Yaradılanları təfəkkür edək!


Vüsalə Süleymanova
Bu yazıya 831 dəfə baxılıb.

Allah Təala hər şeyi bir hikmət əsasında yaradır. Qurani Kərimdə insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, heyvanların, gecə ilə gündüzün yaradılışı və yaradılmış daha bir çox məxluq haqqında düşünməyə və bu yaradılanları tədqiq etməyə dəvət edilir. Bunları nəzərdən keçirən insan isə bütün bu varlıqlarda Allahın yaratma sənətini görəcək, beləliklə, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıyacaq.

    Allah Təala Qurani Kərimdə “düşünməzsinizmi”, “düşünənlər üçün dəlillər vardır” ifadələriylə təfəkkür etməyin əhəmiyyətini vurğulayır.

   “Göylərdə və yerdə (Allahın birliyini sübut edən) neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mənaları haqqında düşünməzlər.)

Həqiqətən, Allahın yaratdıqlarının yanından düşünmədən keçirik. Halbuki, bütün bunlarda böyük ibrətlər vardır. O ibrətlər ki, bizi Allaha daha da yaxınlaşdıra bilər, Allah qatında dərəcəmizin yüksəlməsinə və mələklərdən də yüksək bir dərəcəyə çatmağımıza vəsilə ola bilər. Gördüyümüz, fərqinə vardığımız hər şey Allahın bir təcəllisi və dəlilidir. Bu səbəblə göylərdə, yerdə və bunların arasında olan hər şey bir təfəkkür vəsiləsidir.

   Təfəkkür etməyin əhəmiyyətli bir hissəsini diqqət təşkil edir. Gəlin, hər gün səmada seyr etdiyimiz buludlar, bu buludları hərəkətə gətirən külək və Allahın bütün kainata və insanlara rəhməti olan yağış haqqında bir az düşünək. Allah Təala Qurani Kərimdə bu üç təbiət ünsürü barədə belə buyurur:

    “Biz buludla yüklənmiş külək göndərdik, göydən yağmur endirib sizə su verdik”. (Hicr, 22)

   Okeanların və dənizlərin səthində köpüklənmə nəticəsində hər an saysız-hesabsız hava qovuqcuğu əmələ gəlir. Bu qovuqcuqlar partladığı zaman millimetrin yüzdə biri nisbətində minlərlə hissəciklərini havaya sıçradırlar. “Aerozol” adlandırılan bu hissəciklər küləklər vasitəsilə  qurudan gələn tozlarla qarışaraq, atmosferin üst təbəqələrinə aparılırlar. Küləklərin bu şəkildə yüksəklərə daşıdığı hissəciklər burada su buxarı ilə birləşir. Su buxarı da bu hissəciklərin ətrafına toplaşaraq dolğunlaşır və su damcılarına çevrilir. Bu su damcıları əvvəl birləşərək buludlar əmələ gətirir, bir müddət sonra da yağış kimi yer üzünə enirlər.

“O Allah ki, göydən bir qədər su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik”. (Zukruf, 11)

    Su yer üzündə daim müəyyən bir nizamda hərəkət edir. Dünyadakı həyatın davam etməsi də suyun həmin dövranı nəticəsində mümkün olur.

    Hesablamalara görə, yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bu miqdarda su buxarı bir ildə 513 trilyon ton suya çatır. Bu, eyni zamanda Yer kürəsinə yağan yağışın miqdarıdır. Yəni su davamlı olaraq bir tarazlıqda, bir ölçüylə dövr edir. Bu da Yer üzündəki həyatın davam etməsinə səbəb olur. İnsan sahib olduğu bütün texnoloji imkanlardan istifadə etsə də, bu su dövriyyəsini əsla süni surətdə həyata keçirə bilməz.

    Əgər yağışın bu miqdarında kiçik bir dəyişiklik baş versə, qısa bir müddət sonra böyük ekoloji natarazlıq yaranar və bu da həyata son qoyar. Lakin heç bir zaman belə olmur. Yağış Quranda da bildirildiyi kimi, yer üzünə hər il eyni miqdarda yağmaqda davam edir.

Allahın qüsursuz nizam-intizam qurması, Rəbbimizin dizayn etməsi və yaratması eyni anda olur. Ayəti-kərimədə belə buyurulur:

   “Göyləri və yeri yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız “Ol!” deyər, o da dərhal olar”. (Bəqərə, 117)

     Allahın “Ol!” dediyi anda yaratmış olduğu Yer kürəsinin mükəmməl yaradılışına nəzər salaq.  

Coğrafiya elmindən bildiyimiz kimi Yer kürəsinin yaşı təxminən 4-5 milyard ildir. Bu rəqəm təqribi rəqəm olsa belə, yer və göyün heç bir dayağa ehtiyacı olmadan dayaqsız qala bilməsi ilahi bir möcüzədir.      

    Günümüzdə texnikanın yüksək inkişafı sayəsində yeni-yeni binalar inşa olunur. Bu binaların müasir quruluşu və dizaynı insanların maraq və diqqətinə səbəb olur. Amma bu binaları dirəksiz inşa etmək mümkün deyil. Ən diqqət çəkən də odur ki, müəyyən vaxt keçdikdən sonra bu binalar keyfiyyətini itirir və uçur.

 “Göyləri dayaqsız olaraq yüksəldən Allahdır”.(Rəd, 2)

     Allahın kərəmi və nemətləri sonsuzdur. Bu fani dünyada bizə heç bir şey qarşılıqsız verilmədiyi halda, Allah bütün nemətləri bizim istifadəmizə qarşılıqsız verdi.

Yaradıcı olan, həyatımız üzərində hakim olan və bizim boyun əyməli olduğumuz varlıq Allahdır. Həyatımızı Ona borcluyuq və Allahı razı salmaqla mükəlləfik.

Qulları olaraq Ona hörmət edir və inanırıq.

  

 

 


Vüsalə Süleymanova
Bu yazıya 831 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.