Ən faydalı bitki-“bilik ağacı”


Kəmalə Hüseynova
Bu yazıya 2726 dəfə baxılıb.

Ən faydalı bitki-bilik ağacı”

Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən yetişdirilən qiymətli bitkidir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı, həmçinin yeyinti məhsulu, xoş, dadlı və ətirli ədviyyat kimi istifadə edilmişdir. Yunanlar zeytunu bilik və ağıl ağacı  hesab etmişlər.

Zeytun ağacı

Zeytun həmişəyaşıl halda, 4 - 6, nadirən 10 - 12 m hündürlükdə ağacdır. Zeytun ağacının təkcə meyvəsi deyil, budağı, yarpağı və kökü də istifadəyə yararlıdır. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.

Azərbaycanda son 25 - 30 ildə zeytun çox geniş becərilir. Azərbaycanda yetişdirilən zeytunun digər ölkələrdə, məsələn, Aralıq dənizi sahillərində bitən zeytundan fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, məhsullarımızın yağlılığı daha çoxdur.

Zeytunun istifadəsinə gəldikdə qeyd etmək lazımdır ki, meyvələrini iki mərhələdə yığırlar: tam yetişməmiş, tam yetişmiş. Tam yetişməmiş vaxt yığılan meyvələrdən yeyinti sanayesində konserv məmulatı hazırlanır. Yetişən vaxtda yığılan meyvələr duza qoyulur.

Qurani –Kərimdə zeytundan Ənam, Nəhl, Nur, Muminun, Əbəsə və Tin surələrində bəhs edilir. Tin surəsində əncir ilə birlikdə üzərinə and içilmişdir. Rəsulullah (s.ə.s) "Zeytun yağını yeyin və onunla yağlanın. Çünki o mübarək bir ağacdan yetişir" söyləmişdir.

Zeytun meyvəsi

Zeytun meyvəsinin süfrəlik və yağlıq olmaqla iki növü var. Bir zeytun dənəsi 2-12 qram ağırlığında olur. Yaşıl zeytunun 100 qramı, 144 kalori enerjiyə bərabərdir. Qara zeytunun 100 qramı isə 207 kalori enerji verir.

 

Zeytun yağı
Qida yağları içərisində ən faydalı yağ zeytun yağıdır. Zeytun yağı, zeytunun əzilib sıxılması və qara su adlanan hissəsinin ayrılması ilə əldə edilir. Zeytun yağı tamamilə fiziki üsullarla əldə edilir ve burada heç bir kimyəvi metoddan istifadə edilmir.

 

Sağlam qidalanmada zeytun yağının önəmli rolu var.

Zeytun yağı həzmi asanlaşdırır, tərkibindəki “Oleiprine” maddəsi orqanizmi xərçəng xəstəliyindən qoruyur. Bu yağ həm də mədə turşuluğunu azaldır, dəyərli maddələrin bağırsaq tərəfindən asanlıqla sorulmasını təmin edir, öd kisəsi və yolunda daşların əmələ gəlməsini azaldır, həmçinin  tərkibindəki E vitamini və digər antioksidantlar orqanizmin qocalmasını ləngidir. Əzələ ağrıları zamanı onunla bədəni yağlamaq məsləhət görülür. Zeytun yağının köhnəsinə daha çox üstünlük verilir. Köhnə dedikdə, 7 illik yağ nəzərdə tutulur. Qoca zeytun ağacının gövdəsindən saqqız kimi çıxarılan maddə hafizə üçün çox faydalıdır, köhnə və quru öskürək hallarında istifadə olunur. Acqarına bir qurtum zeytun yağı içməklə qəbizliyi aradan qaldırmaq mümkündür.

Zeytun yağı arterial təzyiqi normallaşdırır, venaların elastikliyini artıraraq trombların əmələ gəlmə riskini azaldır. Bu dietik məhsulu İbn Sina dərmanla eyniləşdirmişdi. Zeytun yağı yeganə yağdır ki, orqanizm tərəfindən tam mənimsənilir. Zeytun yağının xərçəng təhlükəsini azaltması isə tərkibindəki fenolların güclü antioksidan təsirinə görədir. Ürəyimizi, damarlarımızı və xərçəng mexanizmasını bilən Sonsuz Qüdrət Sahibi, bunların dərmanını da yaxınlıqdakı bir ağacın meyvəsinə yerləşdirmişdir.

Yetişmiş zeytunun meyvəsi mədəni qüvvətləndirir, həzm sisteminə kömək edir, iştahanı artırır. Zeytun yarpağının qaynadılmış suyu qızdırmanı və qan təzyiqini aşağı salır. Zeytunun kökünü yarpağı ilə birlikdə suyunu buruna çəkmək zökəmə qarşı faydalıdır. Meyvəsini duzlu suda bir müddət saxladıqdan sonra həmin su ilə dişləri və damağı möhkəmləndirmək məqsədilə qarqara edirlər.

 

Duza qoyulmuş zeytun


Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və saf-çürük edilir. Acılığı yox etmək üçün 3 gün müddətinə qələvi məhluluna (10 litr suya 175-200 qram natrium, ya da kalium qələvisi) qoyulur. Bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərtilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır. Turşuma 15-20 gün çəkir. Bundan sonra zeytun hazır olur. Duza qoyulmuş zeytunu çox yemək olmaz, o, adama yuxusuzluq gətirir,arıqladır.

Zeytun ağacı – mübarək bir ağac, nə yaxşı fırçadır! O ağzı xoşiyli edir, dişlərin dibindəki daşları təmizləyir. Zeytun həm mənim, həm də məndən qabaqkı peyğəmbərlərin fırçasıdır.

 


Kəmalə Hüseynova
Bu yazıya 2726 dəfə baxılıb.