Ümmü Fadl (r.anhə)


Sevinc Vəkilova
Bu yazıya 1033 dəfə baxılıb.

Ümmü Fadl (r.anhə)  Peyğəmbərin (s.ə.s.) baldızı... Meymunə binti Xaris (r.anhə) anamızın bacısı...

Peyğəmbərin (s.ə.s.) sevimli əmisi Həzrəti Abbasın (r.a) ailəsi...

İslamı ilk qəbul edən cəsarət və şücaət sahibi xanım səhabə... Din qardaşını müşriklərin əlində qoymayan qəhrəman, imanlı bir xanım...

O, Məkkədəki Kinanə qəbiləsinə mənsubdur. Anası Hind (Havlə) binti Avf, atası Xaris ibn Hazəndir. Məkkədə Abbas ibn Əbdülmüttəlib ilə ailə qurmuşdur. İlk övladı Fadlın dünyaya gəlişindən sonra Ümmü Fadl ləqəbiylə tanınmışdır. Əsl adı Lübabə olmuşdur.

O, Xədicətül-Kübra (r.anhə) anamızdan sonra Məkkədə İslamı ilk qəbul edən, cəsur və igid xanımlardandır. Həyat yoldaşı Hz.Abbas (r.a) ondan sonra İslamı qəbul etmişdir.

Ümmü Fadl (r.anhə) şücaətli, cəsur, vüqarlı və imanından güzəştə geməyən qorxmaz bir xanım səhabəydi. Xidmətləriylə, sevgisiylə, insanları gözəlliyə çağıran İslamın ilk cəfakeşlərindən idi. Onun İslamın ilk günlərində göstərdiyi qəhrəmanlıq dillərə dastandır.

 

O, din qardaşını müşriklərin əlində qoymadı. Xanımlıq qüruru ilə müsəlman qardaşının köməyinə çatdı. İmanından aldığı güclə, təkcə əlindəki şüvüllə                                                    müşrik Əbu Ləhəbin üstünə getdi. İslam qardaşlığı belə bir davranış nümayiş etdirməyi lazım bilirdi. Ümmü Fadl da (r.anhə) heç kimdən çəkinməyərək qəhrəmancasına belə bir hərəkət etdi.

 Onun müsəlman qardaşını tək qoymamaq, kədərli anlarında köməklik göstərmək və ona arxa, dayaq olmaq xüsusundakı fədakarlığı İslamın tarixi səhifələrindən yaddaşlara yazıldı. Yaddaşlardan silinməyən bu tarixi hadisə belə nəql edilir:

“Ümmü Fadlın  (r.anhə) həyat yoldaşı Abbasın Əbu Rafi adında misirli bir köləsi vardı. O da İslamı qəbul etmişdi. Lakin müşriklərin şərindən çəkindiyi üçün İslamı qəbul etdiyini elan etməmişdi. Əbu Rafi (r.a) Zəmzəm quyusunun yanında ağacdan su ləyənləri düzəltməklə məşğul olardı. Ümmü Fadlın (r.anhə) otağı da bu quyuya yaxın idi.

Bədir döyüşünün olduğu günlər idi. Müsəlmanların müşrikləri məğlub etməsi xəbərini aldılar. Kəbə ətrafında bu barədə fərəhlə söhbət edərkən Əbu Ləhəb gəlib çıxdı.

Bu azğın müşrik Bədir döyüşünə getməmiş, öz yerinə As ibn Hişamı göndərmişdi. Lakin baş verənlər barəsində məlumat alır, hadisələrin gedişatını izləyir, nəticəni səbirsizliklə gözləyirdi.

Acı xəbər – Qureyşin məğlubiyyəti ona çatdıqda kinindən, təkəbbüründən, hirsindən nə edəcəyini bilmədi. Məğlubiyyətlə heç cür barışmaq istəmirdi. Necə ola bilər? – deyə fikrə getdiyi anda Əbu Süfyanın qarşıdan gəldiyini gördü. Onu yanına çağırdı və belə dedi: “Ey qardaşımın oğlu, necə oldu, danış görüm.”

