Gənclik Enerjisindən Doğru Yerdə İstifadə Etmək


Osman Nuri Topbaş
Bu yazıya 942 dəfə baxılıb.

Həzrət Ömər (r.a) buyurur:

“Dörd şey əsla geri gəlməz:

  1. Deyilən söz.
  2. Atılan ox.
  3. Keçən həyat.
  4. Əldən verilən fürsət”.

"Gəncliyini əylənməklə keçirən, qocalığını ağlamaqla keçirər." (A. Fuad Başgil)

 

Rəbbimizin qullarına lütf etdiyi bütün imkan və nemətlər Onun rəhmət, mərhəmət və sevgisinin aşkar bir nişanəsidir. Bu ilahi ikramlar heç bir əvəz ödəmədən və ya çalışıb layiq olmadan qullara lütf edilmişdir. Lakin bu vəziyyət nemətlərin heç bir şərtə tabe tutulmadan, istənildiyi kimi istifadə edilə biləcəyi mənasını verməz. Onları Allahın qoyduğu qanunlar daxilində qiymətləndirməliyik.

İnsan oğluna sayılı günlər halında lütf edilən ən qiymətli nemət isə gənclikdir. Ağıllı bir insan bu qiymətli və məhdud imkanı ən gözəl şəkildə və səmərəli keçirməyin yollarını axtarır.

Gəncliyin qiyməti qocalıqda bilinər. Təcrübə sahibi bütün qocaların ittifaqla söylədiyi həqiqət budur:

"Əsla gəncliyinizə aldanmayın! Çünki çox tez keçər."

İmam Rəbbani həzrətləri nə gözəl söyləyir:

"Vaxtların ən şərəflisi olan gənclik çağını, ən fəzilətli əməllər üçün xərcləmək lazımdır."

Mövlana Xalid Bağdadi  tələbələrindən birinə yazdığı məktubunda deyir ki:

"Hər kəs əlindən gəldiyi qədər Rəbbinə yönəlsin!.. Sevdiklərimiz haqqında tələbimiz sabah Haqqın divanında üzlərini ağ edəcək saleh əməlllərlə məşğul olmalarıdır. Üzləri saraldan o dəhşətli gündən Allah qorusun! Bilin ki, saleh əməl də, pis əməl də onları edənin özünədir."

 

Spot:

Həzrət Əbu Bəkr buyurmuşdur:

"Dünya möminlərin bazarı, gecə ilə gündüz sərmayələri, gözəl əməllər ticarət mallarıdır. Qazancları cənnət, zərərləri isə cəhənnəmdir."

 

Axirət gününə iman edən bir müsəlman əməl dəftərini xeyirlərlə doldura bilmək üçün həyat sərmayəsini ən məhsuldar şəkildə istifadə etməlidir. Qarşısına çıxan hər cür xeyir imkanını Allahın lütf etdiyi tapılmaz bir fürsət bilməlidir. İnsanların dinə və xeyirli işlərə iltifatına baxaraq aldanmamalıdır. Bununla birlikdə qürur və təkəbbürdən də şiddətlə çəkinməlidir. Çünki nəfs və iblis daim; "Sən nə çox xeyir işlədin, kaş ki, hər kəs sənin kimi olaydı!" deyə pıçıldayar.

Haqq-Təala belə buyurur:

"Bir işi bitirincə dərhal (başqa) bir işə başla və yalnız Rəbbinə yönəl!" (əl-İnşirah, 7-8)

Bir kimsə bəhanəsiz olaraq xeyir işlərdən uzaq qalmağa davam etsə, cənnətə girsə belə çox az xeyrə sahib olacağından, aşağı mərtəbələrdə iştirak edər.[1] Halbuki insan oğlu qiyamət günü ən kiçik bir xeyrə belə möhtac olacaq.

Rəsulullah belə buyurmuşdur:

"Qiyamət günü insanlar səf-səf durarlar. Bu zaman cəhənnəm əhlindən bir adam cənnət əhlindən birinə rast gələr və:

«-Ey filankəs! Xatırladınmı, sən su istəmişdin, mən sənə bir içimlik su vermişdim?» deyər. Mömin də o kimsəyə şəfaət edər.

(Cəhənnəmlik olan bir başqa) kimsə, cənnətlik olan birinin yanına gedər və ona:

«-Xatırlayırsanmı, sənə bir gün dəstəmaz suyu vermişdim?» deyə (şəfaət istər. O da xatırlayar) və ona şəfaət edər.

