Günəş eynəkləri alarkən diqqətli olun!


Vüqarə Məmmədova
Bu yazıya 1171 dəfə baxılıb.

Artıq yaz gəlib, istilər düşüb. Gözlərini günəş şüasından qorumaq üçün hər kəs imkanına görə eynək alır. İnsanlar eynək alarkən əsasən onun qiymətinə, rənginə, ölçüsünə diqqət yetirirlər.

    Eynək alanların əksəriyyəti yalnız bir əlamətə üstünlük verirlər: eynək ona yaraşır, ya yox?! Onun keyfiyyəti insanları bir o qədər də maraqlandırmır.

     Eynəklər, əsasən şüşədən və plastikdən hazırlanır. Şüşədən hazırlanan gün eynəkləri keyfiyyətli və təhlükəsiz hesab olunur. Mütəxəssislər bildirirlər ki, şüşə göz üçün zərərli olan ultrabənövşəyi şüaları buraxmır. Hazırda şüşə eynəklərin təkmilləşməsi prosesində onlar plastik eynəklərlə əvəzlənməyə başlanmışdır. Mütəxəssislərin fikrinə görə, plastik eynəklər gözə ziyanlı təsiri olan ultrabənövşəyi şüaları buraxır. Əlbəttə, bəlkə də belə eynəkləri dəb xatirinə, yaxud yaraşıqlı görünmək üçün taxmaq olar. Amma bir iş var ki, belə eynəklərdən istifadə etdiyimiz zaman qaranlıq effekti yaranır, bu da göz bəbəyini aldadır və bəbək daralmır. Beləliklə, ultrabənövşəyi şüalar buraxan eynəklərdən istifadə edən insanın gözlərinə ağırlıq düşür. Bu, get-gedə göz büllurunun bulanmasına və görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Bu halda katarakta və miqren xəstəliklərinin yaranması riski artır.

      Yalnız xüsusi, qoruyucu əlavələr qatılmış və gözü ultrabənövşəyi şüalardan qorumaq xüsusiyyətinə malik olan plastik eynəkləri almağı mütəxəssislər məsləhət görürlər. Eynək alarkən yarlıqda nə yazıldığına, onun şüşəsinin zərərli şüaları necə əks etdirməsinə diqqət yetirmək lazımdır.

    


Vüqarə Məmmədova
Bu yazıya 1171 dəfə baxılıb.