Əbu Süfyan kədərli-kədərli: “Heç soruşma! Elə bil onların qarşısında əlimiz-qolumuz bağlandı. İstədikləri kimi bir qismimizi öldürdülər, bir qismimizi də əsir götürdülər,” – deyə sözə başladı. Sonra belə davam etdi:

“Vallah, mən bizimkilərdən heç kimi qınamıram. Çünki o zaman elə məxluqlarla qarşılaşdıq ki, elə bil yerlə göy arasında qara atlara minmiş, ağ geyinmiş adamlar bizə hücum etdilər.”

Bu zaman Əbu Rafi (r.a) onların söhbətlərini eşidirdi. Sevincindən və həyəcanından özünü saxlaya bilməyib söhbətə qarışdı və “Vallah, onlar mələklər idi,” – dedi.

Bədr döyüşünə görə əsəbindən alışıb yanan Əbu Ləhəb mələk sözünü eşitdikdə Əbu Rafinin (r.a) üstünə cumdu. Var gücüylə onu vurmağa başladı. Hirsini ondan çıxarmağa çalışan Əbu Ləhəb onu amansızca döyürdü.

Bu zaman Ümmü Fadl (r.anhə) onları izləyirdi. Müşriklərin Əbu Rafinin üzərinə hücum çəkdiyini gördükdə əlinə bir çadır dirəyi alıb Əbu Ləhəbə:

“Heç kimi yoxdur deyə onu gücsüz gördün?” – deyərək əlindəki şüvülü onun başına vurdu. Başından yaralanan azğın müşrik bir qadının hücumu qarşısında dayana bilməyib yerə yıxıldı. Köməkçilərinin yardımıyla alçaq və xor olaraq oradan uzaqlaşdı. Bu rüsvayçılıqdan sonra özü öz içini yeyib qurtardı. Bir daha ayağa qalxa bilmədi, təkəbbür və kiniylə cəhənnəmə vasil oldu.

Məkkənin ağır günlərində belə bir fədakarlıq, qəhrəmanlıq ancaq Allah yolunda doğmalaşmanın meyvəsiydi. Necə güclü iman!... Necə gözəl bir qardaşlıq!

Ümmü Fadlın (r.anhə) iman gətirmiş üç bacısı vardı. İslamın çətin günlərində üçü də Allaha və Rəsuluna təslim olmuşdular. Peyğəmbərimiz onlara “möminə bacılar” deyə xitab edərdi.

Bu üç bacı Məkkədə bu ləqəblə məşhur oldular. Qızlardan Hz. Meymunə (r.anhə) Peyğəmbərimizlə evlənərək möminlərin anası oldu. Hz. Əsma Umeys (r.anhə) də Əbu Talibin oğlu Hz.Cəfərlə evləndi.

Peyğəmbərimiz (s.ə.s.) sevimli əmisi Hz. Abbasın evinə tez-tez gedib gələrdi. Onlarla hal-əhval tutar, günorta vaxtı burada istirahət edərdi. Bir gün Ümmü Fadl (r.anhə) qorxulu və sıxıntılı bir yuxu görmüşdü. Yuxunu Peyğəmbərə (s.ə.s.) danışmaq istədi və dedi:

               “Ya Rəsulallah, bir yuxu gördüm və çox qorxdum.” Peyğəmbər (s.ə.s.),

  “Nə gördün?” – deyə soruşdu. O da cavab verdi:

“Ya Rəsulallah, gördüm ki, bədəninizdən bir parça kəsilib mənim evimə qoyulur.”

Peyğəmbərimiz (s.ə.s.) Ümmü Fadlın (r.anhə) sıxıntısını yox etmək üçün yuxunu belə yozdu:

“Xeyirli bir yuxu görmüsən. Fatimənin bir oğlu dünyaya gələcək. Sən də onu Kusəm ilə birlikdə əmizdirəcəksən.”

 

*

 

 

Çox keçmədən Hz. Hüseyn (r.a) dünyaya gəldi. Ümmü Fadl (r.anhə) onu evinə aparıb doyana qədər əmizdirdi. Ona süd ana oldu, tərbiyəsilə məşğul oldu. Boya-başa çatması, yaxşı tərbiyə alması üçün əlindən gələni etdi. 

Bir gün o, Hz. Hüseynlə (r.a) birlikdə Peyğəmbərin -səllallahu əleyhi və səlləm- evinə gəlmişdi. Peyğəmbərimiz -səllalahu əleyhi və səlləm- nəvəsini qucağına alıb dizinə oturtdu. O ay parçası nəvəsinin başını oxşayıb yanaqlarından öpdü.

