuz edən maddi problem deyil, onu problem halına gətirmələridir.

Ailə, bir-birini anlamaq, bir-birini tanımaqdır. Yoldaşını, onun imkanlarını bilməyənlər heç bir zaman məsud ola bilməzlər.

Mənəvi problemlər iki insanın eyni istiqamətə baxmamasından qaynaqlanır. "Sevmək bir-birinə baxmaq deyil, bir istiqamətə baxmaqdır". Ailə fərdlərindən birinin dünyabaxışı digəri ilə eyni olmalıdır. Fərdlərdən biri dininin tələblərini bilən və onları yaşamaq istəyən bir müsəlman, digəri cahil olarsa və ya biri Avropa mədəniyyətinə üstünlük verib, digəri isə milli mentaliteti qorumağa təşəbbüs göstərərsə bu halda mütləq problemlər yaşanacaq.

Evlilik, riyaziyyat hesabı kimi deyil. Belə davransaq belə olar, elə etsək də nəticəsi belə olar kimi hesablamalar evlilik üçün keçərli deyil. İnsan ilk əvvəl öz problemini özü həll etməli, yarpaq kimi sağa-sola əsməməlidir. Necə deyərlər yarpaq, əsən küləyə tabedir.

Mübahisə, ailədə yaşana biləcək ən pis haldır. Evlilikdə problemlər varsa, ailə fərdləri hər bir şeyi kənara qoyaraq oturub düşünməli: “Mən kiməm və nə etməliyəm?” deyə problemlərinə cavab axtarmalıdırlar.

Yaşlandıqca insanların xarakterləri daha da sərtləşir. Dəyişmir, yeni bir şəklə düşmür. “Mən beləyəm” deyə inad edər. O inad da ailəni tarimar edər. Kiçik anlaşılmazlıqlar və gərəksiz inadlar böyük dərdlərə səbəb olar.

İki sürücü yarışa çıxır və qəzaya düşürlər. Günah kimdədir? Unutmayın ki, yollar yarışmaq üçün deyil, gedəcəyimiz yerə çatmaq üçündür. Evlilik üstünlük göstərmək meydanı deyil. "Necə xoşbəxt olmaq olar?" sualına cavab axtarmaq yeridir.

Rahatlığın, hüzur içində olmanın ən yaxşı üsulu, həyat yoldaşının yaxşı tərəflərini görməkdir. Bu şəkildə tarazlıq təmin edilər. Həyat yoldaşının xarakteri üzündən özünü heç edən, uçurumdan yuvarlanan insanlar tanıyıram. İnsan hüzurlu ola bilmir, neyləsin! Bu böyük dünyada ikisi bir yerə sığışmırlar.

     Unutmayın ki, qadın ərinin, ər də xanımının hər istədiyini yerinə yetirə bilməz. Əsl anlaşılmamazlıq da məhz bundan yaranır. Evlənməyə qərar verən tərəflər bunu düşünərək bu addımı atmalıdırlar. Evlilik iki insanın yan-yana deyil, bir yerdə yaşamasıdır. İki fərqli və fərdi olan insan yalnız bir yerdə yaşamaq istədikdə xoşbəxt ola bilər. Həyat yoldaşı onun üçün ömürlük bir yük deyil, ömürlük bir dost olmalıdır. Bu dostun da bizə xoş gəlməyən keyfiyyətləri ola bilər. Lakin biz onun fərqli keyfiyyətlərini deyil, özünü sevirik. İnsan isə mükəmməl yaradılmayıb. Bir insanı xoşbəxt etmək istəməklə biz əslində öz səadətimizi də düşünürük. Həyat yoldaşım üçün bir şeylər fəda edə bilsəm, o da mənim bu fədakarlığıma qarşılıq olaraq məni xoşbəxt edəcək bir şeylər etməyə çalışacaq.

Səadət yalnız xoşbəxt olmaqda deyil, həm də xoşbəxt edə bilməkdədir.


Mətanət Kərimova
Bu yazıya 1195 dəfə baxılıb.