Yenə cəhənnəmlik olanlardan biri cənnətlik birinə:

«-Ey filankəs! Məni filan-filan işə göndərdiyin günü xatırlayırsanmı? Mən də o gün sənin üçün getmişdim.» deyər. Cənnətlik olan kimsə də ona şəfaət edər." (İbn Macə, Ədəb, 8)

Təbii ki, Allah-Təala iradə buyurar və icazə verərsə, möminlərin şəfaəti fayda verər.

Axirət həyatında hansı əməlimizin qurtuluşumuza vəsilə olacağını bilmərik. Bu səbəblə böyük-kiçik demədən hər gözəl əməldən yapışmalı, zamanı yaxşı qiymətləndirməli və dünyada ikən bir az yorulmalıyıq. Necə ki E. M. Gray müvəffəqiyyətli insanların ortaq xüsusiyyətlərini araşdırmış və yazdığı məqalədə belə demişdir:

"Müvəffəqiyyətli kəslər müvəffəqiyyətsiz olanların etməyi sevmədiyi şeyləri vərdiş halına gətirmişlər. Həyatda müvəffəqiyyətli olmaq böyük ölçüdə vaxtın yaxşı planlaşdırılmasına və istifadə edilməsinə bağlıdır." (Özcan Xıdır, Vaxt İntizamı, s. 78)

Unutmamaq lazımdır ki, böyük nailiyyətlər həmişə nəfsə ağır gələn səylərin ardında gizlidir. Necə ki, səhabeyi-kiramdan Əbdürrəhman bin Əvf (r.a) deyir ki:

"İslam nəfsə xoş gəlməyən çətin əmrlər gətirmişdir. Biz xeyirlərin ən xeyirlisini, nəfslərin xoşlanmadığı bu çətin əmrlərdə tapdıq. Məsələn, Rəsulullah ilə Məkkədən çıxıb hicrət etmişdik. Nəfsimizə çətin gələn bu hicrətimizlə bizə üstünlük və zəfər bəxş olundu. Yenə Allah-Təalanın Qurani-Kərimdə:

« Rəbbin səni bu minvalla haqq-ədalət uğrunda (Bədrə getmək üçün) evindən çıxartdı. Halbuki (bu,) möminlərdən bir dəstənin xoşuna gəlmirdi. Haqq bəlli olduqdan sonra belə onun barəsində səninlə mübahisə edirdilər, sanki gözləri baxa-baxa ölümə sürüklənirdilər. » (əl-Ənfal, 5-6) buyuraraq təsvir etdiyi hal üzrə, Allah Rəsuluyla birlikdə Bədrə çıxmışdıq. Allah-Təala burada da bizlər üçün üstünlük və zəfər lütf etmişdi.

Nəhayət, biz ən böyük xeyirlərə həmişə nəfsimizə çətin gələn əmrlər sayəsində nail olmuşuq." (Heysəmi, VII, 26-27)

 

Spot:

Alim və şair Abbas bin Həsən belə demişdir:

"Bilmiş ol ki, zehnin hər şeylə məşğul ola bilməz. Elə isə mühüm olanları ayır! Ayrıca hər kəslə maraqlana bilməzsən, maraq və yönəlişini həqiqət əhli insanlara yönəlt! Həmçinin comərdliyin də hər kəsə kifayət etməz. Onu da fəzilət sahibi insanlara saxla! Davamlı cəhd göstərsən də, gecə ilə gündüz sənin ehtiyaclarını qarşılamağa çatmaz. Bu səbəblə etməyin və tərk etməli olduğun işləri bir-birindən yaxşı ayır!.." (Əbu Quddə, Zamanın Qiyməti, s. 88-89)

 

Mərhum atam Musa Topbaş –rəhmətullahi əleyh- belə buyurardı:

"Bəndəniz, gəncliyimdə saleh insanlarla birlikdə olmağı çox sevərdim. Hər gün mütləq  gedib bir az hüzurlarında olardım. Onlar da mənim səmimiyyətimi bildikləri üçün xoş qarşılayardılar. Ən çox Almalılı Həmdi Əfəndinin yanına gedərdim. O zamanlar 13-15 yaşlarında idim. Ona zamanın əllaməsi deyirdilər. Buna baxmayaraq, son dərəcə təvazökar idi. Çox ziyarətçisi olardı

23-25 yaşlarımda ikən iki ilə yaxın Mustafa Asım Yörük Əfəndinin söhbətlərini dinlədim. Bu şəxs də təvazökarlıqda öndə gedənlərdən idi. Hafizi Quran olduğunu vəfatından bir neçə gün əvvəl öyrəndim.

1945-1955-ci illər arasında özünə böyük bir hörmət bəslədiyim Muhaddis Bəkir Haqqı Yenər Əfəndini tez-tez ziyarət edər, onun sözlərindən böyük bir feyz və həzz alardım. O illərdə Şahzadəbaşı Məscidində vəz edərdi. Onun vəzində məscid ağzına kimi dolardı.

