O, Ana və ataya böyüklərinə hörmət edər


Elçin Manafov
Bu yazıya 825 dəfə baxılıb.

“Cənnət anaların ayaqları altındadır.”

(Hədisi-şərif)

Fanilər arasında  ən əziz varlıqdır ana. O, yer üzündə addımlarını atarkən başı göylərdə olan, cənnətin isə onun ayaqları altında olduğu bir varlıqdır.

Ana var, dünyaya gətirəcəyi balasını Haqqın yoluna fəda edər. Ana var, bir övlad istər, istər, lakin əldə etmədən xüsran içində gözlərini yumar həyata. Ana var, izah edə bilmədiyi övladı ilə beli bükük: "Kaş ki, daha öncə ölüb, unudulub getsəydim", -deyər. Ana var, övladı ilə abidələşər və başı səmalara yüksələr. Ana var, övladı ilə pərişan və dərbədərdir. Ana var, Firon sarayında bir millətin göz bəbəyidir. Ana var, Peyğəmbər ocağında şeytan bəndəsi. Ana var, səssiz, naməlum və məchuldur, lakin güllər, çiçəklər yetişdirər. Ana var, dastanlara sığmaz; o, yaddaşlarda, könüllərdə, göylərdədir. Ana var, kağızdadır, qələmdədir, romandadır...

    Övladı olandan sonra onun ilk addımları, təhsil həyatı, əsgərlik çağı.. bunların hər biri ananın alnına qırış, saçlarına ağ salan iztirab dövrləri. Ana hər eniş və hər yoxuşun başında göz yaşı tökər: övladın tələbəlik ayrılığı, evlilik ayrılığı və əsgərlik ayrılığına.

İslamda valideynlərin haqqına gəldikdə isə hər kəsin yadına ilk olaraq bu ayə düşür: “Rəbbim ondan başqasına ibadət etməmənizi və ana ataya yaxşılıq etmənizi əmr etmişdir. İkisindən biri, yaxud hər ikisi sənin yanında qocalıq çağına çatarlarsa, aman onlara “ uff ” belə demə. Onları tənqid etmə və onlara gözəl söz soylə. Onlara rəhmət və təvazö qanadını aç. Onlarla şəfqətli davran və onlar haqqında belə dua et; Ey Rəbbim! Bunlar mən kiçik olarkən məni necə yetişdirib böyütdülərsə, sən də onlara eləcə mərhəmət et, acı!” (İsra 23-24) Burada mühüm olan Allahın öz bəndələrinə bu tövsiyyələri verməsidir. İslam dinində ana və ataya itaət etmək günah və fərz olan şeylərin xaricində fərzdir. Bu səbəblədir ki, əgər ana və ata övladı sünnə olan bir əməli etməkdən çəkindirərək başqa bir işə buyursalar övlad bu işi etməlidir. Ancaq bir halda valideynlərə tabe olmaq olmaz. Bu da; əgər valideynlər fərz olan bir ibadəti etməmələrin istəsələr övladları bunu dinləməməlidir. Çünki “Yaradana qarşı gəlməkdə məxluqata itaət yoxdur” hədisi-şərifi bunu tövsiyyə edir.

Bir gün biri gəlib Rəsulullaha (s.ə.s) soruşur: "Mən kimə yaxşılıq edim? Rəsulullah (s.ə.s) “Anana” deyir. Sual verən şəxs bunu üç dəfə təkrar edir və üçündə də “Anana” cavabını alır. Həmin şəxs dördüncü dəfə soruşanda Allahın Rəsulu bu dəfə də “Atana” deyə cavab verir.” (Buxari, Ədəb 2; Müslim, Birr 1, (2548))

Nəticə olaraq  ana və atalarımıza qarşı vəzifə borclarımız bunlardır:

- Ana və ataya qarşı gülər üzlü və şirin dilli olmaq.

- Çağırdıqları zaman onları gözlətmədən dərhal yanlarına getmək.

- Allaha itaətsizlik olmadıqca istəklərini yerinə gətirmək.

- Yanlarında yüksək səs ilə danışmamaq.

- Yolda gedərkən bir səbəb olmadığı müddətcə qabaqlarına keçməmək.

- Keçim sıxıntıları varsa onlara köməklik göstərmək.

- Xəstəlik və ya yaşlılıq səbəbilə xidmətə ehtiyacları olarsa sevə-sevə onlara xidmət göstərmək

- Öldükdən sonra da onlar üçün etməmiz gərəkən borclarımız vardır.
– Onları rəhmət ilən yad etmək, bağışlanmaları üçün dua etmək.
– Adlarına xeyriyyəçilik etmək.

– Vəsiyyət etmişlərsə onları qüsursu yerinə yetirmək

 

 

Yaşanmış bir hekayə

 

Bir gün Hz. Musa Allah təala ilə danışarkən cənnətdəki dostunun kim olduğunu bilmək istəyir. Allah təala isə sənin cənnətdəki dostunun filan məhəllədə yaşayan gənc olduğunu bildirir. Hz. Musa gənc adamı tapmaq üçün həmin məhəlləyə gəldikdə onun qəssab olduğunu görür. Hz. Musa hiss etdirmədən onu təqib etməyə başlayır ki, görəsən bu hansı xeyir iş görür ki, belə bir məqamı əldə edir. Axşama qədər gözləyir, ancaq əməlində bir fərqlilik görmür. Axşam olanda bu gənc iş yerinindən evinə getmək istəyəndə Hz. Musa özünü ona tanıtmadan onlara bu gecə qonaq olmaq istədiyini bildirir. Gənc Hz. Musanın təklifini qəbul edərək onu evlərinə aparır. Hz . Musa evdə gəncin yemək hazırladığını daha sonra isə evdə fəlc və qoca bir qadının yanına gələrək böyük bir səbir və şəfqətlə yeməyi tikə-tikə onun ağzına qoyaraq yedirtdiyini və sonra da paltarını dəyişdiyini görür. Bu gəncin o yaşlı qadına necə də həssaslıqla xidmət etdiyini və bundan başqa fövqaladə bir ibadəti olmadığını görən Hz. Musa səhər evdən gedərkən o gəncə soruşur: “Bu qadın kimdir? Sən ona yemək verərkən o üzünü göyə tutaraq nə söyləyirdi?” kimi suallar verir. Gənc adam bu cavabı verir. “Bu mənim anamdır.” Mən ona hər yemək verdiyimdə o mənə belə dua edir: “Allahım bu xidmətlərinə görə oğlumu cənnətdə Hz. Musa ilə dost elə!” Bunun qarşılığında Hz. Musa anasının dualarının qəbul olduğunu, özünün də Hz. Musa olduğunu və Allah təala ilə aralarında keçdiyi söhbəti gəncə anladaraq onu müjdələyir.

          Allah təala bizi də ölmədən öncə valideynlərinin razılığını alan və bizləri də valideynlərinə layiq bir “sədəqeyi cariyə” ( bitib -  tükənməyən sədəqə ) olmağı nəsib eləsin.


Elçin Manafov
Bu yazıya 825 dəfə baxılıb.