Əsrin Bəalsı- QİÇS


Vüqarə Məmmədova
Bu yazıya 1094 dəfə baxılıb.

     1988-ci ildən başlayaraq hər il dekabr ayının 1-də Ümumdünya AİDS günü qeyd edilir. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (AİDS, ing: Acquid Immune Deficiency Syndrom) İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infesksiyasının son mərhələsidir. QİÇS-in təzahür formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.

     Xəstəliyin hazırda letallıq göstəricisi 100%-dir. QİÇS zamanı ölüm ya opportunist infeksiyalardan, ya da bəd xassəli şişlərdən və onların yayılmasından (metastazvermə) baş verir. QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verə bilir.

Cinsi yolla, damardaxili inyeksiyalar yolu ilə - narkomanlar tərəfindən narkotik maddələrin damar daxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s. Transplasentar yolla - xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi. Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir.

     QİÇS xəstəliyi kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox rast gəlinir.

QİÇS xəstələrində və eləcə də virusdaşıyıcılarda bu xəstəliyin virusları ən çox qanda, spermada, beyindaxili likvorda olur. Orqanizmdə olan digər maye və ifrazatlarda, o cümlədən də ağız suyunda, göz yaşlarında, vaginal sekret mayesində HİV-viruslar çox az rast gəlinir. İmmun sistemin virus mənşəli infeksion xəstəliyi olan QİÇS immun sistemin tam depressiyasına, şərti-patogen (məsələn, pnevmosist pnevmoniya) infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin (məsələn, Kapoşi sarkoması) inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnir. QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə də artmaqda davam edir. Belə hesab edilir ki, hər il yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır.

Xəstəliyin nozologiya cəhətdən adı əslində HİV infeksiyadır (Human İmmunodeficiency Virus, yəni İİV- İnsan İmmunçatışmazlıq Virusu). QİÇS isə bu infeskiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu termindən istifadə edilir. Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada başlanmış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Afirkadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır. HİV- infeksiyası pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir.

     Azərbaycanda HİV - ə yoluxma səviyyəsinin göstəricisi digər ölkələrlə müqayisədə aşağıdır və bu problem daim Səhiyyə Nazirliyinin nəzarətindədir.

1992-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək Azərbaycanda 780 ailədə HİV-ə yoluxma faktı qeydə alınmışdır. Onlardan 18 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 166 ailədə ər-arvad, 547 ailədə yalnız kişi, 48 ailədə isə yalnız qadın yoluxmuşdur.

    Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 08.11.2006-cı il tarixdən etibarən HİV-lə yaşayan insanlara pulsuz qaydada həyata keçirilən antiretrovirus terapiyasına hazırda 310 nəfər cəlb olunmuşdur.

    Əvvəlki illərdə olduğu kimi, Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilmiş, Respublikada HİV- infeksiyası/AİDS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.

 


Vüqarə Məmmədova
Bu yazıya 1094 dəfə baxılıb.