Şəki Sənətkarlıq Diyarıdır


Mətanət Kərimova
Bu yazıya 1379 dəfə baxılıb.

      5000 il bundan əvvəl Böyük Qafqazın cənub ətəyində yaranmış Şəki bu gün də özünün əsrarəngiz gözəllikləri ilə göz oxşayır. Təkrarsız milli kaloriti, füsunkar təbiəti, nadir tarixi memarlıq abidələri, zəngin sənət aləmi, gözəl mətbəx mədəniyyəti ilə seçilən Şəki bu gün də bura gələn qonaqları heyran edən bir yerdir.

    Şəkinin şəhər həyatı ilə birgə yaranan sənət sahələrinin xeyli hissəsi yaxın keçmişədək davam etməkdə idi. Dəmirçilik, silahqayırma, nalbəndlik, misgərlik, qalayçılıq, zərgərlik, duluzçuluq, papaqçılıq, başmaqçılıq, dərzilik, xalçaçılıq, boyaqçılıq, xarratlıq, şəbəkəçilik, şirniyyatçılıq və s.qədim köklərə malik olan bir çox istehsal sahəsi Şəkinin sənət məbədinin sütunlarını təşkil edir.   Mədəniyyət və Turizim Nazirliyinin “ 2010 - 2014 - cü illər üçün xalq yaradıcılığı paytaxtları ” proqramına əsasən , “ Şəki - Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilmişdir.

     Qədim sənət növlərini yaşadan Şəki ustaları daim yenilik axtarışındadırlar. Həmin sənət növləri arasında şəbəkə xüsusilə qiymətlidir. Dövrünün ən gözəl incilərindən olan, bütün şəkililərin fəxr etdiyi Şəki Xan Sarayı 1762-ci ildə tikilmiş və onun inşasında bir dənə də mismardan istifadə olunmamışdır. Sarayının pəncərələrindəki zərif şəbəkə bu sənətin ən gözəl nümunəsidir. Sarayda oynaq, əlvan çalarlara malik gözəl şəbəkə kompozisiyaları iki əsr öncə olan görünüşünü saxlamaqla bu gün də öz parlaqlığı ilə buraya gələn çoxsaylı turistlərin marağına səbəb olur.   

   Şəbəkənin özəlliyi ondan ibarətdir ki, fiqurlarda yapışqan və mismardan istifadə olunmur. Taxtadan hazırlanan və rəngli şüşə ilə bəzədilən bu cür çərçivələr qapı və pəncərə yerinə istifadə edilir. Nəzərinizə çatdıraq ki, şəbəkə sənətində həndəsi fiqurlar birbaşa rol oynayır. Çünki bunlar müxtəlif bucaqlar altında həyata keçirilir. Şəkidə şəbəkə sənətinin ustası olan Soltan usta deyir ki: «Şəbəkə hörmək üçün peşəkarlıq azdır. Bunun üçün həndəsəni, riyaziyyatı və rəsmxətti də bilmək lazımdır. Şəbəkədə ən çox vaxt alan isə şüşə işləmələrdir. Əgər burada 1 mm yanlışlıq olarsa, nəticə alınmır. Adətən eskiz işlənir və sonra o taxtaya köçürülür».

   Usta qeyd edir ki, son vaxtlar Azərbaycanda nəinki abidələrin bərpasında, hətta yeni tikililərdə də şəbəkədən çox istifadə olunur.

   Ustanın düzəltdiyi şəbəkələr arasında lampa, rəhlə (üstünə kitab qoyub oxumaq üçün açılıb-yığılan qurğu) çoxluq təşkil edir. O, şəbəkə sənətini yeni ornamentlərlə zənginləşdirərək yaşadır.                    Qeyd edək ki, şəbəkənin müxtəlif növləri var. Belə ki, 8, 6 bucaqlı, 5 minlik, 14 minlik, hətta digər şəbəkə növləri var. Onların sırasında ən çətin növ 14 minlik hesab edilir ki, bu şəbəkə 6 aya başa gəlir. Elə şəbəkə var ki, yeni dizayndır. Ancaq eləsi var ki, qədimliklə müasirliyin vəhdətini təşkil edir. Məsələn, masaüstü lampa, o müasir üsuldadır.

     Şəki öz tikmələri ilə də məşhurdur. Rəngli ipək saplarla işlənmiş bədii tikmələr arasında təkəlduz tikmələri daha geniş yayılmışdı. XIX əsrdə təkəlduzçuluğun mərkəzi Şəki şəhəri idi.

Ümumiyyətlə, təkəlduz məxmər, yun parça üzərində işlənir. Ancaq qoblin üslubunda olan təkəlduz kətan parça üzərində işlənir. Təkəlduz sənəti Şəkidə qədim el sənətidir ki, bu da “tək əllə almaq” mənasındadır. Qədim dövrlərdə təkəlduzla kişilər məşğul olsa da zaman keçdikcə qadınlar da bu sənəti seçiblər. Çətin sənətdir və bir əsərin üzərində 3-4 ay işləmək lazımdır. Təkəlduzçuluq üçün əsas material kimi yerli və ya xaricdə istehsal olunan qırmızı, qara və tünd göy rəngli məxmər və mahud işlədilirdi. Dəzgahda dartılmış parçada usta əvvəlcə rəsmin kontur xətlərini çəkir, sonra isə onun bütün daxili sahəsini doldurur. Təkəlduz bədii tikmələri üçün işlədilən iynə "qarmac" adlanır.

    Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, hamamda işlədilən ayaqaltı xalçalar, örtüklərə bəzək vurulurdu.

   Şəkidəki sənətkarlıq nümunələrindən biri də  uzun əsrlərdən bəri qorunub saxlanmış, qadınlar üçün hazırlanmış kəlağayılardır. Kəlağayı - ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat”da deyilir. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Yeri gəlmişkən qeyd edək ki, kəlağayı istehsalında müxtəlif rəng cövhərlərindən istifadə olunur, müxtəlif bitki növlərindən-sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən boyaqlar hazırlanır.

    Şəki və Basqal kəlağayıları sırasında “Şah buta”, “ Saya buta” , “Xırda buta” çeşnilərindən daha çox istifadə olunmuşdur . “Heyratı”, “Soğanı”, “İstiotu “, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar böyük məşhurdur. Hazırda ölkəmizdə kəlağayı toxuculuq işi davam etdirilir.

    El sənətinin zərif, rahat, qadınlara gözəllik gətirən, ismət simvolu, cah-calal əlbisəsi sayılan kəlağayılar gəlin gedən qızlar üçün ən yaxşı hədiyyə ola bilər.

   


Mətanət Kərimova
Bu yazıya 1379 dəfə baxılıb.