Elə bu vaxt balaca Hüseyn babası Allah Rəsulunun -səllalahu əleyhi və səlləm- qucağını islatdı. Ümmü Fadl (r.anhə) buna görə çox pis oldu. Bir az əsəbi halda uşağı Peyğəmbərin qucağından götürdü. Uşaq da ağlamağa başladı. Belə bir vəziyyət qarşısında Peyğəmbərimiz (s.ə.s.)

“Ey Ümmü Fadl, Allah köməyin olsun. Sən onu ağlatmaqla məni incitdin,” – dedi.

Peyğəmbər (s.ə.s.)bu sözləriylə Ümmü Fadlı (r.anhə) öyrətmək istədi. Ona niyə belə sərt davranırsan demədi, üstünə qışqırıb qəlbinə dəymədi. Sadəcə ona yol göstərdi. Daha mülayim davranmağı tövsiyə etdi.

Ona uşağın sərt və kobud hərəkətdən heç nə anlamayacağını, buna görə də ona yumşaq davranılmasının vacibliyini öyrətdi. Uşaq tərbiyəsində səbr, uşağa baxmaqda mülayimlik hər şeydən əvvəl gəlirdi.

   Uşaq, bədən dili deyilən davranışlardan təsirlənir. Buna görə də Peyğəmbərimiz (s.ə.s.) Ümmü Fadlın (r.anhə) düşünmədən etdiyi bu hərəkətinə qarşı onu məzəmmət etdi. 

Necə gözəl tərbiyə!.. Nə zərif davranış!..  İnsanın qəlbini qırmadan, qəlbinə xitab edərək onu tərbiyə etmək!.. Yanlış hərəkətləri sadəcə məzəmmətlə düzəltmək. Allahım! Bu incəliyi, bu zərif tərbiyə üsulunu bizlərə də nəsib et!..

 

Ümmü Fadl (r.anhə) İki Cahan Günəşi Peyğəmbərimizin sevimli əmisi Həzrəti Abbasdan (r.a) altı oğlan övladı dünyaya gətirmişdir. Bu xoşbəxt evlilikdən Fadl, Abdullah, Mabəd, Kusəm və Əbdürrəhman adında oğulları olmuşdur.

İslamın nurunu hələ ana qarnında ikən alan bu insanlar həm özlərinə, həm də çevrələrinə işıq saçmışlar. Hər biri yüksək idealları, hədəfləri olan şəxsiyyətli, vüqarlı gənclər oldular. Hər biri İslamı öyrənmə və öyrətmə xüsusunda elm fədaisi olaraq çalışdılar. Xüsusilə, Abdullah ibn Abbas əshab-kiram arasında təfsir və fiqh mövzusunda daha çox müraciət edilən qaynaqlardan biri olmuşdur.

İslam dinini yaymaq üçün Kusəmin (r.a) Orta Asiya torpaqlarına qədər getməsi və o bölgədə şəhid olub orada dəfn edilməsi onun necə böyük bir hədəfə sahib olduğunu bir daha göstərməkdədir. Onların həyatı bizim üçün böyük dərs və ibrətli nümunələrlə doludur.

 

*

 

Hz.Osmanın (r.a)  xəlifəliyi dövründə dünyasını dəyişən Ümmü Fadl (r.anhə) belə bir şərəf sahibiydi. Bir şair onu belə mədh etmişdir:

   “Mə valədət nəcibətun min fahlin

Ammin-Nəbiyyil-Mustafa zil-Fazlı

Kə sittətin min batni Ümmil Fadlı

Və hatəmir-rusul və xayrir-rusuli”

“Heç bir əsilzadə qadın Ümmü Fadl Lübabənin altı övladı kimi övlad dünyaya gətirməmişdir. Ümmü Fadl və həyat yoldaşı necə qiymətli, hörmətə layiq və şərəfli gənclərdilər ki, əri Hz. Abbas peyğəmbərlərin sonuncusunun və xeyirlisinin əmisidir.”

Haqq təaladan şəfaətini diləyirik. Amin!

 

 


Sevinc Vəkilova
Bu yazıya 1033 dəfə baxılıb.