Allergiyalar


Vüqarə Məmmədova
Bu yazıya 3353 dəfə baxılıb.

Statistik məlumatlara əsasən, Yer kürəsi əhalisinin 40%-ə qədəri müxtəlif allergik reaksiya və xəstəliklərdən əziyyət çəkir. Allergiyaların bir sıra növləri var,  bunlar: qida allergiyası, tənəffüs sisteminin müxtəlif şöbələrinin allergiyası: (Allergik rinit, allergik laringit, allergik traxeit və bronxit, anfilaktik şok, pollinoz və.s).

      Uşaqlarda allergik reaksiyanın ən geniş yayılmış forması qida allergiyasıdır. Qida allergiyasını qidanın tərkibində olan qlikoprotein zülalları yaradır. Bir yaşa qədər uşaqlarda qida allergiyasını yaradan əsas allergenlərdən biri də inək südü zülallarıdır. Bundan başqa, uşaqlarda yumurtaya, dəniz məhsullarına, paxlaya, pomidora, giləmeyvələrə, portağala, şokolada, fıstığa, soya və ondan hazırlanan yeyinti məhsullarından (südün əvəzediciləri, süd məhsulları, ət, souslar) istifadə də allergik reaksiyalara gətirib çıxarır. Uşaqlarda allergiyanın inkişafını şərtləndirən risk amili ananın hamiləlik dövrü allergik məhsullardan normadan çox istifadə etməsi, ətraf mühitin ekoloji şərtlərinin qənaətbəxş olmaması, ananın siqaret çəkməsi və s.dir. Ona görə də uşağın həyatının birinci ilində ananın və uşağın inək südündən, allergen məhsullardan,  körpənin erkən dövrdən qarışıq və ya süni qidalardan istifadəsinə yol verilməməlidir. Əksər hallarda,  dərinin allergik zədələnməsi (atopik dermatit, kvinke ödemi, övrə, ekzema), mədə-bağırsaq pozğunluqları ( gəyirmə, qusma, meteorizm, qarında ağrılar, qastrit, qastroenterit, ezofaqit) müşahidə olunur. Qida allergiyasının  profilaktika və müalicəsinin əsasını pəhriz təşkil edir. Hipoallergen pəhrizin təşkilində əsas məqsəd qida rasionundan  yüksək allergenliyə malik selikli qişanı qıcıqlandıran, tərkibində konservantlar, qida rəngləyiciləri, emulqatorlar olan məhsullardan  imtina etməkdir. Bu məhsullar təbii məhsullarla əvəz edilməlidir.

Tənəffüs sisteminin müxtəlif şöbələrinin allergik zədələnməsi  respirator allerqozlar adlanır. Bu xəstəliklərinin belə yayılması istehsalın geniş sənayeləşdirilməsi, məişətdə və kənd təsərrüfatında kimyalaşdırma, havada karbon qazının miqdarının artması ilə izah olunur. Bunlar tənəffüs yollarına çoxlu miqdarda zərərli maddələrin düşməsinə, bu da öz növbəsində xroniki iltihabi prosesə, sonra isə allergik xəstəliyin yaranmasına gətirib çıxarır. Respirator allerqozların əmələ gəlməsində qeyri-infeksion allergenlər (ev tozu, yastıq tükü, kitab tozu, bitkilərin tozcuğu, heyvanların epidermisi, qida maddələri, dərmanlar, günəş şüası və s.) əsas rol oynayır.

       Məlum olduğu  kimi, tənəffüs sistemi virus və bakterial təsirlərə qarşı çox həssasdır. Və buna görə də yazın gəlişi ilə allergik xəstəliklərin fəallığı artır. Buna ən gözəl nümunə kimi polinozu göstərmək olar.

Polinoz – bitki allergiyası deməkdir. Bitki tozuna sensibilizasiya nəticəsində tənəffüs sisteminin, konyunktivanın,  həzm və sinir sistemlərinin, dəri və s. orqanlarının kəskin allergik  iltihabı kimi mürəkkəb patoloji dəyişikliklər kimi başa düşülür. Xəstəliyi ilk dəfə  Leonardo Batalus qızılgülün təsirindən başağrısı, burundan və gözlərdən möhtəviyyat axması şəklində təsvir etmişdir. O, xəstəliyi “qızılgül titrətməsi” adlandırmışdır. Tozcuq hasil edən bitkilərin çox böyük miqdarda olmasına baxmayaraq, onların yalnız 50-yə yaxını polinozalara səbəb ola bilir. Çünki polinozu törətmək üçün çiçək tozcuğunun çox kiçik və uçucu olması, küləklə yayıla bilməsi, tozcuğun çoxluğu, güclü antigenliyə malik olması, müvafiq coğrafi şəraitdə geniş miqyasda yayılması vacib sayılır. Polinozun əmələ gəlməsində onun başlanmasına kömək edən daha bir çox amillər məsələn, havanın ümumi tozlanması və qazlı olması, hündür binalarda və inkişaf etmiş sənaye şəhərlərində havanın pis dəyişiməsi, əhalinin çox sıxlığı, stresslər, əhalinin dərman vasitələrindən geniş istifadə etməsi və s. böyük rol oynayır. Xəstəliyin gedişində havanın rütubətli, yağışlı olması xəstələrin halını xeyli yaxşılaşdırır. Belə xəstələr tozlu, küləkli, quru, isti havalarda evdən çölə çıxmamalıdırlar.  


Vüqarə Məmmədova
Bu yazıya 3353 dəfə baxılıb.