Meyvələrin şahı- Yüz dərdin dərmanı NAR


Kəmalə Hüseynova
Bu yazıya 4578 dəfə baxılıb.

Qurani-Kərimə görə, gözəl cənnət bağında nar ağacları da əkilib: «O iki cənnətdə hər növ meyvə, xurma və nar ağacları vardır (Ər-Rəhman surəsi, 68-ci ayə)”. Məhəmməd Peyğəmbər (s.ə.s) paxıllığı, nifrəti və kini təmizlədiyinə görə, səhabələrinə nar yeməyi məsləhət bilib.

Ehtimallara görə,  «Tac» formasını xatırladan bu ecazkar meyvə qədim zamanlardan Şərqdə bütün meyvələrin şahı hesab olunurdu. Hətta belə hesab edilirdi ki, məhz narın tac forması insanlara şahların baş geyiminin formasını təlqin etmişdir.

Şimal yarmkürəsində narın yetişmə vaxtı sentyabrdan yanvara qədər, cənub yarımkürəsində isə mart ayından may ayına qədərdir. Azərbaycanın bir çox bölgələrində nar becərilsə də, vətəni Göyçay sayılır. Rayon beş ildir ki, Beynəlxalq Nar Festivalına ev sahibliyi edir. Azərbaycanda  Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir.

Narın tərkibində  qlükoza və fruktoza, saxaroza, limon turşusu vardır. Bundan başqa nar şirəsində mineral maddə, azotlu maddə, C vitamini, qabığında aşı maddəsi, sellüloza, pektin maddələri, reduksiyaedici şəkər, turşu vardır.  Əbəs yerə demirlər ki, nar 100 xəstəliyin dərmanıdır.

Nar damarların tonusunu yaxşılaşdırır, hemoqlobinin səviyyəsini yüksəldir, dəridə, qaraciyərdə, böyrəklərdə, ağ ciyərlərdə, dalaqda, qalxanvari və prostat vəzilərdə bərpa proseslərini sürətləndirir. Nar şirəsi həzm sisteminə kömək edir. O, mədəaltı vəzi xəstəliklərini, eləcə də xərçəngi müalicə edir. Nardan eyni zamanda qanazlığında, infeksion xəstəliklərdən və əməliyyatlardan sonra ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur. Qanazlığında yeməkdən 30 dəqiqə əvvəl 0,1 stəkan nar şirəsi qəbul etmək müsbət nəticə verir. Bu proses 2 ay ərzində gündə 3 dəfə təkrar edilməlidir.  Nardan hipertoniyanın və mədə-bağırsaq yollarının xəstəlikləri zamanı istifadə etmək də məqsədəuyğundur.

Həmçinin öskürək, soyuqdəymələrdə istifadəsi yaxşı nəticə göstərir. Nar yaxşı həzm olunur, iştahanı artırır və mədənin fəaliyyətini tənzimləyir. Bununla yanaşı, nar şirəsi, xüsusi ilə yerkökü və çuğundur suyu ilə birgə hamilə qadınlar üçün daha faydalıdır. Narın toxumlarının tərkibində xüsusi yağ var ki, o, orqanizmdəki hormonal balansı tarazlayır, klimaks zamanı yaranan baş ağrısını aradan qaldırır. Buna görə narın meyvəsini toxumu ilə birgə yemək məsləhət görülür.

O, səsin açılmasında, qidanın orqanizmə sorulmasında da olduqca əhəmiyyətlidir.

Yanıq üzərinə nar şirəsini çəkməklə yaranı sağaltmaq mümkündür. 

Stomatit zamanı ağız boşluğunu yaxalamaq üçün nar qabığından hazırlanan məhlul çox xeyirlidir. 20 qram qurudulmuş nar qabığının üzərinə 1 stəkan qaynar su töküb 30 dəqiqə qaynadılır. Soyuyandan sonra ağız qarqara edilir.

Narın ən böyük xeyri orqanizmdə radiasiya prosesini əhəmiyyətli dərəcədə azaltmasındadır. Sualtı nüvə qayıqlarında olan insanlara orqanizmlərindəki radiasiyanın səviyyəsini azaltmaq üçün ən azı 200 qram təbii nar şirəsi verilir.

Narın ağ dənli növü də var ki, ona "dəvə dişi" deyirlər. Ağ narın dənələri daha iri olur. Narın ağ sortu da qırmızı kimi eyni xeyirli tərkibə və vitaminə malikdir.

 

 

Narı rahat təmizləmək üçün onun qabıqdan təmizləyib soyuq suya salın. Sonra elə suda ehmalca parçalamağa başlayın, bu zaman dənələr özləri tökülməyə başlayacaq.

 

 

Diqqət!!!

Narın üz qabığında 0,5 % zəhərli alkaloid var.

Həmçinin, narın iç qabığı ilə də ehtiyatlı davranın. Çünki o, özündə toksik maddələr daşıyır.

Nar şirəsini mütləq su ilə həll etmək lazımdır. Çünki turşuluğu çox olduğundan  xalis şirə diş emalını zədələyə, mədəni isə qıcıqlandıra bilər.

Xroniki qəbizlikdən əziyyət çəkən insanlar üçün nar qəbulu zərərdir.

 

Nar kompotu

Nar dənələrini şüşə bankaya yığıb üzərinə 60-70 dərəcə temperaturda olan şəkər siropu ( 1litr suya 400 qram şəkər tozu)  əlavə edib bağlayın. Qeyd edək ki, sirop şəffaf olmalıdır. Sonra 80 dərəcə qızdırılmış su vannasında bankaları 20 dəqiqə pasterizə edin. Sonra bankaları tərs çevirib soyumağa qoyun. Budur, nar  kompotu qışa hazırdır. 

 

 

Narşərabın hazırlanması

2 ədəd narın dənələrini taxta ilə çoxlu-çoxlu əzin. Sonra alınan məhlulu qazana töküb həcmi azalana qədər qaynadın. Qaynama prosesində zövqə görə duz və ya da şəkər tozu əlavə etmək olar.

 

Nar salatı

2 ədəd nar, 50 qram qoz ləpəsi, 1 ədəd bişmiş çuğundur, 4 ədəd soyutma yumurta, 4 ədəd soyutma kartof, 2 stəkan mayonez, 150 qr.toyuğun döş əti(qaynadılmış)

Bütün məhsulları kub formasında doğrayıb, qozu xırdalayın. Sonra birinci qata kartof, üzərinə toyuq, çuğundur, qoz, sonra yumurta düzün. Hər bir qatın üzərinə mayonez çəkməyi unutmayın. Sonuncu qata mayonez çəkəndən sonra nar dənələrini əlavə edin. Salat hazırdır. Nuş olsun!

 

                                      

 


Kəmalə Hüseynova
Bu yazıya 4578 dəfə baxılıb.