İyirminci əsrin işıq saçan mərkəzlərindən biri də heç şübhə yox ki, Məsnəvi şarihi Tahirul-Mövləvi Əfəndi idi… Fürsət düşdükcə o yüksək səviyyəli, əxlaq sahibi şəxsi ziyarət edər, əxlaqi, tarixi və ədəbi söhbətlərindən nəsibimi alardım.

Əli Yekta Əfəndi, Ömər Nəsuhi Əfəndi və Əli Fuad Başgil kimi çox qiymətli alim, fazil və kamil kəslərin də fürsət tapdıqca ziyarətlərinə gedərdim. Hər- halda bu şəxslərdən də istifadə etdim."[2]

Əgər nəsillər sahib olduqları gənclik enerjisini nəfsani arzu və istəklərini təmin yolunda israf etsələr, Allah Təalanın lütf və rəhmətindən məhrum qalarlar. Belə bir bədbəxtliyə düşən nəsillərin hər baxımdan geri qalacağına da heç şübhə yoxdur.

 

Spot:

"Gəncliyin əyləncə zamanı olduğunu zənn edənlər ziyana uğrayanlardır. Gənclik çağı insana əbədi olaraq lazım olacaq möhkəm etiqad və gözəl vərdişlərin qazanılacağı ən məhsuldar vaxtdır."

 

Müsəlman Gəncin Abi-Həyatı: NAMAZ

 

Kainatdakı bütün varlıqlar – günəş, ay, ulduzlar, çəmənliklər, ağaclar və s. daima allaha zikr halındadır. Allah Təalanın möminlərə bir merac olaraq ikram etdiyi namaz isə bütün bu ibadətləri ehtiva etməkdədir. Bu səbəbdən namaz qılan bir mömin göylərdə və yerdə olan bütün varlıqların etdiyi ibadətlərin hamısını ifa edərək hesabsız bir mükafata və dəruni təcəllilərə nail olar.

Rəsulullah: “Namaz gözümün nurudur” buyurmuşdur. (Nəsai, İşrətun-Nisə, 10; Əhməd, III, 128, 199)

Namaz dinin dirəyi, müsəlmanlığın əlamətidir. Əcr baxımından heç bir ibadətlə müqayisə edilə bilməz.  Namazdan uzaq olan kəslərin dünya həyatı bərəkətsiz olar. Simalarında ilahi gözəlliyin nuru qalmaz.

Beş vaxt namazın hər birinin özünəməxsus qiyməti və əhəmiyyəti var. Günün müəyyən vaxtlarına səpələnməsi də insan üçün həm ruhi, həm də bədəni cəhətdən minlərlə fayda və hikmət ehtiva edir.

Allah Rəsulu beş vaxt namaz barəsində ümmətinə belə buyurur:

“Allah Təala buyurdu ki: ”Sənin ümmətinə beş vaxt namazı fərz etdim. Öz qatımda verilmiş bir söz var: Kim o namazları tam vaxtında qılarsa, onu mütləq cənnətə qoyacağam. Kim də o namazları qorumazsa, qatımda ona verilmiş heç bir söz yoxdur”. (İbn Macə, İqamətus-Saləh, 194)

“Bir müsəlman fərz namazın vaxtı gəldikdə gözəlcə dəstəmaz alar, xüşu içində rüku və səcdələrinə diqqət edərək haqqıyla namazını qılarsa, böyük günah işləmədikcə, bu namaz əvvəlki günahlarına kəffarə olar. Bu, hər zaman belədir”. (Müslim, Təharət, 7)

 

Cümə Namazı

Cümə namazı kişilərə fərz qılınmışdır. Allah Təala belə buyurur:

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (əl-Cumuə, 9)

Rəsulullah (s.ə.s) cümə namazı haqqında belə buyurur:

Bir adam gözəlcə dəstəmaz alar, cümə namazına gedər və sakitcə xütbəyə qulaq asarsa, bununla digər cümə namazı arasındakı günahları bağışlanar və buna üç gün də əlavə edilər. Kim xütbə oxunarkən çınqıl daşlarla oynasa, əbəs işlə məşğul olmuş və cümənin fəzilətini qaçırmış olar”. (Müslim, Cümə, 40)

   

 

 

[1] Bax. Əbu Davud, Salət, 232/1108. Qarşılaşdır: Müslim, Salət, 130; Əbu Davud, Salət, 97/680.

 


Osman Nuri Topbaş
Bu yazıya 942 dəfə baxılıb.