Gənc olmaq!


Gülnarə Seyidova
Bu yazıya 968 dəfə baxılıb.

       İnsan həyatında hər bir dövrün özünə xas xüsusiyyətləri olsa da, gənclik bunların içində ən gözəlidir. Bayronun "Ey gözəl gənclik! Kim səni yenidən yaşamaq istəməz!?" sözü bunu qısa və gözəl bir şəkildə sübut edir. Yaz mövsümü kimidir gənclik. Bir baxarsınız hər tərəf çiçəklərlə bəzənər, yandırıcı günəşin işıqları vurar üzümüzə; bir baxarsınız yağış yağar, fırtına qopar, şimşəklər çaxar səmada… Həm çox gözəldir gənc olmaq, həm çox çətin… Hər şeyi bildiyini düşünürsən, heç bir şey bilmədiyini görsən belə… Yetkinlik dövrüylə başlayan ruhi, fiziki və psixoloji dəyişikliklər, gənclik dövründə bu dəyişmə ilə gələn yeni bacarıqların, xüsusiyyətlərin gücləndirildiyi, daha çox istifadəyə edildiyi, həyata istiqamətli hazırlıqların görüldüyü, amma hələ tamamlanmadığı, çox xüsusi bir dövrdür. Məktəb həyatı da bu dövrün ən əsas məqamları, buna görə tərəddüdlərin çox olduğu bir dövrdür. Özlərini həyata, hər cür çətinliyə hazır hiss etdikləri, bizim onları hazır görməməyimizi qəbul edə bilmədikləri dövr olduğu üçün evdə ailəylə, məktəbdə müəllimlə qarşıdurma bu səbəbdəndir. Gələcəkləri üçün hazırlıqlarının tamamlanmasında məktəblərin də vəzifəsi çoxdur. Bu həyəcanı, fiziki gücü, enerjini gözəl işlərə yönəltmək; bizlər, onların baxışından həyatı anlamağa çalışarkən bizim istiqamətimizdən də onların baxmalarını təmin etmək məktəblərin, müəllimlərin çətin, amma zəruri vəzifəsi olmalıdır.

 

Gəncliyi yalnız bir həyat dövrü hesab etmək, şübhəsiz ki, doğru deyil. Şəxsiyyətin formalaşdığı, xəyalların ən gözəl şəkildə qurulduğu və ən fırtınalı eşqlərin yaşandığı dəliqanlılıq dövrü olduğuna görə gəncliyin insan həyatında xüsusi bir yeri vardır. Kaş ki, insan yaşının o dövründəki əhəmiyyəti və gözəlliyi fərq edilə bilsə...

     Bəli, sevimli gənc yoldaşlar; həyatınızın ən gözəl çağındasınız, bilirsinizmi? Bilin! Hər saniyəsini anlayaraq yaşayın, paylaşın və qiymətləndirin. Oxuyun, soruşun, öyrənin, müzakirə edin və özünüzü həyatı yaşamağa hazırlayın. Çünki, bu, həyatınızda gələcəyiniz üçün etdiyiniz ən böyük sərmayə dövrüdür. Üstəlik, daim artan gəliri təmin edən bir dövrdür. Bu vaxt aşağıdakı sualların cavablarını da tapmağa çalışın:

    Mən kiməm? Nə üçün varam? Həyatın mənası nədir? Həyatın son anına gəldiyimdə və dönüb geriyə baxdığımda nələr etmiş olmağı istəyərəm? Və geridə nələri qoymaq istəyərəm? Təbii olaraq, bu suallara həyatın fərqli dövrlərində fərqli cavablar verilə bilər.

Bu suallara yaxşı cavablar verə bilmək üçün bəzi qaydalara riayət edilməlidir.

    Bu qaydalardan birincisi, özünü tanımaqdır. Yəni insan öz daxili dünyasını obyektiv şəkildə analız etməlidir.

    İkincisi, hər fürsətdə oxumaq, öyrənmək və məlumatlılıq səviyyəsini artırmaqdır. (Bunun yalnız dərslərə getməklə və dərsi öyrənməklə mümkün ola biləcəyini düşünürsünüzsə, siz yanılırsınız).

    Üçüncüsü, yaxşı bir müşahidəçi olmaq, hadisələri, insanları, varlıqları, qısacası, ətrafımızda, ölkəmizdə, dünyada baş verənləri izləmək, qiymətləndirməkdir.

    Dördüncüsü, səbəbini bilərək məntiqi şərh etmək bacarığına sahib ola bilməkdir.

    Sonuncusu isə həyatda hər zaman istifadə edəcəyimiz analitik dünyagörüşüdür... Bunları edə bilirsinizsə, həyatınızı həqiqətən yaşamağa, bir şeylər bacarmağa və əldə etməyə hazırsınız deməkdir. Çünki, artıq nə istədiyinizi və bunlara necə çata biləcəyinizi bilirsiniz və yolunuz açıqdır.

   Demək olar ki, özünüz üçün hər şey hazırdır. Yaxşı bəs başqaları üçün...

Sizi çətinliklə, çox şeydə fədakarlıq edərək oxudan ailələriniz... Universitetə daxil ola bilmədiyi və sizin sahib olduğunuz yerlərdə olmaq üçün hər şeyini verə bilən, sizin oxumağınızda vergilərindən payı olan insanlar. Yoxsul və məhrum insanlar. Narkotik aludəçisi olan uşaqlar...Afrikada, aclıqdan ölmək üçün doğulan uşaqlar... Bombaların gurultusunda, güllələrin əhatəsində olan iraqlılar...

   Gənc olmaq, idealist olmaq deməkdir, ey gənc dostum! Özün qədər başqaları üçün də xəyal qurmaqdır, istəməkdir, çalışmaqdır!

Gənclərə verdiyi dəyəri Peyğəmbərimiz (s.ə.s.)in hədislərindən də görmək olar. Əbu Hüreyrə (r.a.)dan rəvayət edildiyinə görə Peyğəmbər (s.ə.s.) belə buyurdu:

“Başqa bir kölgənin olmadığı Qiyamət günündə Allah-Təala, yeddi insan, arşının gölgəsində olacaqdır:

Ədalətli dövlət başçısı;

Rəbbinə qulluq edərək, təmiz bir həyat içində böyüyən gənc;

Qəlbi məscidlərlə olan müsəlman;

Bir-Birilərini Allah üçün sevib, görüşməkləri də, ayrılmaları da Allah üçün olan iki insan;

Gözəl və imkanlı bir qadının bərabər olma istəyinə “Mən Allahdan qorxuram” deyə yaxınlaşmayan igid;

Sağ əlinin verdiyini sol əlinin bilməyəcəyi qədər gizli sədəqə verən kimsə;

Tənha olduğu vaxt Allahı xatırlayıb göz yaşı tökən insan”.

 

 


Gülnarə Seyidova
Bu yazıya 968 dəfə baxılıb.