İffət və həya


Gülnarə Həşimova
Bu yazıya 901 dəfə baxılıb.

İffət, yemək, içmək və şəhvani arzular xüsusunda diqqətli olmaq, ifrat və heyvani arzuları nəzarət altına alıb dinin və əqlin əmri altına salmaq, fəzilətli bir həyat sürməkdir. Allah-Təala bəndələrinin iffətli bir həyat sürmələrini arzu edir. Belə ki, “İnsanı zillətə salan əsl köləlik, şəhvət köləliyidir”- demişdir.

       Allah-Təala iffət sahibi qullarından belə bəhs edir: “O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar ( zövcələri və cariyələri istisna olmaqla) onlar qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama adlayaraq) həddi aşanlardır”. (əl- Muminun 5-7)

Peyğəmdər (s.ə.s.) insanlara iman və ibadət əsaslarını təlim etdiyi kimi, doğruluq, iffət və qohumları qoruyub saxlamaq kimi əxlaq əsaslarını da izah etmişdir. Belə ki, Bizans hökmdarı Herakl, “Allah Rəsulu insanlara nələri əmr etdi?” soruşduğu zaman,  Əbu Süfyan: “Dürüst və iffətli olmağı, qohumluq əlaqələrini qorumağı əmr etdi”,- söyləmişdir. (Buxârî, Bəd’ül-Vahy 6, Salât 1; Müslim, Cihâd 74)

       İffət insana aid bir xüsusiyyətdir. Digər məxluqlarda iffət xüsusiyyəti mövcud deyil. Onun itirilməsi, insanlıq heysiyyətini hədər etmək və digər məxluqatın səviyyəsinə düşmək deməkdir. İffətin qorunması isə daha çox həya duyğusu ilə təmin edilir. Həya da təməl əxlaqi vəsflərdəndir.

Mömini çirkinliklərdən mühafizə etmə xüsusunda ədəb və həyanın təsiri, yüzlərcə qanun və polis gücündən daha effektlidir. İffət və həya sahibi bir insana: “Utanmırsanmı” demək, onu pisliklərdən uzaqlaşdırmaq üçün kifayətdir.

Allah-Təala iffət və həya xüsusunda zirvəyə çatmış olan iki şəxsi, möminlərə örnək olaraq göstərmiş və onları mədh etmişdir. Bunlar “qissələrin ən gözəli” deyə Yusif surəsində hekayəsi danışılan Yusif (ə.s.) ilə Qurani-Kərimin  34 yerində haqqında fəxrlə bəhs edilən Hz. Məryəmdir. Ayeyi- kərimədə belə buyurulur:

“(Allah mömin qadınlara), həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi”.(Təhrim 12; Enbiya 91)

       Yusif (ə.s.) gənc və gözəl bir qadın onu iffətsizliyə dəvət etdiyində: “Mən sənin bu hərəkətindən Allaha sığınıram ”- deyərək sürətlə oradan uzaqlaşmışdır. İffətsizliyə düşmək ilə zindan arasında seçim etmək məcburiyyətində qaldıqda isə heç tərəddüd etmədən:

Zindan mənim üçün, bunların dəvət etdiyi şeydən daha sevimlidirdeyib, Allaha sığınmış, Allah da onun iffətini qorumuşdur. (Yusif, 23-25, 33-34)

Kişilərlə qadınlar arasında həya, iffət, ədəb və nəzakətin hakim olması çox mühüm məsələdir. Kişi ilə qadının qeyri- qanuni əlaqəsi daha çox, “baxış” la başlayır. Bu səbəblə müsəlman kişi və qadınların bir- birlərinə şəhvani nəzərlərlə baxmamaları, təsəttürə riayət etmələri əmr edilmişdir.

 (Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar) ayıb (yerlərini zinadan) qorusunlar. (və ya örtülü saxlasınlar). Bu onlar üçün  (ədəb ərkan təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!

Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını  vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! ( ən-Nur, 30-31)

Hz. Aişənin (r.a) bildirdiyinə görə bu ayəyi-kərimə nazil olduqda xanım səhabələr, evlərinə getməyi belə gözləmədən dərhal olduqları yerdə paltarlarının artıq hissələrini kəsərək başlarını və yaxalarını əmr olunana uyğun örtmüşdülər. (Buxari, Təfsir, 24-12; Əbu davud, libas, 31-33/4102)

Harama baxmaq qadağa edilməklə bərabər, insanların diqqətini cəlb edəcək şəkildə ətir vurmaq və təhrikedici hərəkətlər etmək də qadağandır.

Rəsulullah (s.ə.s.) buyurmuşdur: Heç bir kölgənin olmadığı, sıxıntılı qiyamət günündə Allahın ərşinin kölgəsi altında sərinlədib nemətlər ehsan edəcəyi yeddi zümrə insanlardan biri:  Rəbbinə  bəndəlik edərək təmiz bir həyat içində böyüyüb, boya- başa çatan gənc, digəri də gözəl və imkanlı bir qadının bir yerdə olmaq istəyini, “mən Allahdan qorxuram”, deyərək rədd edən kimsədir. (Buxari, Əzan, 36; Müslim, Zəkat,91)

Bu hədisi-şəriflər, iffət və namusun Allah- Təalanın nəzərində nə qədər qiymətli olduğunu bildirməkdədir. Xülasə, nəfsin arzu və meylləri qarşısında ən sağlam qalan iffət və həyadır. Bu vəsflər olmadıqda insanı müəyyən bir səviyyədə saxlamaq mümkün deyildir. Rəsulullah (s.ə.s.) bu təcrübəni belə xülasə edir: İlk peyğəmbərlərdən bəri insanların yaddaşına həkk olunmuş bir söz vardır: “Utanmırsansa, həya etmirsənsə istədiyini et”.(Buxari, Ənbiya,54 ədəb,78)

 


Gülnarə Həşimova
Bu yazıya 901 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.