Allah bəndəsini günahlara görə qısqanır


Vüsalə Osmanova
Bu yazıya 887 dəfə baxılıb.

Bu dünyaya imtahan məqsədilə göndərilən insan həm xeyrə, həm də şərə meyilli olaraq yaradılmışdır. Onun yaradılışında olan pislik meylinin qaynağı nəfsdir. Çünki nəfsə daim pislikləri əmr edən nəfsi əmmarə insanı günaha sövq etmək üçün fasiləsiz pıçıldıyaraq inandırmağa çalışan daxili bir düşməndir.

İnsanı günahlara sövq edən başqa bir amil də onun ölümsüz bir dünya həyatını arzu etməsi və axirəti heç düşünməməsidir. Özünü bu zəhərli duyğulara qurban edən insan axirəti unudaraq qorxmadan hərəkət edir və heyvani istəklərini təmin edə bilmək arzusu ilə günahlara asanlıqla qurşanır. Bundan başqa, insanın zəif yaradılması, sərvət və övlad sevgisi ilə dolu olması da onu günahlara sürükləyir. Əbu Hüreyrə (r.a.)dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: “Allah-Təala qısqanır. Allahın qısqanması mömin qulunun Onun haram buyurduğu şeyi istəməsi səbəbi ilədir”. (Buxari, Nikah, 107)

Günahın xarici səbəbləri də vardır. Dünya həyatının cazibəsi, pis nümunələrin həddindən artıq mövcudluğu və sirati-müstəqim üzərində oturub insanlara Haqq yolundan azdırmağa and içmiş olan şeytanın aldatması da bura daxildir. Allah-Təala buyurur: “Oradan rüsvay olunmuş, kənar edilmiş halda çıx. Onlardan kim sənə uysa cəzasını alacaq. Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam. (Əraf 18)

İnsan bütün bunlarla mübarizə apara bilmək üçün nəfsini və qəlbini təmizləməklə, saflaşdırmaqla məşğul olmalıdır. Bunun üçün Allahdan qafil olmadan zikr üzrə bir həyat yaşamağı öyrənməlidir. Çünki bütün günahlar insan Allahı unutduğu zaman dövrəyə girməyə başlayır.

Rəsulullah (s.ə.s.) belə buyurur: “Allah-Təala mələklərinə belə əmr edir:

“Bəndəm pis bir əməl etmək istəsə onu etmədikcə yazmayın! Etdikdə onu əleyhinə bir günah olaraq yazın! Əgər mənim rizamı düşünərək tərk edərsə, bunu onun lehinə bir savab yazın! Bəndəm yaxşı bir iş görməyi arzu edərsə, etməsə də ona bir savab yazın! Əgər onu edərsə, ən azı on misli olmaq üzərə yeddi yüz mislinə qədər ona savab yazın!”  (Buxari, Tövhid, 35; Müslim, İman, 203, 205)

Bununla yanaşı, Allah-Təala bəndələrini bağışlamaq üçün saysız fürsət qapıları açaraq onları hər fürsətdə, hər an günahlardan təmizləməyi arzu edir. Hədisimizdə Allahdan daha çox qısqanan kimsənin olmadığı, bu səbəbdən də Allahın çirkinliklərin aşkarını da, gizlisini də qadağan etdiyi ifadə edilir. Bu hal bəndələrinə Allahdan daha çox şəfqət və mərhəmət göstərən kimsənin olmadığını göstərir. Hər şeyi ən yaxşı bilən Rəbbimiz günahların bəndələri üçün nə qədər zərərli olduğunu da ən yaxşı şəkildə bildiyindən gizli-aşkar bütün günahları qadağan etmişdir. Günahların törədilməsinə Allah-Təala qədər qəzəblənən və bunu Onun qədər çox qadağan edən kimsə ola bilməz. O halda Allahın günahkar bəndəsinə verəcəyi ağır cəzanı unutmamaq lazımdır. Uca Rəbbimiz bu cəzalarla bəndələrini qorxudub, onları günahların zərərindən mühafizə etməyi arzulayır. Allah-Təala bəndələrini günah və çirkinliklərdən mühafizə etmək üçün Peyğəmbərlər və kitablar göndərmiş, əmr və qadağalarını əvvəlcədən bildirmişdir. Qoyduğu hüdudlara riayət edilmədiyi halda qəzəblənəcəyini də hələ əvvəlcədən xəbər vermişdir. Bütün bunlar onun bəndələrini günahlardan qorumağı arzulamasından qaynaqlanır. Səvban (r.a.)deyir ki, Rəsulullah (s.ə.s.) belə buyurur: “İnsan etdiyi günaha görə ruzidən məhrum olur! Qədəri ancaq dua geri çevirir. Ömrü də ancaq yaxşılıq və xeyirlər uzadır. (Əhməd, V 277; 280; 282)

                                                                                                     

 


Vüsalə Osmanova
Bu yazıya 887 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.