Ümmi Analar və Təhsil


Xədicə Şahin
Bu yazıya 818 dəfə baxılıb.

Səksəninci illərdə tez-tez elektrik kəsilərdi, xüsusilə də rayonlarda. Bu hal insanlar üçün fövqəladə bir hadisə kimi görünməzdi. Elektrik olmasa da həyat davam edərdi. Kimsənin dincliyi pozulmazdı. Xüsusilə qış gecələrində soba yanırsa, qapağından çıxan işıq qaranlığı deşərcəsinə otağı işıqlandırar, isitməklə yanaşı insanın içini də isindirərdi. Uşaqlığın verdiyi saflıqla, sobadakı alovun divara vuran işığıyla təxəyyülümüzdən istifadə edərək, müxtəlif şəkillər meydana gətirər və qaranlıq gecələrdən belə oyunlar icad edərək, o anın dadını çıxarardıq.

          Qaranlıq böyüklər üçün isə böyük təfəkkür olardı. Anamın və ata nənəmin səsi həmişə qulaqlarımda "Allahım, qəbirdə bizləri qaranlıqda buraxma", elektrik gəlincə "Ya Rəbbi, qəbrimizi bu işığın nuru kimi nurlu et",- deyə dualar bir-birinin ardınca sıralanardı. Bu sözlər kiçikkən bəlkə də bir şey ifadə etmir kimi görünsə də uşaq ürəyinə girən, Allahın varlığını naxış- naxış işləyən sözlər idi. O zamanlar böyüklər uşaq təhsilinə diqqət etməsələr də uşaq ürəyinə mənəvi yöndən təsir etməyi zəmanə analarından daha yaxşı bacardıqlarına inanıram. Onlar  kitablarla deyil, gözəl əxlaqi əsəri özlərində göstərərək öyrədirdilər.

          Bəlkə həyatlarında heç eşitmədikləri ayə və hədisdə buyurulduğu şəkildə fitrətə uyğun təhsil verirdilər. Ayədə "Üzünü, doğru olan İslama, insanların fitrətinə uyğun olan dinə çevir" (Rum: 30) buyurulur. Ayəni dəstəkləyən hədis tam onların təhsil şəkli deyilmi?! Peyğəmbər (s.ə.s.) "Hər uşağı anası fitrət üzrə dünyaya gətirər. Onun bu halı danışma çağına qədər davam edər. Sonra valideynləri onu xristian, yəhudi, atəşpərəst, ya da müşrik edər. Əgər ana- atası müsəlmanrlarsa, uşaq da müsəlman olar". (Buxari, Cenaiz-79)

          İslam cəmiyyətində uşağa fitrətinin İslam olduğu qulağına oxunan azanla xatırladılar. Sonra da kiçik ürəyinə "Hu hu hu Allah. Sən yuxular ver, Allah" laylalarıyla İslam təlqin edilər. Üstəlik, kiçik yaşdan bəsmələlərlə, maşallahlarla, inşallahlarla qulağı və ürəyi dolaraq böyüyən uşaq Rəsulullahın buyurduğu kimi "ilk və son sözü La ilahə illəllah olan kimsə cənnətlikdir", hədisinə uyğun şəkildə "Allah" sözüylə dilini açar. "Allaha əmanət ol, Allah qorusun" cümlələriylə  kiçik uşağa Allah anlayışı dərk etdirilər və ürəkdə şübhəyə yer qoymadan iman üzrə yetişdirilərdi. Artıq yetkinlik yaşına gəldikdə onun  üçün tək şey qalmışdı, o da itaətlə yaşayıb "la ilahə illəllah" sözünü söyləyib iman üzrə ölə bilmək…

           O zamankı valideynlər bu təlqinləri həyatlarıyla göstərdiyindən, bugünkü anaların etdiyi kimi uşağı öyrətmək üçün xüsusi saat ayırmaq məcburiyyətində də qalmırdılar.

          Pedaqoq Adəm Günəşin dediyi kimi "Xüsusilə müasir çağla birlikdə uşaq tərbiyəsində qərbli təlimlər üstünlük təşkil etdi. Anadoluda da tətbiq olunan bu təlimlər, orada uşaq təhsilindəki min illik mədəniyyət təcrübəsiylə uyğunlaşmadı. Ailələrin uşaqları ilə ünsiyyətində problemlər çoxaldı, müasir çağa xas xəstəliklər artdı, psixoloqlara getmək dəb halını aldı. Ailədaxili təhsilin səhv olması müasir insanı təkliyə sürüklədi.

Yaxşı, bəs əsl mənada Anadolu Pedaqoqikası necədir? Adəm Günəşin fikrinə görə, “Uşağı fitrəti üzərinə yetişdirməkdir. Uşağın fitrətini pozacaq hər cür davranış və təzyiqdən uzaq dayanmaqdır. Anadolu tərbiyəsində hər bir uşaq ayrı bir uşaqdır. Uşaqlara eyni deyil, ədalətli davranılar. Uşaqların fərqli olmalarını əsas götürərək ona uyğun davranılmalıdır. Uşağa şərtsiz sevgi təqdim edilməlidir".

Dövrümüzdə uşaqlarımızı Anadolu tərbiyəsi ilə deyil, internet təhsili ilə böyütməyə çalışaraq fitrətdən uzaqlaşdırırıqmı? Bizlər ana-atalarımızı, baba-nənələrimizi səccadə üzərində görərək, ictimai bir cəmiyyətdə fitrət üzrə yetişdirildik. Bizlər günümüzün anaları olaraq internet qarşısında yeni təhsil nümunələri axtararkən, uşaqlarımızın yaddaşlarına bu şəkildə biçilib onların fitrətlərini deformasiya edib asosial yetişdirmiş olmayaq?!

İndi isə elektrikin bir gün kəsildiyini düşünək. Görəsən, kimlərin həyatı iflic olar? Həyatımız kompyuter, cib telefonu, televiziya kimi elektron alətlərə indeksli olduğu üçün təbii ki, hamımızın həyatı! Artıq gənclər olaraq qarşılıqlı söhbətlər unuduldu. Bu söhbətlərin yerlərini “chat”laşmalar, dəqiqədən daha az müddətdə rekord qırılaraq yazılan mesajlar doldurdu. Virtual aləmdən həzz alınan bir dövrdə enerji qaynağının kəsilməsi bütün həyatı alt-üst edər.

          Belə bir zamanda virtual aləmdən uzaq analarımız, nənələrimiz nə edir deyərsəniz? Təbii ki, illərcə yaşadıqları həyatı davam etdirərək, elektrik kəsilsə də, gəlsə də bizlərə təlqin etdikləri fitrət üzrə, eyni duaları dillərində təfəkkür dənizi içərisində davam etdirirlər.

          Bir də özümüzə dönüb bir düşünək, görəsən, o mömin analardanmı; yoxsa internet qarşısında uşaq təhsili saytlarında gəzib, uşağımızı öyrətməyə çalışarkən elektrikin kəsilməsi ilə dəliyə dönüb özünü itirən analar qrupundanıqmı? Əgər ikinci qrupa giririksə uşaqlarımız təfəkkürü yalnız kitablardan oxuyacaqlar. Kitablarda oxunan təfəkkür nə dərəcədə həyata çevrilər... bir düşünmək gərək.

          Fitrət üzrə yaşayıb, fitrət üzrə ölmək duası ilə……

 


Xədicə Şahin
Bu yazıya 818 dəfə baxılıb.