Nəsillərin mirası


Gülnarə Seyidova
Bu yazıya 1066 dəfə baxılıb.

     Azərbaycan xalq - tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə əsaslı yer qazanmış və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə  yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.

         Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdı. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulan bu cür xalçalar "zərbaf" adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.

    XIII - XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdi.

Azərbaycan xalçalarının növləri. 

      Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir.

      Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxunma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: Palas, Cecim, Ladı, Kilim, Şəddə, Vərni, Zili, Sumax

Azərbaycan xalçaçılıq məktəbləri. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:

1. Quba, 
2. Bakı, yaxud Abşeron, 
3. Şirvan, 
4. Gəncə, 
5. Qazax, 
6. Qarabağ 
7. Təbriz
.

     Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək çoxcəhətli xarakter daşımışdır.

Respublikanın rayon və kəndlərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşnilərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Eyni zamanda, xalçaçılıqda yeni-yeni kompozisiyalar, naxış elementləri meydana gəlir. Yeni yaranan çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirik və romantik üslubda yaradılmış süjetli kompozisiyalara meyl üstündür. Xalça sənətinin inkişafının digər bir qolu "Azərxalça" İstehsalat Birliyinin fəaliyyətidir. "Azərxalça" nın sex və emalatxanalarında toxunan xalçalarda ənənəvi naxış, göl və rənglərdən ustaların yaradıcı şəkildə etdiyi dəyişmələr klassik xalça kompozisiyalarının sayını artırıb zənginləşdirir.

     Xalça sənətinin digər bir qolu peşəkar rəssamlar tərəfindən davam və inkişaf etdirilir. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu xalçaların kompozisiya, rəsm həlli və koloritində bəzən klassik kanonların pozulmasına baxmayaraq, müxtəlif bədii və texniki vasitələr mövzunun açılmasına kömək edir.

     Azərbaycanda xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə öyrədilir.

      Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun (1906-1991) adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ - tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist - rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. L.Kərimovun eskizləri əsasında toxunmuş "Əfşan" (1932), "Qonaqkənd" (1939), "Ləçəktürünc" (1952), "Şuşa" (1953), "Göygöl" (1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı" (1965), "Bahar" (1966,1976), "Heyvanlar aləmində" (1969), "Şəbi-hicran" (1975), "Zərxara" (1977), "Firdovsi" (1934), "Səməd Vurğun" (1956), "Vaqif" (1967), "Füzuli" (1972), "Nəsimi" (1974), "Səfiəddin Urməvi" (1975), "Əcəmi" (1976) və s. ornamental və portret xalçalar ornament elementlərinin uyarlığı, kompozisiya bitkinliyi, rəsmlərinin zərifliyi və ifadəliliyi, zəngin koloritinə görə xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir. L. Kərimovun çox cildli "Azərbaycan xalçası" əsərində 1300-dən artıq Azərbaycan xalça ornament elementinin təhlili verilmişdir.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan xalçası UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib

 

 


Gülnarə Seyidova
Bu yazıya 1066 dəfə baxılıb.