Üç Aylar


Sevinc Vəkilova
Bu yazıya 963 dəfə baxılıb.

Yenə bir üç aylar mövsümünün ərəfəsindəyik. Qəməri aylar içindən Rəcəb, Şaban və Ramazan aylarını Müsəlmanlar olaraq həmişə "üç aylar" deyə adlandırırıq və digər aylara nisbətən bu ayları mübarək qəbul edirik. Çünki bu aylar, səmimi qulların əfv  olunacaqları, mükafatlandırılacaqları müqəddəs zamanlardır. Rəcəb və Şaban, ayların sultanı olan Ramazana hazırlıq dövrüdür. Ramazan ayı isə, oruc tutulması  gərəkən, feyz və bərəkətli Qədr Gecəsi olan bir aydır. Rəcəb ayının ilk Cümə gecəsinə Rəqaib gecəsi deyilir. Hər Cümə gecəsi qiymətlidir. Lakin bu iki qiymətli gecə bir araya gəlincə, daha da qiymətli olur.

Rəqaib, ərəb sözü olub "özünə rəğbət edilən, arzulanan, tələb edilən şey" mənalarını daşıyır. Bu gecəyə "Rəqaib" adını mələklər vermişdir. Rəqaib, lütfkarlıqlar, ikramlar mənasında işlənir. Cənabı Haqq, bu gecədə, möminlərə, bir çox ehsanlar edir. Bu gecəyə hörmət edənlər Allahın əfvinə müvəffəq olarlar. Bu qiymətli gecəni orucla qarşılayıb, gündüzünü də orucla keçirmək çox fəzilətlidir.  Bu gecəni namaz qılaraq, Quran oxuyaraq, salavatı-şərifələr gətirərək, tövbə istiğfar edərək, ən gözəl bir şəkildə qiymətləndirməyə çalışmaq hər mömin üçün çox karlı bir axirət qazancına vəsilə olacağı ümid edilir.

Mübarək üç ayların ikincisi Şaban ayıdır. Bilindiyi kimi, üç ayların ilki Rəcəb, üçüncüsü də Ramazandır. Şaban ayının əhəmiyyətli bir xüsusiyyəti də, "Bəraət gecəsi"nin bu ayın on beşinci gecəsinə rast gəlməsidir. Bu ay Bəraət gecəsi, mələklərin enməsi, duaların qəbul olunması, geri çevrilməməsi kimi bir çox fəzilətə sahib olduğu qiymət qazanmışdır. 

       Peyğəmbərimiz (s.ə.s) digər aylara görə bu ayda daha çox ibadət edər, "Şaban mənim ayımdır". "Şaban günahları təmizləyəndir" buyuraraq  bu ayın qiymətini ucaldardı. Rəcəb ayı gəldiyi zaman da "Allahım, Rəcəb və Şaban ayını bizə mübarək və bərəkətli et" buyurardı. Peyğəmbərimiz (s.ə.s)in Şaban ayına göstərdiyi bu hörmətin bir səbəbi də ardından gələn Quran ayı olan Ramazandan ötrü idi. Hz. Ənəsin rəvayətinə görə, Peyğəmbərimizə sual verirlər: "Ya Rəsulullah, Ramazandan başqa ən fəzilətli oruc ayı hansı aydadır?"

Bu suala Peyğəmbərimiz (s.ə.s): "Ramazanı təzim üçün Şabanda tutulan orucdur" cavabını verir.

       Başda Hz. Aişə anamız olmaqla səhabələrin də söylədiklərinə görə Peyğəmbərimiz (s.ə.s) bəzən Şaban ayının hamısını, bəzən də günlərinin çoxunu oruclu keçirərdi. Bu barədə Hz. Aişə (r.a)nın belə bir rəvayəti vardır:

      "Rəsulullah (s.ə.s) bəzi aylarda çox oruc tutardı. Hətta biz, Onu bu ayda heç iftar etmədi sanardıq. Bəzi aylarda da çox iftar edərdi. Hətta biz, O bu ayda heç oruc tutmadı deyərdik.

     Hz. Aişə (r.a)nın başqa bir rəvayətində: "Rəsulullah ilin heç bir ayında Şaban ayındakından çox oruc tutmaz və belə buyurardı: "Əməllərdən gücünüzün çatdığını edin. Çünki siz bezmədikcə, Allah da sizə əsla bezmiş rəftarı etməz. Allah yanında əməlin ən məqbulu, az da olsa davamlı etdiyi əməldir".

Şaban ayında oruc, namaz, sədəqə kimi ibadətlərin və digər imani və islami xidmətlərin çox edilməsinin bir hikməti də, ardından gələn Ramazan ayı üçün zehnən, bədənlə və ruhən bir hazırlıq və vərdişə səbəb olmasıdır.

Bu xüsusa Peyğəmbərimiz (s.ə.s), Hz. Üsamə bin Zeydin sualı üzərinə izah verir.

Hz. Üsamə :

"Ya Rəsulullah, Şaban ayında tutduğunuz qədər heç bir ayda oruc tutduğunuzu görmədim".

Bunun üzərinə Peyğəmbər (s.ə.s) belə buyurur:

"Rəcəb və Ramazan ayları arasında olan Şaban elə bir aydır ki, əməllər, Aləmlərin Rəbbinə bu ayda yüksəldilər. Mən oruclu ikən əməllərimin yüksəldilməsini sevərəm".

Bu aylarda tutulan oruc fərz və vacib olmayıb yalnız sünnədir. Bu mübarək günləri qiymətləndirərək gün və gecələrimizi mənəvi istiqamətdən daha çox bərəkətli etsək, bu ayın bolluğundan daha çox istifadə etmiş olarıq. 


Sevinc Vəkilova
Bu yazıya 963 dəfə baxılıb.