Zərgərlik


Bizim Ailədən
Bu yazıya 1624 dəfə baxılıb.

Azərbaycan zərgərlik sənəti qədim və zəngin bədii-texniki ənənələrə malikdir. Arxeoloji tapıntılara əsaslansaq, deməliyik ki, bizim dövrə gəlib çatan ən qədim zərgərlik nümunələri eramızdan əvvəl I minilliyə aiddir. Ondan sonrakı bütün zamanlarda bu sahədə unikal nümunələr yaradılmışdır. Yüksək bədii dəyərə malik olan və qiymətli materiallardan hazırlanan zərgərlik əşyalarının hazırlanmasında müxtəlif texniki üsullardan istifadə olunub. Basma, qarasavad, döymə, minasazlıq, oyma, pardaqlama, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. Azərbaycan zərgərliyində geniş yayılmış texniki üsullardır.

Kəmər, qozalı qolbaq, düymə və s. zinət şeylərinin hazırlanmasında döymə üsulu əvəzsizdir.

Əsasən gümüş üzərində tətbiq olunan qarasavad üsulundan isə silahların qını, dəstəyi, qundağı, eyni zamanda, bir sıra ev avadanlığının hazırlanmasında istifadə edilir.

Sırğa, üzük, medalyon, bilərzik və s. bəzək əşyalarının yaradılmasında zərifliyi ilə seçilən şəbəkə üsulu tətbiq olunur.

Xatəmkarlıq üsulu ilə xəncər, qılınc qını və dəstəyi, habelə müxtəlif avadanlıq bəzədilir.

Minasazlıq üzulu ilə əşyanın üzərində həkk olunmuş rəsm, yaxud naxışın içi rəngli mina maddəsi ilə doldurulur. Bu texnikadan daha çox xəncər və qılınc qınlarının, sırğa, bilərzik və s. zinətlərin bəzəklərində istifadə edilir.

Çağdaş dövrümüzdə zərgərliyin keçmiş ənənələri davam etdirilməklə, yeni forma və məzmunla zənginləşdirilməkdədir. Gəncə, Şəki, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa, Təbriz, Quba tarixən Azərbaycanın məşhur zərgərlik guşələri sayılır. 


Bizim Ailədən
Bu yazıya 1624 dəfə baxılıb.