Gənclər! İdealınız hansı səhabədir?


Xədicə Şahin
Bu yazıya 984 dəfə baxılıb.

Qədər, yolumuzu Qazaxıstanın Çimkənd şəhərində 1400 il əvvəl səhabələrin yaşadığı ərazidə yerləşən kiçik bir kursa rast saldı. 120 nəfərdən ibarət bu kurs Qazaxıstanın hər bir şəhərinə tələbələrini göndərir. Yalnız Qazaxıstanla kifayətlənməyib monqol, çinli, özbək, tacik, axısxa türkü olan, müxtəlif millətlərdən qızlar bura toplanıb islam qardaşlığının canlı nümunəsini sərgiləyirlər. Eynilə, əsri- səadətdə Rəsulullahın ətrafındakı Salman Farisi, Zeyd Haris, Bilal Həbəşi kimi müxtəlif millətlərdən olan gənc səhabələri kimi.

            Bu qızlarımızın sayı bəlkə də bir ovuc qədərdir. Amma bir ovuc olmaq onları kədərləndirmir. Çünki bugünün bir ovuc insanının sabah iki ovuc olacağına bütün ürəkləriylə inanırlar.  Onlar kommunizmin 70 il ərzində ölkələrdə yaydığı cahiliyyə dövrünün qaranlıqlarından aydınlığa qovuşmağa çalışan gənc qızlarımızdır. Hamısı da islamın ilk toxumlarını ətraflarına saçan səhabələr yaşındadır. Kimisi Hz. Əlinin hicrət etdiyi 22 yaşında, kimisi Musab b. Umeyrin akabədə beyət edənlərlə birlikdə arxasına belə baxmadan Məkkədən ayrılıb Quran müəllimi olaraq Mədinəyə getdiyi 25 yaşında, kimisi hədisləri əzbərləyib muksirun (mindən çox hədis söyləyən səhabə) arasına girdiyi halda Rəsulullah vəfat edərkən 18 yaşında olan Abdullah b. Əmr yaşında, kimisi gəncliyinin baharında bir ovuc müsəlmanla vətənini tərk edib, başqa dövlətin hökmdarının qarşısına çıxaraq islamı müdafiə etmə cəsarətini göstərən 20 yaşlı  Cəfər (r. a) tək, kimisi də Peyğəmbər (s.ə.s)in, 17 yaşında ordu komandiri olaraq təyin etdiyi Üsamə b. Zeytlə həmyaşıddır.

            İçlərinə girib dərdləşməyə başlayınca həyatlarının da göydəki ulduzlar olan gənc səhabələrə bənzədiyini görürük. Onlar kimi zəhmət yağışından nəsiblərini aldıqları halda sınmadan, bütün çətinliklərə sinə gərirlər. Onlar da bilirlər ki, iddia fədakarlıq istəyir.

            Xüsusilə də içərilərində bir nəfər var ki, ona baxdıqca Musab(r.a) yadıma düşür. Hz. Musab gəncliyinin baharında Məkkənin ən gözəgəlimli gənci idi. Moda küləyini Məkkədə əsdirən gənc. Hər kəsin dilində idi. Görəsən, bu gün Musab hansı marka geyinəcək, saçlarını necə darayacaq, hansı ətirdən istifadə edəcək, ayaqqabıları hansı moda şəhərindən gətirilmişdir. Məkkədə hər kəsin dilində olan bu gənc və moda islama gəlməklə bitir, ya da hər şey yeni başlayır. Bu isti İslam yuvasına da bu qızımız qatarla, iki gün uzaqlıqda olan Qazaxıstanın Özkömən şəhərindən gəlib. 0nun içində hər şey Musab kimi yeni başlayıb. O da Musab kimi dəbdəbəli həyatını geridə qoyaraq yalnız inandığı dini üçün min bir çətinliklərə qatlanır. Qazaxıstanda çox dəbdəbəli bir həyatı varkən, ən yaxşı universitetə daxil olaraq, ən yaxşı təqaüdü alacağı halda, universiteti bitirincə işi hazır olsa da, nəfsinə uymamış və o da Musab kimi vurulmuş Kainatın Əfəndisinə. Quranını öyrənmək uğrunda yollara çıxıb və öyrənib, Musab kimi düşmək üçün yollara.

            Bu kiçik yuvada daha hansı səhabənin canlı nümunəsi var, o da qalsın başqa bir bahara.

            Gələndə tez gedən, gedəndə də gəlməyən bu gəncliyimizdən soruşsalar: “Bu gəncliyi hansı səhabəyə bənzədərək yaşlandırırsan?” Bizim cavabımız hansı olardı, görəsən?

            Gəlin, yazımızı bir hədisi- şərif ilə yekunlaşdırıb, bir az ürəyimizi təfəkkür üfüqünə doğru aparaq: "Gənclərinizin ən xeyirlisi, (pozğunluqdan uzaq olan və təmkinli davranan) yaşlılara bənzəyəndir. Yaşlılarınızın ən pisi isə, (başını qəflətə salan və nəfsinin arzularına boyun əyən) gənclər kimi yaşayandır".                                     

 


Xədicə Şahin
Bu yazıya 984 dəfə baxılıb.