Şeytani Nəfs


Elnarə Nəcəfova
Bu yazıya 877 dəfə baxılıb.

Şeytan kəlməsi ərəbcədə “Şeytane” kəlməsindəndir.

  “Şeytan” kəlməsi “asi, itaətsiz, çox pis olmaq, şeytanın etdiyini etmək, rəhmətdən uzaqlaşdırılmaq” mənasındadır.

    Şeytan, insanların gözləriylə görə bilmədikləri varlıqlardandır. İlk insan Hz. Adəm (a.s.) dan bu yana insanlığa peyğəmbərlər vəsiləsiylə təbliğ edilən bütün ilahi dinlərdə şeytanın varlığı insanlara bildirilmiş və məqsədinin insanları Allah Təalaya asi edərək Cəhənnəmə sürükləmək olduğu təkrar-təkrar söylənmişdir.

 Şeytan haqqında, Allah Təalanın insanlara bildirdiyi ən son və doğru bilgi, İslam dinində mövcuddur. Allah Təala Qurani-Kərimdə Zariyat 56-cı ayədə belə buyurur: “Adəmdən öncə cinlərin atası olan canı oddan yaratdıq”.

 Şeytan da cin tayfasındandır. Əsl adı iblis olan şeytanın bir adı da Əzazildir. Cinlərin yaradılması, insanların yaradılmasından çox öncədir. Mələklər yaradıldıqları zamandan etibarən ibadətə başladılar. Heç bir üsyan, itaətsizlik etmədilər. Canın övladları olan cinlər isə, yer üzünə göndərilərkən, fitnə-fəsad törətdilər.

  İblisə qiyamətə qədər ömür verilib, sərbəst buraxıldı.

 Adəm (a.s.) övladları dünyada imtahan edilmək üçün üç din düşməni yaradıldı. Bunlardan: İblis (yəni şeytan), insanın özü (yəni nəfsi) və pis yoldaşları (dostluq etdiyi insanlar).

  Şeytanın, insana bütün pislikləri etdirmək üçün bir gücü, qüvvəti olmasa da nəfsinə və pis dostlarına aldanıb məğlub olan insan, onun vəsvəsəsinə aldanıb pis işləri etməyə başlayır. Lakin Allah Təalanı unutmayanlara, daima Onun zikriylə məşğul olanlara, hər işində İslamiyyətin əmr və qadağalarına uyğun davrananlara, haram və şübhələrdən qaçanlara zərəri toxunmaz. Şeytan, insan övladı son nəfəsini təslim edənə qədər onunla mübarizə aparır və son nəfəsində imansız getməsi üçün əlindən gələni etməyə çalışır. Son nəfəsdə imansız ölməmək üçün şeytanın sevdiyi pis işlərdən uzaq durmaq lazımdır.

 Allah Təala iblisə, Peyğəmbər Əfəndimizə gedib Onun soracağı bütün suallara cavab verməsini əmr etdi.

 İblis bir insan cildinə girərək Peyğəmbərin hüzuruna gəldi. Rəsulullah (s.ə.s) buyurdu:

-Sən kimsən?

-Mən iblisəm

-Niyə gəldin?

-Allah Təala göndərdi.Suallarına cavab verməyimi əmr etdi.

- O halda söylə, düşmənlərın kimdir?

1.Birinci sən

2.Adil hökmdarlar

3.Təvazökar varlılar

4.Dürüst ticarətçilər

5.Dini yayanlar

6.Haramdan qaçanlar

7.Bir daha günah etməmək üçün tövbə edənlər

-Bəs, sənin dostların kimlərdir?

1. Zalım hökmdarlar

2. Qürurlu zənginlər

3. Xain ticarətçilər

4. İçki düşkünləri

5. Əxlaqsızlıqla məşğul olanlar

7. Yetim malı yeyənlər

   Şeytanın insanlar üzərində hakim olduğu şeylərdən birisi, vəsvəsə verməsidir. İnsanın qəlbinə hər fürsətdə vəsvəsələr, pis düşüncələr gətirərək onu aldadıb, dünya və axirət zərərlərinə sürükləmək istəyir.

  Şeytanın vəsvəsəsi, əslində, zəifdir. Dini biliyi tam və bu bilgilərinə uyğun hərəkət edən insanları aldatması çox çətindir. Şeytan vəsvəsə verərək, şər əməllərini həyata keçirmək üçün insanların bəzi zəif tərəflərindən faydalanır. Bunlardan biri tələskən olmaqdır. Digərləri isə, şəhvət və qəzəbdir. İnsan qəzəblənərkən ağlı başından çıxır. Ağıl gedincə şeytan da hücuma keçir. Qəzəbli tərəfi əlində oyuncağa çevirir.

 Bundan başqa, həsəd və hirs, çox yemək, bəzənmə sevgisi, təqva (yəni dünya ləzzətlərindən, haram yollardan uzaqlaşmaq), Allah üçün sərf edilməyən dünya malı, xəsislik və kasıb olma qorxusu, öz düşüncələrinə haqq qazandırmaq üçün qohumlarına qarşı kin tutmaq, sui-zənn, bir kimsə haqqında pis düşünmək, günahkar saymaq da şeytanın vəsvəsəsindəndir.

“Şeytan səni bir pisliyə sövq etmək istəyərsə, o zaman Allaha sığın”(Fussilət 36)

  İçində günaha doğru bir meyl və ya bir kimsəyə qarşı hirs hiss edən, yaxud nəfsin başqa təlqinləriylə burun-buruna gələn insanın edəcəyi tək bir şey, o duyğuları yaradana sığınmaqdır. Necə ki, iri azğın köpəklərin hücümuna məruz qalan bir kimsənin edəcəyi ən yaxşı hərəkət köpəklərin sahibinə sığınmaqdır. İslam böyüklərindən biri ilə tələbəsi arasında olan bir söhbət də bunu göstərir:

 -Şeytan səni pisliyə təşviq edərsə, nə edərsən?

 -O duyğudan qurtulmağa çalışaram.

 -Şeytan eyni duyğuları bir daha təlqin edərsə?

 -Yenə o duyğulardan qurtulmağa çalışaram.

 -Şeytan səni təkrar başdan çıxarmağa çalışarsa?

 -Mən yenə ondan qurtulmağa çalışaram.

 -Bu uzun işdir, oğlum! Bir düşün, yoldan gedərkən önünə bir qoyun sürüsü çıxsa, sürünün köpəyi hürərək yanına gəlib sənə yol verməsə, nə edərsən?

 -Çalışaram köpək yolumdan çəkilsin.

 -Bu da uzun işdir, övlad! Sürünün çobanından kömək istə ki, köpəyi yolundan çəksin.

  Xəta, günah, yanılma insan məxsusdur. Ancaq günah işlədəndə hələ  zamanım çoxdur, necə olsa tövbə edərəm demək doğru deyildir. Bu düşüncə özü belə şeytanın bir oyunudur.

  Yalnış duyğuların təsiri altında qalan və ya istəmədən də olsa günaha girən kimsə o an Rəbbinə yönəlməli, Ona sığınmalı və bağışlanması üçün yalvarmalıdır.

  Allah hər birinizi günahlardan qorusun. Hər zaman bizlərə Allaha dost olmağı nəsib etsin. Amin!


Elnarə Nəcəfova
Bu yazıya 877 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.