Bir Payız Təfəkkürü


Nimet Çinar
Bu yazıya 952 dəfə baxılıb.

Uca Rəbbimiz Casiyə surəsinin 13-cü ayəsində belə buyurur: " O, göylərdə və yerdə nə varsa hamısını, öz qatından (bir lütfü olaraq) sizə boyun əydirmişdir. Əlbəttə, bunda düşünən bir cəmiyyət üçün ibrətlər vardır".

Həqiqətən, insan övladı dörd bir tərəfinə baxsa görər ki, hər şey özü üçün yaradılmışdır. Baxanda həm təravət, həm dəhşət verən səma, dənizlər, fərqində olmadan içimizə çəkib dayandığımız hava, dağlar, meşələr, günəş, ulduzlar, gecə, gündüz, mövsümlər, bütün fabriklərdən daha sürətli və heç yorulmadan işləyən orqanlarımız, həyat qaynağımız olan su, hər birinin rəngi, qoxusu və dadı fərqli bütün meyvələr və tərəvəzlər… və daha bir çox nemət… Ayəyi- kərimədə buyurulduğu kimi "Allahın nemətini saymaq istəsəniz, onu saya bilməzsiniz…" (Nəhl 18)

Lakin ayəyi- kərimənin sonunda da buyurulduğuna görə, bu nemətlər yalnız faydalanmaq və onlardan istifadə etmək üçün deyil, eyni zamanda ibrət götürmək üçün də yaradılmışdır. Rəbbimiz "düşünən bir cəmiyyət üçün" buyurur. O halda biz də belə ətrafımıza baxıb bir düşünməyə başlayaq. Bu günlərdə yaşadığımız payız mövsümü tam da təfəkkür vaxtı əslində… Yəni hər canlının mütləq dadacağı ölümü təfəkkür vaxtı...

Eynilə, dünyanın mövsümləri yaşaması kimi insan övladı da həyatında mövsümlər yaşayır. Məsələn, yaz mövsümünü uşaqlıq və gənclik dövrünə bənzədə bilərik… İnsan bu dövründə həyəcanlı, enerjili lakin təcrübəsiz olur. Buna görə səhv yola yönəlməsi asandır. Özündən yaş və təcrübə baxımından böyük insanların yol göstərməsinə ehtiyac duyur. Bu çağlarda insan gəncliyinin heç vaxt qurtarmayacağını düşünür. Bu ömrün yazı kimi bir də payızının da olacağını ağlına gətirmir. Halbuki, ətrafında ömrünün payızına, yəni sonuna gəlmiş və itirdikləri fürsətlərin peşmanlığını yaşayan nə qədər insan var. Bax insan övladı belədir… Qocalığı və ölümü, xəstəliyi və bəlanı özünə heç vaxt yaxınlaşdırmaz. Bir gün ölüm mələyi ilə görüşəcəyini, o günün mütləq gələcəyini və təkrar dönüşü olmadığını heç düşünməz və  düşünmək də istəməz. Çünki dünya şirindir. Xarici parlaq və möhkəm, içi çürük bir meyvə kimi insanın iştahını artırar, lakin sonra yediyinə peşman edər.

"Bütün fani ləzzətləri kökündən qoparan ölümü çox yada salın" buyuran Əfəndimiz (s.ə.s.) nə qədər də haqlıdır. İnsan hər gün ölümün dəhşətini düşünsə, bu dünyanın oyun və əyləncəsinə, müvəqqəti gözəlliklərinə aldanmaqdan imtina edər. Günaha düşməkdən atəşdən qaçarcasına uzaqlaşar. İstiqamət ipinə sıx sarılmağa çalışar.

Lakin bizlər qəflət içərisində həyatımıza davam edir, payızda ağacların tökülən sarı yarpaqları kimi, ömrümüzün günlərinin tək-tək azaldığını hiss etmirik. Üstəlik, qalan vaxtımızın nə qədər olduğunu da bilmirik… Qəbiristanlıqlarda bizim yaşlarımızda bir çox insanların olduğunu gördüyümüz halda, laqeyd yaşamağa davam edirik. Rəbbimiz bizlərə "Səfər haraya?" (Təkvir 26)  deyə soruşarkən bizlər yolçu olduğumuzu da unutduq.

Mövlana belə buyurur: "Yaxşıca bax, diqqət yetir ki, görəsən: Biz oturarkən gedirik, xəbərimiz yox! Biz yeni bir yerə gedirik lakin özümüzü görmürük! Ağlını başına al ki, sərmayəni bu gün üçün deyil, irəlidə bir şey etmək üçün yığ; hazırlaş! Ey səfəri sevən adam! Yolçu ona deyərlər ki, yolu düşünər, çatacağı yeri hesablayar; fikri hər zaman irəlidədir".

"Oğul, hər kəsin ölümü öz rəngindədir, insanı Allaha qovuşdurduğunu düşünmədən ölümdən nifrət edənlərə, ölümə düşmən olanlara, ölüm qorxunc düşmən kimi görünər. Ölümə dost olanların qarşısına da dost kimi çıxar. Ey ölümdən qorxub qaçan can, işin əslini, sözün doğrusunu istəsən, sən ölümdən qorxmursan, sən özündən qorxursan".

Öz ölümünü şəbi -aruz olaraq təsvir edir Hz. Mövlana… Toy gecəsi, dosta qovuşma gecəsi… Ölümünü ən gözəl anına bənzədir. Ölümü gözəl görür. Yenə bu mövzuda Nəcib Fazıl Qısakürəyin bir beytini də söyləmədən keçməyək:

"O dəmdə ki, pərdələr qalxar, pərdələr enər,

Əzrailə xoş gəldin deyə bilməkdə hünər".

Göründüyü kimi, həm Hz. Mövlana, həm Nəcib Fazil və daha neçəsi gözəl bir ölümün dərdindədirlər. Yaxşı, bizlər ölümü gözəlləşdirə bilmək üçün nə edə bilərik?

   Əvvəlcə, bu dünyanın fani olduğunu ağlımızdan çıxarmamalıyıq. Az, lakin qızıl qədər qiymətli vaxtımızı boş sevdalara, yersiz inciklik və küskünlüklərə sərf etməyin çox böyük itkilərə səbəb olacağını unutmamalıyıq.

   Gəncliyimizin verdiyi enerjini xeyrə yönəldib, insanların və xüsusilə, özümüzün axirət faydamız üçün istifadə etməyə çalışmalıyıq.

   Ətrafımızdakı həyatı tanımış, dünya görmüş insanları bir nəsihət bələdçisi olaraq görüb, təcrübələrindən faydalanmağa cəhd göstərməliyik.  Çünki gəncliyin təcrübəyə, yaşlı insanların isə enerjiyə ehtiyacları vardır. Ehtiyacların hasil olması üçün ikisi bir yerdə olmalıdır.

   "İki günü bərabər olan bizdən deyil" buyuran gözəl Peyğəmbərimizin sözünə qulaq asıb, hər gün yeni bir şeylər öyrənməyin və özümüzü yetişdirməyin qayğısı içində olmalıyıq.

   "Ey Rəbbimiz! Bizə dünyada da yaxşılıq ver, axirətdə də yaxşılıq ver. Bizi cəhənnəm əzabından qoru!" duası dilimizdən heç əskik olmamalıdır.

 

Rəbbimiz bizim üçün yaratdığı hər nemətin içində mesajlar saxlamışdır. Ətrafımıza görən gözlərlə baxıb, mesajları oxumağa və dərs almağa çalışaq.

 

  

 


Nimet Çinar
Bu yazıya 952 dəfə baxılıb.