Zənginlik Də Sınaqdır, Kasıblıq Da


Ceyhunə Qasım
Bu yazıya 931 dəfə baxılıb.

Tez-tez eşitdiyim belə bir istək var: "Allah bizi çörəklə sınağa çəkməsin". Ümimiyyətlə, sınaq mövzusunda hər kəs öz qorxduğundan uzaq durmaq üçün Allaha yalvarır. Amma heç düşünmürük ki, başımıza nə gəlirsə hamısı sınaqdır. Bəlkə də, çörəklə sınağa çəkilmək başqa sınaqlardan daha asandır. Belə ki, ən böyük sınaqdan peyğəmbərlər keçiblər. Onlardan bəzisi ailəsi ilə, bəzisi övladı ilə, bəzisi zənginliklə, bəzisi də kasıblıqla sınağa çəkilib. Məsələn: Siz Həzrəti İbrahim peyğəmbərin sınağını düşünürsünüzmü? Düşünmək nədir, xatıralayanda adamın tükü ürpərir: "Övladını qurban kəs!"

            Böyüklər böyük işlərlə sınağa çəkilər. Allah Təala öz bəndəsinə çəkə bilməyəcəyi yükü yükləməz. Yəni hər yük mindiyi çiynin dözümünə, gücünə uyğundur. İnsanın zənginliyi də, kasıblığı da sınaqdır. Əgər kasıbsansa, acsansa, ailən çətinliklə dolanırsa, deməli, yoxluqla imtahan olunursan. Əgər zənginsənsə, geniş imkanların varsa, çoxunun çox problemi sənin istəyinlə həll olunursa, demək indi də sərvətlə, var-dövlətlə sınağa çəkilirsən. Məsələ kasıb və ya zəngin olmaqda deyil; məsələ başçı və ya nökər olmaqda da deyil... məsələ yerinə, məqamına uyğun imtahanı necə verməkdədir. Varlının varlı sınağı var, kasıbın kasıb sınağı. Kasıb hər halı ilə Allaha şükür etməlidir. Hər bir insan nə halda olursa-olsun, şükür edəcək bir nemətə sahib olduğunu anlamalıdır. Sınanmış bir söz var: "Xoşbəxtlik xoşbəxtliyi anlamaqla başlayır. Bədbəxtlik bədbəxtliyi yaşamaqla başa düşülür". Xoşbəxtliyi anlamaq özü şükür üçün ən böyük əsaslardan biridir. Bu gun də ailədə üstünə düşən vəzifələri etdin; bu günü də xeyirli, uğurlu yola saldın; bu gün də hər kəslə xoş davranıb öz işini layiqincə yerinə yetirdin;  bu gün də boynuna düşən borcları imkanın yetdiyi qədər  ödədin; könül qırmadın; kiminsə işinə yaradın; kiminsə xeyir duasını aldın... və yorğanını başına çəkəndə öz-özünə hesabat verib rahat ola bildin. Bu günü də inşallah, xeyirli uğurlu belə yola sala bildin.

            Zənginin də dediyimiz kimi, sınaq üçün o qədər qapısı, bacası var ki. Ariflərdən biri deyib ki, "Yüz şey bilib, onuna əməl etməkdənsə, ikicə şeyi bilib, bildiklərini də səmimiyyətlə yaşamaq daha xeyirlidir". Əslində bu söz kasıbla zənginin vəziyyətini çox aydın göstərir.

            Yazımızı başqa bir müdrik sözlə tamamlamaq istəyirik. "Nə haldasansa, o halına şükür edecəksən. Zəngin olmaq istəyirsənsə, halallıqla çalışacaqsan. Əlinə, ovcuna nə gəldisə şükür duyğusu ilə razılaşacaqsan. Onun-bunun sərvətinə, malına göz dikib həsət aparmaq, divin boynuna keçirilmiş dəyirman daşı kimi, səni də dənizə batırar. Sərvətin imkanları olduğu kimi, sınağı da artıqdır. Bir də unutma ki, Allah Təala kimi necə və nə ilə sınağa çəkməyi özü yaxşı bilir. Yəni, ağanın ağa sınağı var, nökərin də nökər sınağı. Əsas məsələ odur ki, halından məmnun, qismətinə razı, dili şükürlü olasan...

 


Ceyhunə Qasım
Bu yazıya 931 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.