Gənclik hara gedir?


Samirə Mahmudova
Bu yazıya 951 dəfə baxılıb.

Bu gün dünyanı texnika və texnologiyanın ən son nailiyyətlərinin əldə edildiyi, sərhədlərin ortadan qalxdığı, qlobal dəyərlərin üstün tutulduğu böyük bir teatr səhnəsinə bənzətsək yanılmarıq. Dünyada mövcud olan cəmiyyətlər, xalqlar, millətlər və fərdlər insana bu böyük səhnədə özünə layiqli yer tutmağa çalışan aktyorları xatırladır. İzdihamlı prospekt və küçələri ilə, gurultulu həyat tərzi ilə, zəngin və çeşidli mədəniyyət nümunələri ilə, müxtəlif düşüncəli və psixologiyalı insan tipləri ilə özünü xarakterizə edən cəmiyyətə diqqət etdiyimiz zaman dəyişməz bir səhnənin şahidi oluruq. Hər kəs özü üçün müəyyən etdiyi hədəf və məqsədlər istiqamətində hara isə bir yerə tələsir, kimin və nəyin isə arxasınca gedir, nəyə isə nail olmağa çalışır. Bununla bərabər, mövcud vəziyyətin fərqinə varmayan, insanların içində yavaş-yavaş addımlayan, söhbət edərək qayğısız gəzən, arabir zarafatlaşaraq gülüşən insanlara, xüsusilə də gənclərə rast gəlirik. Onlar bir yerə tələsmir, kimsə onları evdə gözləmir. Kənardan baxan onların həyatlarının ən gözəl, qayğısız və sərbəst, azad zamanlarını yaşadıqlarını zənn edir. Dövlət-xalq, vətən-millət, torpaq-bayraq düçüncəsi yox, oğul-uşaq qayğısı yox, evə baxmaq dərdi yox. Bu şəkildə düşünənlər və onları “cavandırlar, qoy həyatlarını yaşasınlar” fikri ilə sərbəst buraxanlar onların gələcəklərinin aydın deyil, qaranlıq ola biləcəyini düşünmürlər. Çünki bu dövr mütəxəssislərin ifadəsinə görə gənclərin problemlər qarşısında qalmaları, öz daxili dünyalarına yönələrək xəyallarında və düşüncələrində bu problemləri həll etmə xüsusiyyətinin ön plana çıxdığı bir zamandır. Bu dövrdə gənclər gerçək dünyada həyata keçirə bilmədiyi bir çox təcrübə və macəranı xəyal dünyasında yerinə yetirə bilir.

Valideynlər, əsasən, övladlarının ən çətin zamanının üç yaşına kimi olan dövrü əhatə etdiyini düşünür, bu dövrü keçirdikdən sonra öz dillərincə desək “rahat nəfəs almağa” başlayırlar. Lakin bununla bərabər, insan həyatının ən dərin, ən duyğulu və bir o qədər də həssas olan yetkinlik dövrünü unudurlar. Yetkinlik dövrü və sonrasında gənclərin fizioloji, sosioloji və bir çox müsbət və mənfi yöndən təsirləri barədə bu sahənin mütəxəssislərindən biri olan Hüseyn Certel belə deyir:

“Yetkinlik çağına girən bir gəncin duyğu və hisslərində artma görülür. Bu zaman o, duyğularını xaricə əks etdirmə və ifadə etmə ehtiyacını hiss edir. Mənfi duyğular, əl-qol hərəkətləri, üz ifadəsi və bağırma kimi hallar, hər hansı bir hadisə qarşısında göstərdiyi reaksiyalar tez-tez dəyişir. Bir gün sevincli və şən ikən, duyğulu halı birdən-birə dəyişə bilər. Xülasə, bu dövr onların qeyri-sabit, tarazsız hərəkət və davranış göstərdikləri bir dövrdür. Valideynlər onlarla uşaq kimi davranmamalı, onları etdikləri hər hansı bir hərəkətə görə danlamamalıdırlar. Çünki bu vəziyyət gənclərdə böyüklərin onları başa düşməmə hissini verdiyindən onlar hər mövzuda yardım və kömək istəməkdən qaçırlar ki, bu da onlarda ətrafındakı insanlara qarşı mənfi düşüncə hisslərinin meydana gəlməsinə səbəb olur.

Dünyanın bir qarışıqlıq, bir çalxalanma içərisində olduğu, maddi və mənəvi qlobal böhranların yaşandığı bir vaxtda gənclərimizin başıboş bir vəziyyətdə müxtəlif texnoloji ixtiralardan anormal şəkildə istifadə etməsi, milli və mənəvi dəyərlərin hakim olmadığı, yabançı təsirlərin lazımlı- lazımsız dəbindən istifadə edərək öz dəsti-xəttindən çıxmaları zaman-zaman öz milli mənşəyini və mentalitetini unutmasına və itirməsinə səbəb olur. Sanki nə olursa olsun gülünc görünsə belə qərblilərə, avropalılara və ya qeyri-milli ünsürlərə bənzəmə ehtirası onların milli-mənəvi düşüncəsinə mənfi təsir edərək, get-gedə milli-mənəvi dəyərlərinə sahib çixmasına pis və mənfi təsir göstərir. Doğrudur, onları Hz. Əlinin dediyi kimi “Övladlarınızı özünüzün deyil, onların yaşadığı zəmanəyə görə yetişdirin” prinsipi üzrə böyütmək, inkişaf etdirmək arzusundayıq. Bu  mənada hər zaman onların əqli inkişafının və intellektual səviyyəsinin yüksək olmasını istəyirik. Amma bununla belə, gənclər, yeniyetmələr doğru informasiyadan istifadə edim deyərkən, düzgün olmayan, onların mənəvi, əqli və fiziki inkişafına mənfi təsir edən məlumatları da götürürlər. Ailələrin üzərinə düşən vəzifə onları bu cür mənfi tendensiyalardan uzaqlaşdırmağa çalışmaq, etdikləri səhvləri və xətaları ehtiyatla, münasibətləri zədələmədən, aranı soyutmadan başa salmaqdır. Əsas önəmli nöqtə onlara hər zaman sirdaş olaraq problemləri ilə yaxından maraqlanan, kədərlərini paylaşan, xətalarını tənqid etməyərək doğru yolu hədəf seçməkdə yarımdıçı olan valideyn və vətəndaş olmaq lazımdır. Bu zaman onları hər zaman yanımızda, ətrafımızda görə bilər, etdikləri işləri müşahidə edərək zamanında müdaxilə etmə imkanı əldə edə bilərik. Gənclərin milli-mənəvi və əxlaqi prinsiplər üzrə yetişməsi, vətənini, millətini sevən və ətrafındakılarla gözəl əlaqələr qurmasında ailələrin rolu və zəhməti böyükdür. Çünki ailələr gələcək nəslin aynasını təmsil edirlər.


Samirə Mahmudova
Bu yazıya 951 dəfə baxılıb.